Nümayəndəlik institutunun ləğvi barədə

Ənnağı Hacıbəyli

 

Son günlər gündəmi zəbt etmiş ən ictimai önəmli məsələlərdən biri nümayəndəlik institutunun ləğvi barədə qanun layihəsinin Milli Məclisdə müzakirəsidir. Ölkədə belə mühit formalaşıb ki, hər kəsin problemi elə məhz onun problemi sayılır. Hüquq müdafiəsi ilə bağlı problemin daha çox cəmiyyətin problemi olduğu yetərincə dərk edilmir. Görünür, toplum fəlakəti onda hiss edəcək ki, hər bir şəxsin hüquq müdafiəsinə ehtiyacı olacaq. Ancaq onda artıq çox gec olacaq.
Problemlə bağlı Qurban Məmmədovun, Nicat Gözəlovun, Aqil Layıcın və başqa hüquqçu kolleqaların arqumentli analizlərini nəzərə alaraq təkrara yol verməmək üçün məsələyə bir qədər başqa aspektdə yanaşacam.
Bu qənaətim təsadüfi deyil.
“Nümayəndəlik institutunun məhdudlaşdırılmasının kökündə nəyin durduğunu bilmək və bu barədə nəzəri-praktik məlumatlığımı artırmaq məqsədi ilə” Fərhad Nəcəfovun tövsiyəsinə əməl edərək “tanınmış vəkil, hüquqşünas alim, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, Azərbaycan Hüquqşünaslar Konfrdreasiyası İdarə Heyətinin üzvü Anar Bağırovun məqaləsini Tural Hacıbəylinin köməyi ilə diqqətlə oxudum. “Vəkillik hüquq dərsi almaq” fikrim olmasa da.
Anar müəllimlə tanışlığım Tiflisdə bir konfransda olub. İlk tanışlıq məndə onun haqqında yaxşı yol yoldaşı, təvazökar və savadlı insan təsiri bağışlamışdı. Sonralar görüşmədik və onu dərindən tanımaq imkanım olmadı. Daha sonralar onun karyerə yüksəlişi, bəzi prinsipial məsələlərə mətbuatdan gördüyüm reaksiyaları, nəhayət bu yazı mənim üçün artıq hər şeyi aydınlaşdırdı.
Adam Smitdən başlayıb İlham Əliyevdə (qanun qəbul edilib veto qoyulsa islahat məsələsi qəlizləşəcək) qurtaran müəllif yazır: “Vəkillik haqqında qanunvericiliyə çoxsaylı mütərəqqi dəyişikliklər edilib”, “bu sahədə əsas maneələrdən biri hüquq xidməti bazarında tənzimlənməyən “nümayəndəlik” institutunun mövcudluğudur”, “vətəndaşları qeyri-hüquqşünaslar ordusunun təmsil etməsi fəsadlar törədir”, “nümayəndə-hüquqşünasların hamısının qeyri-peşəkar olduğu iddia olunmur”, “yaxşı olar ki, hamı VK-da birləşsin”, VK vəkilin şikayət olunan əməli haqqında araşdırma apararaq intizam tədbiri seçə, hətta onu VK üzvlüyündən xaric edə bilər”, “nümayəndəlik institutu məhkəmədə korrupsiya hallarının çiçəklənməsinə töhfə verən ən birinci amillərdəndir”, “Ədliyyə Akademiyasında 500-dən artıq vəkil kursa cəlb edilib”, ABŞ-da şəxs özünü bütün məhkəmə instansiyalarında cinayət və mülki işlərdə təmsil edə bilər, lakin başqasını təmsil edə bilməz”, “ölkəmizdə vəkillərin cinayət işlərində və mülki işlər üzrə kassasiya instansiyasında monopoliyasını mütləq inhisarçılıq kimi başa düşmək lazım deyil”, dəyişiklikdən sonra qeyri-vəkillər mülki və inzibati işlərlə bağlı məhkəmələrdə fiziki şəxsləri təmsil edə bilməyəcəklər”, “ödənişsiz hüquqi yardım haqqında Qanun qəbul edilməsi keyfiyyətli hüquqi yardıma çıxış imkanlarını təmin edəcək”, “narahatlıq doğuran başlıca problemlər vəkillərin azlığı, vəkillərin iş yükünün artacağı, vəkilliyə qəbulla bağlı stajın uzun olması və s. bağlıdır” və s.
