Norveç, İsveç, Finlandiya, Danimarka, İsveçrə «Avroviziya»dan imtina edə bilər!

 Rəsul Cəfərov: «BBC-nin tam hüququdur ki, müsabiqəni yayımlamaqdan imtina etsin və böyük ehtimalla hakimiyyət bu cür siyasəti aparmaqda davam edəcəksə, imtina da edəcək»

 Rövşən Hacıbəyli: «Təşkilat Komitəsini məhkəməyə verəcəyik!»

 Şahvələd Çobanoğlu: «Azərbaycan hakimiyyəti özü-özünü biabır edir ki, son 20 ildə torpaqlarını azad edə bilməyib»

 

Bir sıra dövlətlər Azərbaycana gəlməkdən imtina edə bilər

 Rəsul Cəfərov:

–         «İstəsək də, istəməsək də «Avroviziya» yarışması keçiriləcək» məsələsinə fikir bildirmək istəyirəm. BBC həm də Avropa Yayım şurasının üzvüdür. Bu Şuranın üzvü olan dövlətlərin hamısı «Auvroviziya» yarışmasında iştirak edirlər. İTV ora üzv olandan sonra Azərbaycan bu müsabiqədə iştirak etmək hüququ qazandı. BBC-nin tam hüququdur ki, müsabiqəni yayımlamaqdan imtina etsin və böyük ehtimalla hakimiyyət bu cür siyasəti aparmaqda davam edəcəksə, imtina da edəcək. Məsələn, bu günlərdə rəsmi şəkildə bəyanat verildi ki, hakimiyyət viza rejimini sadələşdirmək niyyətində deyil, eyni zamanda siyasi məhbuslarla bağlı Səməd Seyidov bir neçə dəfə mətbuata açıqlama verib ki, biz Ştrasseri qəbul etmirik, çünki bizdə siyasi məhbus yoxdur; mülkiyyət hüquqlarının pozulması məsələsini də birmənalı olaraq qəbul etmirlər, çünki bu gün də insanların evlərini sökməkdə davam edirlər;

 

İTV azad və müstəqil olan heç bir kəsə öz qapısını açmır

 

İTV azad və müstəqil olan heç bir kəsə öz qapısını açmır, biz debatların sayının artırılmasını istəmişdik, bu problemlərin müzakirə olunması üçün efir vaxtının ayrılmasını istəmişdik, ona da məhəl qoyulmur. Bütün bu səbəblər bir araya gələndə nəticə etibarilə müsabiqənin yayımlanmasından imtina edilə bilər. Məhz Azərbaycanla bağlı, məhz Avropa Yayım Birliyi ilə bağlı bir presedent də var. 2009-cu ildə Bakıda Avropa Yayım Birliyinin 64-cü Assambleyası keçirildi və BBC onu yayımlamaqdan imtina etdi. Onlar 2009-cu ilin yanvar ayından başlayaraq Azərbaycanda BBC-nin FM dalğasnda yayımlanmasına qadağa qoyulmasına etiraz əlaməti olaraq rəsmən Assambleyaya qatılmaqdan imtina elədi.

 

Norveç, İsveç, Finlandiya, Danimarka, Mərkəzi Avropa ölkələri, İsveçrə «Avroviziya»dan imtina edə bilərlər!

 

Bizdə olan məlumatlara görə, Skandinaviya ölkələrində hüquq-müdafiə təşkilatları – hansı ki, bizimlə birbaşa əlaqədədirlər və tərəfdaşdırlar – tələblərimiz yerinə yetirilmədiyi təqdirdə belə bir kampaniyaya başlaya bilərlər ki, Norveç, İsveç, Finlandiya, Danimarka, o cümlədən  Mərkəzi Avropa ölkələri, İsveçrə Azərbaycana nümayəndə göndərməkdən imtina etsinlər. Belə ehtimal çox böyükdür. Məsələn, Avropa Yayım Birliyi viza şərtlərini birmənalı şəkildə ortaya qoyublar. Onlar siyasi məhbus məsələsini bəlkə də haradasa müzakirə edə bilərlər, amma viza rejimindən birmənalı imtina, nəticədə Avropa Yayım Birliyinin özünün də sərt mövqe nümayiş etdirməsinə gətirib çıxaracaq. Belə bir sərt mövqeyi onlar bir dəfə də Azərbaycana göstəriblər. Yadınızdadırsa, Azərbaycandan Ermənistana 6-7 nəfər səs göndərmişdi və həmin adamlara görə Yayım Birliyi Azərbaycanı, müvafiq qaydalara riayət etmədiyi üçün İTV-ni kifayət qədər böyük məbləğdə cərimələmişdi.

 

İnanıram ki, bu cür davam etsə, müsabiqə keçirilməyəcək!..

