Nostalji

Bu günlərdə “Facebook”da bir dostumu tapdım. Çoxdan getmişdi, xəbər-ətər yox idi. Nə isə, tapdım, tez dostluq göndərdim. Başladıq, oğlum demişkən, “çat”laşmağa. Xoş-beşdən, nə var-nə yoxdan sonra, keçdik ürəyimizi boşaltmağa. Dedim:

– Qaqa, deyəsən, kefdəsən! Kafe açmısan, oğul-uşaq böyüyüb, müavinətin yerində, azad, demokratik bir ölkədə yaşayırsan… Daha nə dərdin?! Əsas odur ki, qanunları pozma, özünçün, balaların üçün yaşa!

Daha nə deyə bilərdim? İnsan cənnətə düşüb. Mən də ondan, yaşadığı yerlərin tərifini, özünün xöşbəxtliyi haqda sözlər gözlədiyim halda söz qafiləsi açıldı. Sən demə, ürəyi dolu imiş. Dedi:

– Sizə nə var, orada oturmusunuz, hərəkət içindəsiniz. Bizim dərdimizdən heç xəbəriniz yoxdur. Elə bilirsiniz, biz xöşbəxtik. Yox, əsla! Qardaş, darıxıram. Bizim polis üçün, “QAİ”-lər üçün, nə bilim, “JEK” müdirləri üçün. Daha nə deyim, hamısı üçün darıxmışam. Axı, bu nə həyatdır? Nazir mənimlə oturub avtobusda işə gəlir. Restoranda, kafedə, dükanda, bazarda aldatmırlar. A kişi, beş ildir gözümün kökü saralıb ki, Vergidən gəlib desinlər “salaməleykim”. Yoxdular. Belə ölkə olar? Kimə nə deyirsən, hırıldayır üzünə, sonra “baş üstə” deyib gedir, həll eləyir! Olmaz belə. Udey polisi. Zırpı-zırpı polislərdir, yığışırıq, nə bilim mitinq, piket eləyirik, “gözün üstə qaşın var” demirlər. A kişi, polis bizi qoruyur. Lap gülməlidir. Arvadı demirsən? Tamam xəstələnib. Nə qədər həkim, dava-dərman, xeyri yoxdur. Əlimi hər şeydən üzmüşdüm. Dedim, arvad əldən getdi. Allah atasına rəhmət eləsin, bir iqdirli dostum var, ona danışdım məsələni. Məni diqqətlə dinlədi, dedi, “arvadının dərmanı məndə. Amma bir şərtlə, qıraqda dayan, qarışma!” Getdi öz xanımını və uşağını gətirdi bizim qapıya. Uşaq daş atdı, pəncərəni sındırdı. Bizim xəstə arvad çıxdı, nə çıxdı! Heç elə bil, səhər ölən bu deyildi. Nə başını nə ağrıdım. O dava ilə arvad sağaldı. Sən demə, onda da nostalji var imiş. Arvad neçə ildə bir adam tapıb dava edə bilməyib. İndi sap sağlamdır.

Qardaş, bura yaşayası yer deyil. Burda  polis nazirini şəhər içində bərk sürdürdüyünə görə cərimələyirlər. Mən bunu eşidəndə iki gün xəstə yatdım. Bunların başı xarabdır, deyirlər, qanun hamı üçün eynidir. Nazir gəlir mənim kafemdə sıraya durub nahar eləyir. Bu yaşayış olmadı ki! Polis səni “dubinka”lamadı, Vergi gəlib-gedmədi, məmurlar səni qapıdan qovmadı, day, bunun nəyi cənnət oldu? Bura cəhənnəmdir. Qardaş, heç buranın müəllimləri ilə həkimlərindən sənə danışmadım. İnan, təzə gələndə həkimə getməyə qorxurdum. Niyə? A kişi, bir həkim ki pul almaya, o, nə müalicə edəcək? Sən guya bilmirsən?

Müəllimləri heç görə bilmirəm. Uşaqları avtobus səhər aparır, axşam gətirir. Bir-iki dəfə uşağa pul verdim ki, aparsın, – axı, fond pulu var, süpürgə, lampa, nə bilim, daha nə pulları var! Sağ olsun, hökumət pul verir, biz də onlara verək, qoy, dolansınlar. Uşaq üzümə elə tərs baxdı ki, özümü itirdim. İndi de, bura nədir?

A kişi, nə pul alan var, nə səni söyən var, nə də ölkədən qovan. Həyat yoxdur! Darıxıram! İnanırsan, kürəyimin qabırğaları gizildəyir qurban olduğum polisimizin “dubunka”sı üçün. Hər əlimi cibimə salanda yadıma siyahılı vergi müfəttişləri düşür… Yuxum ərşə çəkilib… Bu, nə həyatdır yaşayıram?!

Başa düşdüm ki, dostum orada hönkür-hönkür ağlayır. İndi mən də fikirləşirəm, görəsən, dəyərmi cənnət sayılan “xariclər”ə getməyə? Yoxsa, yüksək yaşayış səviyyəsi, nə bilim, oralarda insanların xoşbaxt yaşamaları haqda yazılanlar, bizim Mətbuat Şurasının əzizlərinin yer aldığı siyahıları kimi, fıştırınqozdur?

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button