Növbəti addımda dizel bahalaşacaq

  “Bu gündən ölkədə Premium (Ai-95) markalı benzinin qiyməti 1,25 manatdan 1.50 manatadək, yəni 17 faiz artıb. Super Premium (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 manat təşkil edib-yəni, 7 faiz. Hər iki marka üzrə ortalama olaraq 12 faizlik artımdan söhbət gedir”.

Bunu iqtisadçı ekspert Məhəmməd Talıblı öz facebook səhifəsində ötən gün yanacağın qiymətinin  bahalaşmasını şərh edərkən yazıb:

“Məlumat üçün bildirim ki, hər iki benzin markası ölkəmizdə istehsal olunmur, idxal hesabına təmin olunur. Yəqin ki, deyəcəklər, bu markanı biz istehsal etmirik ki, qiymətləri artıraq? İdxal qiyməti artırsa, qiymət artımı da qaçılmaz olur. Qonşu Gürcüstanda bu markalı benzinin qiyməti 1, 82 ANZ-dir, Türkiyədə 1,94 AZN və s. Əgər bu markalı benzinləri Avropa ölkələrindən idxal edən şirkətlərin sayı və kimliyi məqsədyönlü formada müəyyənləşdiriblərsə, o zaman söhbət inhisar qiymətlərinin diktə olunmasından getməlidir. Əgər bu idxalı həyata keçirən şirkətlər arasında rəqabət olarsa, bu zaman qiymət artımı olmaya da bilərdi. Çünki, “Premium” markalı idxal mallarının qiymətlərini Tarif Şurası yox, bazar müəyyənləşdirir. Bazarda isə həmin məhsulların məhdud idxalçısı varsa, o zaman qiymət də tələb-təklif əsasında yox, inhisar qiymətləri əsasında formalaşacaq. Bunun da adı idxal inhisarçılığıdır. İnhisarçılığı ya istehsal, yaxud idxal üzərində et, yenə fərq etməyəcək. İstənilən məhsulun dəyər zəncirində kənaraçıxma varsa, bu qiymətə təsirsiz ötüşməyəcək.

Bildiyimiz kimi, hər iki yüksək oktanlı benzini böyük mühərrik gücü olan avtomobillər istifadə edir. Neft pullarının ölkəyə sürətlə daxil olduğu müddətdə isə bu tip avtomobillər kütləvi olaraq ölkəyə idxal olundu. Ortalama olaraq ildə 100 min ədəd idxal olunan avtomobillər sırasında mühərrik gücü böyük olan avtomobillər azlıq təşkil etmirdi. Demək, bu qiymət artımı eyni zamanda yaxın müddətdə bu tip avtomobillərin qiymətlərinə təsirsiz ötüşməyəcək.

Sadə vətəndaşlar düşünə bilərlər ki, bu qiymət artımı bizdən yan keçdi. Çünki, ölkədə ölkədə əksər avtomobil istifadəçiləri A-92 markalı benzindən istifadə edir. Keçmiş təcrübələrədn çıxış edərək düşünmək olar ki, böyük ehtimalla premium markalı benzinin qiyməti artımı növbəti aylarda A-92 markalı benzinin qiymət artımı üçün əsas yaradır, vətəndaşları psixoloji baxımdan bu qiymət artımına hazırlanır. Bu təminatın isə olub-olmaması heç kimə bəlli deyil”.

REAL-ın icra katibi, iqtisadçı Natiq Cəfərli isə sosial şəbəkədə fikrini belə açıqlayıb:

“Formal olaraq Tarif Şurası Premium benzinin qiymətini müəyyən etmir, güya, bazar qanunları ilə qiymət tənzimlənir. Əslində isə nə bazar var, nə qanun, Premium markalı benzini ölkəyə tək SOCAR-ın törəmə şirkətləri gətirir, qiyməti də onlar müəyyən edir. Yəni, rəqabət, bazarda başqa oyunçu yoxdur – sırf inhisarçı qiymət diktəsi var. Əslində qanunlara görə bazarın 30%-dən çoxuna nəzarət edən şirkətlərə qarşı anti-inhusar qaydaları işləməlidir, amma bizdə qanunlar qüvvəyə minmir, bəzi qüvvələr qanunları minir.
150 ilə yaxın neft tarixi olan ölkədə bir dənə normal neftayırma zavadu tikmədilər ki, Avro-standartlara cavab verən benzin istehsal olunsun. Allahın verdiyi nefti ingilis çıxardır, satır, pulunu verir hökumətə, onlar da elə bilirlər ki, ölkə zad idarə edirlər, iqtisadiyyat zad qurublar. Bir barel nefti indi 73 dollara satırlar, bunun da 15 dollara yaxını maya dəyəri və daşınma xərcidir, yerdə qalır 58 dollar, bunun da 75%-i Azərbaycana çatır, bu da edir 43-44 dollar. Sonra da həmin 1 barel neftdən Avropa 102 litr Premium benzindüzəldir, litrini 1 manat 30 qəpiyə, yəni, 77 sentə satır SOCAR-a, onlar da bu gündən həmin benzini 1 manat 50 qəpiyə satacaq camaata – yəni, bir barel xam nefti Avropaya 44 dollara satırıq, Avropa bundan 102 litr benzindüzəldib 78,5 dollara bizə geri verir, hələ 1 barel neftdən benzindən əlavə 4 litr keyfiyyətli motor yağı, 180 şam da əldə edib onu da ayrıca satır.
Bax belə hökumətimiz var – mənasız, məzmunsuz Oyunlara milyardlar xərcləyir, amma normal keyfiyyətli benzin istehsal edən zavod tikə bilmir. Belə….

P.S. Növbəti addımda dizel bahalaşacaq. Bir daha deyim ki, ölkənin borcu artıb deyə kommunal xərclər və Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər ilbəil artacaq…”

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button