 

– Həmin 6-7 səsə görə MTN də iş qaldırmışdı

 

Rəsul Cəfərov:

Yəni bu hadisə də məhz həmin müsabiqəyə görə qaldırılmışdı. O baxımdan belə bir addımın atılması realdır.                         Biz indi hakimiyyətin diqqətinə çatdırmaq istəyirik ki, onlar yenidən belə bir problemlə üzləşə bilərlər. Qadağalarla, sanksiyalarla üzləşə bilərlər və hesab edirəm ki, əgər bu cür davam edəcəksə, müsabiqənin çox böyük ehtimalla keçirilməyəcəyi mümkündür. Mən buna inanıram.

– Belə bir nümunə varmı ki, ölkə antidemokratik olduğu üçün ora getməkdən kimsə imtina etsin?

 

Rəsul Cəfərov:

İndiyədək «Avroviziya»nın keçirildiyi ölkələrin heç birində Azərbaycan qədər insan hüquq və azadlıqlarının tapdanmasına rast gəlinməyib. O baxımdan, əgər belə bir addım atılacaqsa, o zaman bu ilk olacaq.

 

Azərbaycan çox kiçik ölkədir

 

Rövşən Hacıbəyli:

Rusiya ilə bağlı belə bir kampaniyanın keçirilməsinə təşəbbüs edilmişdi, ancaq bu, uğurlu alınmadı. Açıq danışmaq istəyirəm. Rusiyanın yerli ictimaiyyəti, yerli QHT-ləri bu məsələdə ciddi şəkildə yubandılar. Rusiya 2009-cu ildə Dima Bilanın timsalında «Avroviziya»da birinciliyi alandan sonra yerli təşkilatdan daha çox xaricdə fəaliyyət göstərən QHT-lər bu kampaniyaya başladılar. Amma bir məqama diqqət yetirmənizi istərdim. Azərbaycan Rusiya ilə bir deyil. Azərbaycan kiçik ölkədir və burada istənilən məsələ, ictimai hadisə, hər hansı bir aksiya böyük rezonans doğura bilir. Rusiyada isə belə bir rezonansn yaranması üçün sözün əsl mənasında böyük bir kampaniyanın başlanmasına ehtiyac var. Çox təəssüf ki, Rusiyada ictimai təşkilatlar, heç də Azərbaycanda olduğu kimi bu cür məsələlərə həssas yanaşmırlar, onların özləri də bunu etiraf edirlər ki, onlar kampaniyanı çox gec başladılar. Biz isə təkcə sentyabr ayında kifayət qədər çox iş görməyə nail olmuşuq. Bizim «Avroviziya» müsabiqəsinin Təşkilat Komitəsinin menecerlərinə  görüşməklə bağlı müraciətimiz oldu. Onların bizə çatdırdığı xəbərdarlıq o oldu ki, onlar siyasi məsələlərə qarışmırlar və işləri də sırf qeyri-siyasi işlərlə bağlıdır. Biz buna çox normal yanaşdıq, əslində o cür də açıqlama olmalı idi.

 

Təşkilat Komitəsini məhkəməyə verəcəyik!

 

Sizi Mehriban Əliyevanın şəxsən qəbul edəcəyini gözləyirsinizmi?

Rövşən Hacıbəyli:

İndiyədək etdiyimiz müraciətə cavab verilməyib. Bundan əlavə, biz təxminən bir aydır ki, viza məsələləri ilə bağlı müraciət etmişik. Avroviziya kontekstində… Ondan da bir xəbər yoxdur. Çox güman ki, bu məsələ ilə bağlı biz məhkəmə iddiası qaldıracağıq. Çünki onun da cavab vermə müddətindən keçir.

 

Şahvələd Çobanoğlu:

Çox təəssüf ki, Azərbaycan hakimiyyətinin mövqeyində hələlik heç bir dəyişiklik yoxdur. Bizim təklif etdiyimiz maddələrlə bağlı da təəssüflər olsun ki, heç bir xoş niyyət hiss olunmur. Görürsünüzmü, siyasi məhbusların sayı artır, mülklərin sökülməsində daha geniş addımlar atılır…

 

Hakimiyyət özüözünü biabır edir

 

Rövşən Hacıbəyli:

Təsəvvür edin ki, əgər «Avroviziya» ləğv edilsə, bütün bunların hamısı bizim üstümüzdə qalacaq (Gülürlər)…

 

Şahvələd Çobanoğlu:

Hakimiyyətin özü də müxtəlif kampaniyalara başlayıb. Elə hadisələr baş verir ki, bunun hakimiyyətin razılığı olmadan, özfəaliyyət şəklində həyata keçirildiyinə inanmaq olmur.  Məsələn, başlanılan kampaniyalardan biri «Azad musiqi torpaqları azad olmayan ölkədə» adlanır. Ancaq əslinə qalsa, bu kampaniya hakimiyyətə işləməyəcək, əksinə, onu biabır edən bir kampaniya olacaq. Azərbaycan hakimiyyəti özü-özünü biabır edir ki, son 20 ildə torpaqlarını azad edə bilməyib.