Seçkiqabağı platforma kimi düşünülmüş bu yazının VK-ya sədr “seçkisi” zamanı layiqincə qiymətləndiriləcəyinə əminəm. Əmin olmadığım isə müəllifin keyfiyyətli hüquqi yardım aşiqi olması, bu yazının səmimiyyətidir.
Əslində Anar müəllimin məqaləsindən yuxarıda göstərdiyim seçmələr şərhsiz də hər şeyi aydın göstərir. Ona görə də bəzi qısa qeydlərlə yetərlənirəm.
Anar müəllim qanunvericiliyə mütərəqqi dəyişikliklər deyəndə çox güman ki, lisenziyalı hüquqçuların VK-nı təsis etmək hüququndan məhrum edilməsini, vəkilliyin inhisara alınması barədə dəyişiklikləri, VK sədrinin ölənədək vəzifədə qalması barədə dəyişikliyi və s. nəzərdə tutur.
“Bu sahədə əsas maneələrdən biri hüquq xidməti bazarında tənzimlənməyən “nümayəndəlik” institutunun mövcudluğudur”sa nədən o tənzimlənmək əvəzinə ləğv edilir? Adamın yadına məşhur Stalin prinsipi düşür – “adam yoxdursa, problem də yoxdur”.
“Vətəndaşları qeyri-hüquqşünaslar ordusunun təmsil etməsi fəsadlar törədir”sə, niyə “nümayəndə-hüquqşünasların hamısının qeyri-peşəkar olduğu iddia olunmur”? Bu nə liberalizmdir? Qoy onların hamısı fəsadçı və qeyri-peşəkar elan olunsun. “Qeyri-hüquqşünas nümayəndələr”in “nümayəndə-hüquqşünaslar”dan Sizin üçün fərqi varsa, onları bir yorğanın altına doldurmaqda məqsədiniz nədir? Bəlkə məhkəmədə nümayəndəliyi hüquqçu olmayanlara qadağan erməklə problemi həll edəsiniz? Liberallıq məntiq tələb edir.
“Yaxşı olar ki, hamı VK-da birləşsin”. Yaxşı olar, VK normal prinsiplərlə yönətilsə. VK müstəntiq, prokuror, məhkəmənin məktubları, siyasi sifarişlər əsasında öz üzvlərinə arxadan zərbə vurmasa. VK RH cəza orqanına, arzuolunmaz şəxslərdən VK-nı qorumaq üçün şlaqbauma çevrilməsə.
“VK vəkilin şikayət olunan əməli haqqında araşdırma apararaq intizam tədbiri seçə, hətta onu VK üzvlüyündən xaric edə bilər”. Düppədüz. Amma VK siyasi sifariş olmadan neçə dəfə belə “araşdırma” aparıb? Heç olmasa bircə nəfər ləyaqətli vəkili belə sifarişin qurbanlığından xilas edə bilibmi? Heç olmasa bina cəhd edibmi?
“Nümayəndəlik institutu məhkəmədə korrupsiya hallarının çiçəklənməsinə töhfə verən ən birinci amillərdəndir”. Yapma ya! Məhkəmədə korrupsiyanın nədən başlandığını bildiyinizə tam əminəm. Onu da gözəl bilirsiniz ki, hakimlər üçün rüşvəti kimin gətirməsi deyil, onun məbləği önəmlidir. Axı o yazıqlar bu əmlakın yeganə sahibi deyillər!
