Novxanıda Rəsulzadənin doğum günü qeyd olundu

Bu gün, yanvarın 31-də Müsavat Partiyası və Milli Şuraya daxil olan partiyaların üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki heykəli önündə mitinq keçiriblər.

Müsavat Partiyasının saat 12:00-dan başlayan və bir saat davam edən mitinqində aksiya iştirakçıları əllərində M.Ə.Rəsulzadəyə məxsus «İnsanlara hürriyyət, millətlərə müstəqillik» sözlərinin yazıldığı iri plakat tutublar.

Mitinqdə çıxış edən Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı deyib ki, hakimiyyət Rəsulzadə ilə mübarizə aparır: «Bilirlər ki, Rəsulzadə yolu ilə gedənlərə məğlub olacaqlar».

Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı danışanda isə elektrik kəsilib. Bundan sonra heykəlin önündə «istefa» şüarı səslənib. Daha sonra elektrik bərpa olunub.

Müsavat Partiyasının keçmiş sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki, Azərbaycanın xoşbəxtliyi M.Ə.Rəsulzadə yolu ilə bağlıdır.

Onun dediyinə görə, hələ Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Bakıda M.Ə.Rəsulzadəyə heykəl ucaltmaq haqqında tapşırıq verilib, Ömər Eldarov heykəli hazırlayıb. İ.Qəmbər əlavə edib ki, 1994-cü ildə Ö.Eldarovun emalatxanasında M.Ə.Rəsulzadənin çox gözəl heykəlini görüb. «Rəsulzadənin həmin emalatxanada girov qalan heykəlinə azadlıq tələb edirik», – deyə o vurğulayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə M.Ə.Rəsulzadəni «Azərbaycan tarixinin ən böyük şəxsiyyəti» adlandırıb. ​«Bu dövlət hər kəsə bərabər imkanlar yaratmışdı», – deyə o qeyd edib. A.Hacılı çıxışının sonunda da vurğulayıb ki, Rəsulzadə ideyaları qalib gələcək.

Saat 13:00-da isə M.Ə.Rəsulzadənin Novxanı kəndindəki heykəlinin önünə Milli Şura üzvləri gəliblər.

Mitinqin aparıcısı, Milli Şuraya daxil olan AXCP-nin Rəyasət Heyətinin üzvü İlham Hüseynli deyib ki, M.Ə.Rəsulzadə dəyərləri tapdalanır. Onun vurğulamasına görə, əgər M.Ə.Rəsulzadə «Yaşa, yaşa Azərbaycan» deyirdisə, indi də «Yaşa, yaşa korrupsiya» deyirlər. İ.Hüseyn danışarkən elektrik yenidən kəsilib və meydanda yenə «istefa» şüarları səslənib.

Elektrik verilişi bərpa etdikdən sonra çıxış edən AXCP sədri Əli Kərimli isə M.Ə.Rəsulzadəni «Azərbaycanın gerçək lideri» adlandırıb. Onun vurğulamasına görə, M.Ə.Rəsulzadə əqidəyə sədaqətin nümunəsini yaradıb.

Ə.Kərimli daha sonra deyib: «Böyük Rəsulzadənin yaşadığı məhrumiyyətlə müqayisədə məhrumiyyətdən danışmaq yersizdir».

Ə.Kərimli qeyd edib ki, M.Ə.Rəsulzadə öz ailəsini Azərbaycan yolunda qurban verib. Onun sözlərinə görə, M.Ə.Rəsulzadə bir nümunədir: «Azərbaycan üçün yaşayıb, Azərbaycan üçün ölməyin nümunəsidir». Sonra meydanda «Rəsulzadə» şüarı səslənib.

«Rəsulzadə ideyaları ölməyib. Azərbaycanı üçüncü dəfə Cümhuriyyət qurmağa ruhlandırır», – deyə Ə.Kərimli sözlərinə davam edib.

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli də M.Ə.Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən geniş bəhs edib. C.Həsənlinin deməsinə görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) təkcə Şərqdə ilk demokratik respublika olmayıb. Onun vurğulamasına görə, hətta 1919-cu ildə bəzi avropalılar AXC-ni Birinci Dünya müharibəsindən sonra bir sıra Avropa ölkələrinə nümunə sayıblar.

Xatırladaq ki, yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri MəhəmməƏmin Rəsulzadənin 135-ci doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində, tanınmış ruhani ailəsində doğulub. O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib. Onun ailəsi repressiyaya məruz qalıb. M.Ə.Rəsulzadə mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 1955-ci il martın 6-da Ankarada vəfat edib.

 

Azadlıq radiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button