Heç belə bir kampaniyaya ciddi yanaşılması da mümkün deyil

 

Şahvələd Çobanoğlu:

Əlbəttə, mən özüm də buna ciddi yanaşmıram. Lakin görünür, hakimiyyət bu cür kampaniyaların keçirilməsinə ehtiyac duyur. Əslində, belə kampaniyaların keçirilməsinə imkan yaratmaqla hakimiyyət öz niyyətini ortaya qoyur.  Torpaqların azad edilməsi bu hakimiyyətin birbaşa vəzifəsidir. Azərbaycan ötən illər ərzində o qədər güclü və demokratik ölkə olmalı idi ki, bu gün torpaqları işğal altında qalmasın; Azərbaycanın iqtisadiyyatı, ordusu, diplomatiyası, xarici, daxili siyasəti o dərəcədə güclü olmalı idi ki, bu gün biz özümüzü məğlub deyil, sərhədləri toxunulmaz olan bir ölkə kimi təqdim edə biləydik. Azərbaycanın məğlub ölkə olduğunu bu hakimiyyət kimə göstərmək istəyir, o ümumiyyətlə, bu yolla kimdən və nə istəyir? Özünün görə biləcəyi işlərə görə niyə kimlərdənsə dəstək umur? Bizim istəyimiz Azərbaycanın məhz demokratiyanın, insan hüquq və azadlıqlarının hesabına, iqtisadiyyatı ilə güclənən, qüdrətli topluma sahib və hakimiyyətilə xalq arasında üzvü əlaqəsi olan ölkəyə çevrilməsidir. Belə ölkələrə heç bir kənar güc qalib gələ bilmir; Nə Rusiya, nə İran, nə də başqa kənar qüvvələr ona təsir göstərə bilməz! Dövlət, hakimiyyət özündə olan kifayət qədər güclə dirəniş göstərir, torpaqlarına edilən təcavüzün qarşısını özü rahatlıqla və asanlıqla alır. Bütün güclü dövlətlərin arxasında demokratik dəyərlər dayanır. Onun niyyəti də başa düşülür. Bu gün Avropanın özündə də suallar yaranır. Qarabağ erməniləri bu gün də Azərbaycan vətəndaşı hesab olunurlar. Tək onların deyil, Azərbaycanda azərbaycanlıların da haqları pozulur. Biz elə bir şərait yarada bilərik ki, ermənilərin özləri çox böyük həvəslə məhz Azərbaycanda yaşamaq istəsinlər. Bu gün Qarabağ məsələsinin həllinin ən düzgün yolu da məhz bundan keçir.

 

Güclü iqtisadiyyat qətiyyən təbii sərvətlərlə ölçülmür

 

Rövşən Hacıbəyli:

Ermənilərin bu gün bəlli bir hissəsi hətta Qarabağdan, Ermənistanın özündən Türkiyədə – özlərinə düşmən hesab etdikləri bir ölkədə yaşayırlar, ora çörək, iş dalınca gedirlər. Belə olduğu təqdirdə, onlar nədən Azərbaycanda yaşamaq istəməsinlər ki? Azərbaycan onlara onsuz da ən yüksək statusa malik muxtariyyət təklif edib. Sadəcə, bu ölkəni dəyişmək lazımdır. Demokratik dəyərlərə geniş imkanlar açılmalıdır, insan hüquq və azadlıqları müdafiə olunmalıdır; insan bu dövlətin ən böyük sərvəti olmalıdır, iqtisadiyyatını güclü resurslar hesabına inkişaf etdirməlidir. Çox təəssüf, Azərbaycanda belə bir əhval-ruhiyyə yaradılıb ki, Azərbaycan xalqı heç nəyə qadir deyil. Sadəcə, siyasi sistem imkan vermir ki, Azərbaycanın insan potensialı açılsın və özlərini göstərə bilsinlər ki, onlar necə gözəl iş adamıdırlar, necə bacarıqlı və qabiliyyətlidirlər! Niyə Azərbaycandan gedən insanlar xaricdə yüksək statuslu ali məktəblərdə dərs deyə bilirlər, ancaq burada onlara qiymət verilmir? Onlar düşdükləri çox çətin şəraitdə belə iqtisadi uğur qazana bilirlər, amma bütün bu potensiallarını Azərbaycanda göstərə bilmirlər? Ümumiyyətlə, tarix də göstərdi ki, heç bir potensialı olmayan ölkələr, məsələn, İsveçrə güclü iqtisadiyyata yalnız azadlıqların hesabına nail olub, təbii sərvətlərinin hesabına yox. Dünyada nefti olan o qədər nümunə ölkələr var ki, orada bu inkişafların heç biri yoxdur.

 

Yarışmaya qayıdaq. Texniki cəhətdən Azərbaycan hakimiyyəti bu yarışmanı keçirməyə hazırdırmı? Bu müsabiqə üçün külli miqdarda pullar sərf olunur. İspaniyadan gəmilər vasitəsilə ən yüksək texniki avadanlıqlar gətirilir. Bütün bunlara nəzarət mexanizmi nə cür olacaq?

 

«Avroviziya» milyonlar silmək üçün istifadə olunacaq!..

 

Davamı gələn saylarımızda

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button