“Ədliyyə Akademiyasında 500-dən artıq vəkil kursa cəlb edilib”, çox gözəl, çox da pakizə. Nədən orada ancaq vəkillərin peşəkarlığını artırırlar? Nümayəndələr də bu dövlətin vətəndaşları deyillərmi? Onlar da bu dövlətin qanunları çərçivəsində, bu xalqa xidmət etmirlərmi? Nədən dövlət onların da “keyfiyyətli hüququ yardım” göstərməsinə maraq göstərmir?
“ABŞ-da şəxs özünü bütün məhkəmə instansiyalarında cinayət və mülki işlərdə təmsil edə bilər, lakin başqasını təmsil edə bilməz”, “ölkəmizdə vəkillərin cinayət işlərində və mülki işlər üzrə kassasiya instansiyasında monopoliyasını mütləq inhisarçılıq kimi başa düşmək lazım deyil”. Lazımdır, Anar müəllim, lazımdır. Monopoliyanın buynuzu olmur. Narahat olmayın, özünüzü də zora salıb qatığın qara olduğunu sübut etməyə əziyyət çəkməyin. Bu, sizin günahınız və inhisarınız deyil, siyasi hakimiyyətin özünü xalqdan, özünün qəbul etdiyi qanunlardan, prinsipial nümayəndələrdən qorumaq cəhdidir.
Yadıma bir əhvalat düşdü. Vidadi Mirkamal, İntiqam Əliyev, Əlövsət Əliyev və mən Azərbaycam Hüquqşünaslar Forumunun işi ilə bağlı Ali Məhkəmənin Plenumuna dəvət edilmişdik. O zamanlar Avropa Məhkəməsinin qərarından sonra işə Plenumda baxırdılar. Sədr dedi ki, sizə söz vermirəm, vəkillə təmsil olunmursunuz. Təsəvvür edin ki, bütün hüquqçulara, vəkillərə, hakimlərə mülki prosesin qaydalarını öyrətmiş, 30 il bu fənni universitetdə tədris etmiş Vidadi müəllimə vəkil gərək imiş. Deyə bilərsiniz ki, bu, qanunun tələbidir. Mən isə deyirəm ki, bu tələb tərbiyəsizlikdir. AŞ üzvü olan ölkənin demokratik hüquq dövlətinin tələblərinə cavab verməyən qanun müddəasının başqa izahı yoxdur.
Avropa Şurasının üzvü olan ölkələrin qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmaq öhdəliyi var. Avropa Məhkəməsi nümayəndəliyi qəbul edirsə, bu da standartdır və ona bu şəkildə reaksiya Səməd Seyidovun Avropa Parlamentinin qətnamələrinə absurd və gülünc reaksiyasını xatırladır.
Yeri gəlmişkən, Türkiyə və başqa ölkələrin təcrübəsinə istinad da yersizdir, çünki tam fərqli situasiyalardan söhbət gedir. Təkcə Ankara Vəkillər Kollegiyasının 8 min üzvü var. Azərbaycan vəkillərin sayına görə Avropada sonuncu yeri tutursa, olmazmı ki, öncə normal sayda və keyfiyyətdə vəkillik yaradıb sonra nümayəndəliyin ləğvi barədə düşünəsiniz. Nümayəndəliyin bu şəraitdə ləğvi adamın yadına şəhər meri ilə bağlı məşhur əhvalatı salır: öncə asfalt basaq, sonra qazarıq.
Avropanın heç bir ölkəsində belə sərt qaydalar yoxdur. Mahiyyətcə vəkillik də, nümayəndəlik də müqavilə münasibətlərinə əsaslanır. Hüquq xidməti, məhkəmədə təmsilçiliklə bağlı kimlə müqavilə bağlamağı müəyyən etmək tərəfin hüququdur. Qanunvericilik müstəsna hallarda müqavilə bağlamağa məcburetməyə yol verir, ancaq müqavilə bağlamamağa məcburetmə dünya hüquq təcrübəsində nəsə yeni bir şeydir.
