Növbə Ağalarova çatdı?

Rusiyada Hesabalama Palatası “Avtodor” dövlət konserni və azərbaycanlı milyarder Araz Ağalarovun “Crocus İnternational” şirkətinin öz öhdəliklərini yarıtmaz yerinə yetirməsi ucbatından Mərkəzi dairəvi avtomobil yolunun smeta dəyərinin 15 milyard rubla qədər artdığını, yolun təhvil verilməsi üçün son müddətin isə uzanaraq 2019-cu ilə keçdiyini bildirir.

Virtualaz.org Life.ru-ya istinadən xəbər verir ki, Ağalarovun şirkətinə qarşı irəli sürülmüş bu iradlar barədə Hesablama Palatasının kollegiya iclasında açıqlanıb. Auditor Valeri Boqomolov bildirib ki, həmin yol infrastrukturu layihəsində iştirak edən dövlət şirkətlərinin və fərdi investorların 2016-2017-ci illər üçün fəaliyyətini araşdırıb. Məlum olub ki, baş podratçı “Crocus İnternational” üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, nəticədə layihənin dəyəri artıb.

Hesablama Palatası auditin nəticələrini müzakirə edərək belə qənaətə gəlib ki, yol tikintisi layihəsi yarıtmaz həyata keçirilir. Nəticədə yolun tikintisinin büdcəsi 13.5 milyard rubla qədər artıb. O cümlədən federal büdcədən 1.9 milyard dollar ayırılıb.

Palata auditin nəticələrini Baş prokurorluğa, İqtisadi İnkişaf Nazirliyinə və Nəqliyyat Nazirliyinə göndərib. Xahiş edib ki, Araz Ağalarovun şirkətinin Mərkəzi dairəvi avtomobil yolunun tikintisindəki fəaliyyətini araşdırıb hüquqi qiymət versin.

Auditorlar müəyyən ediblər ki, “Avtodor” dövlət konserni uzunmüddətli investisiya razılaşmasının şərtlərini pozaraq Ağalarovun şirkətinə işlərin 30 faizinin görülməsi üçün 12.6 milyard rubl ödəməli olduğu halda “əliaçıq” davranıb və 14.6 milyard rubl ödəyib. Bu da müəyyən olunmuş 5 faizlik limiti keçir.

“Pullar işlərin 35 faizinin yerinə yetirilməsi üçün ödənilib, amma cəmi 23.4 faiz iş görülüb”-Hesablama Palatasındakı mənbə deyib. Habelə Ağalarovun şirkətinin çəkdiyi yolun texniki hazırlıq səviyyəsi 15 faizə güclə çatır. Boqomolovun müfəttişləri müəyyən ediblər ki, 2017-ci ildə tikintidə 1100 fəhlə və 630 maşın-mexanizm işləməli olduğu halda tikinti meydançasında cəmi 50 işçi və 30-a yaxın texnika görünüb. Habelə tikinti işləri keyfiyyətsiz görülüb, standartlara cavab vermir.

“Avtodor” konserninin rəhbəri Sergey Kelbax Hesablama Palatasının iclasında özünü müdafiə etməyə çalışaraq deyib ki, Crocus İnternational” bütün nöqsanları aradan qaldırmağa söz verib.

Ağalarovun şirkətindən isə Hesablama Palatasında deyilənləri şərh etmirlər. Mərkəzi dairəvi avtomobil yolunun ümumi uzunluğu 530 kilometrdir. Layihənin ümumi dəyəri 300 milyard rubldan yuxarıdır.

Qeyd edək ki, Ağalarovun şirkətinə qarşı bu cür ittiham ilk dəfədir irəli sürülür və bu, Rusiyada dağıstanlı oliqarx-milyarder, “Summa” şirkətlər qrupunun sahibi Ziya Maqomedovun, qardaşı Maqomed Maqomedovun və şirkətin digər vəzifəli şəxslərinin həbsindən az sonra baş verir. Ziya Maqomedov baş nazir Dmitri Medvedyevə bağlı oliqarxdır. Maraqlıdır ki, Ağalarovun da Medvedyevlə yaxın münasibətləri var və onun şirkəti məhz Medvedyevin prezidentliyi dövründə iri dövlət sifarişləri almağa başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button