Novruzəli Məmmədova MTN-də hansı işgəncələr verilib?

novruzəli məmmədov

«Novruzəli Məmmədovun iki barmağını qapı arasına qoyub sındırmışdılar; eynəyini parçalayıb «kars»a salmışdılar…»

Eldar Mahmudov bir ailəni darmadağın edib; yaxınları ölümündən sonra da olsa, alimə bəraət verilməsini istəyir.

Astara rayonu, Ərçivan qəsəbə sakini, 1-ci qrup hərbi əlil atası və əmək veteranı Məhərrəməli Məmmədov dövlət strukturlarına ünvanladığı müraciətin surətini “Azadlıq”a da göndərib. O, məktubunda yazır:

“Mən 80 yaşlı müəllim kimi, ölkənin bütün namuslu adamlarına müraciət edirəm. Müraciətim Milli Elmlər Akademiyasının şöbə müdiri, roman və german dillərinin aparıcı mütəxəssisi, 40 ildən artıq Elmlər Akademiyasında işləmiş Novruzəli Məmmədov haqqındadır. Novruzəli Məmmədov və onun iki subay oğlunun faciəli şəkildə öldürülməsi keçmiş MTN rəhbəri Eldar Mahmudovun məkrli siyasəti nəticəsində olub. Novruzəli Məmmədovun evində köhnə maşın, 6 ədəd stul və bir qaz sobası olub. Onu 2007-ci il fevralın 7-də işdən sonra iki naməlum şəxs MTN-nin binasına aparıb. Qəti şəkildə tapşırılıb ki, bu barədə harasa şikayət etsə, onu pis vəziyyətə qoyacaqlar. Nəhayət, fevralın 17-də məlum oldu ki, Novruzəli Məmmədov Çovdarovun həbsxanasındadır və ona işgəncələr verilir. Kiçik oğlu Emil Məmmədov atasının harayına çıxır və MTN işçiləri onu möhkəm döyərək maşının yük yerinə qoyub, naməlum istiqamətə aparırlar. Məlum olur ki, həmin ərazi ”Volçivarot”, yəni “Qurd qapısı” deyilən ərazi imiş. Emil özünə gələrək evə qayıdır və baş verənləri anasına danışır. Anası müəyyən qurumlara zəng edir, jurnalistlər Emilin şəklini çəksələr də, heç bir nəticə olmur. Bir neçə gün sonra böyük oğlu Kamran Məmmədov atasının yanına gedəndə onu orada möhkəm döyərək evə göndərirlər. Kamran anasına şikayət edir ki, onu MTN işçiləri döyüb. İki-üç saat sonra Kamran dünyasını dəyişir. Novruzəlinin evində, iş otağında axtarışlar aparılır. İş otağında kassanın içində 10.000 manata qədər pul tapırlar. Həmin pulu Novruzəli Məmmədov orada saxlayırdı ki, 7 dildə – talış, Azərbaycan, rus, fars, latın, alman, türk dilində yeni lüğət nəşr etdirsin.

Verdiyim şikayətlərə əsasən, məni MTN-nin müstəntiqi Novruz Kərimov dindirdi və Novruzəli Məmmədovu buraxacaqlarını dedi. O, xüsusi öyrədilmiş həmkəndlim Elman Quliyevi çağırıb, 5 saat ərzində mənimlə sorğu-sual apardı. Həmin sorğu-sualların yalan və uydurma olduğunu sübut etdim.

Qardaşıma fiziki cəzalar verilirdi, sağ əlinin iki barmağını qapı arasına qoyub sındırmışdılar. Eynəyini də parçalayıb onu “kars”a salmışdılar. Orada olduğu müddətdə Novruzəli Məmmədov 5 dəfə “kars”a salındı, döyüldü, işgəncəyə məruz qaldı. Qardaşımdan külli miqdarda rüşvət tələb edən müstəntiq az sonra mötəbər bir vəzifəyə getdi – hakim oldu. Görünür, bu vəzifə həm də Novruzəliyə verilən işgəncələrin “mükafatı” idi.

Eldar Mahmudov qardaşımın ailəsini, onun həyat yoldaşı Məryəm xanımı xarici ölkələrdə sığınacaq almağa məcbur etdi. Novruzəli Məmmədovun heç bir bankda, dövlətdə mal-mülkü yox idi.

Mən qardaşıma CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə verilən ittihama xitam verilməsini tələb edirəm. Bütün tayfamızın adından ölkənin tanınmış alimlərindən Novruzəli Məmmədovun ölümündən sonra bəraət qazanması üçün səsimizə səs vermələrini xahiş edirəm. Novruzəli müəllimi sevən yaxınları, övladları bu günü səbirsizliklə gözləyirlər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button