“Dəyişiklikdən sonra qeyri-vəkillər mülki və inzibati işlərlə bağlı məhkəmələrdə fiziki şəxsləri təmsil edə bilməyəcəklər”. Ura! Hər şey sizin olacaq. Qoy nümayəndələr acından, məhkəmə qurbanları isə qəzəbindən partlasın. Bizə müraciət edən çoxsaylı şəxslər var ki, vəkillərin nəinki Avropa Məhkəməsinə müraciətdən imtina etməsini, hətta icra hakimiyyətinə qarşı işə çıxmaqdan çəkindiyini bildirirlər. Axı VK “dövlət mənafeyini” müdafiə edən təşkilatdır!
Anar müəllim sevinclə Əli Hüseynlidən sitat gətirir: “Ödənişsiz hüquqi yardım haqqında Qanun qəbul edilməsi keyfiyyətli hüquqi yardıma çıxış imkanlarını təmin edəcək”. Nə vaxt? Əli müəllimə bu Qanunu 20 ildir ki, MM-n kabinetlərində belədən-belə sürütdürürlər. Sizcə bu Qanun qəbul edildikdən sonra kimsə 2 manata keyfiyyətli hüquq yardımı göstərəcək?
“Narahatlıq doğuran başlıca problemlər vəkillərin azlığı, vəkillərin iş yükünün artacağı, vəkilliyə qəbulla bağlı stajın uzun olması və s. bağlıdır”. Yox, Anar müəllim, təkcə bunlarla bağlı deyil. Məhz həmin o “və s.”-lə bağlıdır. Məhz perspektivinizi korlamamaq üçün dilinizə gətirmək istəmədiyiniz səbəblərlə bağlıdır. Nümayəndələr VK-ya qəbulun qeyri-şəffaf, qərəzli qaydada aparılmasından, VK-nın müstəqil, azad, demokratik təsisat olmamasından, repressiya alətinə çevrilməsindən narahatdırlar. Nümayəndələr onların və haqqını müdafiə etmək istəyən Azərbaycan vətəndaşlarının əlində olan az qala yeganə imkandan məhrum olacaqlarından narahatdırlar.
Az da olsa VK üzvləri var ki, vəkillik haqqında qanunvericiliyə bu dəyişikliyin mürtəce xarakter daşıdığını anlayır və dilə gətirməyə özlərində cəsarət tapırlar. Görünür, onlar haqqı deməyi karyeristlikdən üstün tuturlar. Amma təəssüf ki, belələri azdır. Əslində bu, onların yox, daha çox VK-nın günahıdır – oradakı mühit elədir ki, keçmiş raykom büroları kimi bir fikirin cızığından çıxmaq küfr sayılır.
“Nümayəndəlik institutunun ləğvi zəruri, hətta bir qədər gecikmiş tədbir”dir deyənlərin içində bizi özünə müəllim, ustad sayanların da olması bir az ağrılı olsa da, bunu da yaşayarıq. Bu mövqeyə fikir plüralizmi ilə haqq qazandırmaq istəyənlərdən bir xahişim var: heç olmasa fikrinizi şəxsi utilitar, hakimiyyətə xoş gələn arqumentlərlə deyil, vicdanlı mövqe ilə əsaslandırmağa çalışın. Vəkil köməkçisinin səlahiyyətlərinin artırılması nəyi həll edəcək? İntiqam Əliyev, Qurban Məmmədov, Namizəd Səfərov, Əlaif Həsənov, Xalid Bağırov və onlarla başqaları məhz vəkilliyi cilovda saxlamaq məqsədi ilə VK-ya qəbul edilməyib və ya oradan çıxarılıb. Vəkil köməkçilərinin səlahiyyətləri genişləndirilsəydi, onlar gedib köməkçi işləyərdilər.
Heç olmasa mənəvi atalarınıza qarşı bir qədər diqqətli olun.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button