Rubrikalar: ARAŞDIRMA GÜNDƏM MƏDƏNİYYƏT XuralTAC

O, əsil xalq adamı, ziyalı və nurlu bir şəxsiyyət idi…

Unutsaq, unudularıq!

Respublikanın tanınmış inşaatçı-mühəndisi, Böyük Vətən müharibəsi veteranı və dəyərli ömür yolu keçmiş böyük ziyalı Qurban Camal oğlu Sultanov Azərbaycanın tikinti quruculuq tarixinin nadir simalarından, korifey rəhbərlərindən idi.

Həyat yolunu sadə inşaatçılıq, mühəndislik sənətindən başlayaraq, Azərbaycan Respublikasının sənaye tikinti naziri vəzifəsinə qədər ucalan, ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan müstəsna şəxsiyyət Qurban Camal oğlu Sultanovun millət və xalq qarşısında gördüyü işlər bu gün də insanlarda böyük qürur hissi, fəxarət duyğuları oyadır və onun adı inşaat tariximizin ən dahi tikinti rəhbərləri ilə bir sırada hörmət və ehtiramla çəkilir.

Qurban Camal oğlu Sultanov 1919-cu ilin 22 mart tarixində Gəncə şəhərində anadan olub. Gələcək elmi təhsilini fəhlə fakültəsində, Zaqafqaziya Yol Mühəndisliyi İnstitutunda, hərbi təhsilini isə Tbilisidəki Artilleriya Məktəbində alıb.

Qurban Sultanovun gənclik illəri çətin dövrlərə təsadüf etmişdir. Artıq 21 yaşında olarkən, Qurban müəllim faşist Almaniyasının SSRİ-yə gözlənilməz hücumu zamanı könüllü şəkildə orduya yazılmış, kapitan rütbəsinə qədər yüksəlməyə müvəffəq olmuşdur.

Onun döyüş yolu odlu-alovlu müharibənin başladığı 1941-ci ildən 1945-ci ilə – Böyük Vətən Müharibəsində böyük qələbəmizə qədər davam edib. Məhz müharibə yolunu da Gürcüstandan başlayan Qurban  Naftuliq şəhərində bölgü zamanı Tbilisidəki 4 illik Artilleriya Məktəbinə daxil olub. Oradakı təhsil müddəti 4 il olsa da, müharibə şəraitinə görə, bu müddət kifayət qədər azaldılmış, bu məktəbdə qısa müddətli kurslar yaradılmışdı. İlk 15 günlükdə gənc və enerjili Qurban Sultanov birinci kursu bitirməyə müvəffəq olur. Yaxşı oxuduğu və ali təhsilli olduğu üçün bir ay yarımda bütün kursları başa vurub məktəbi əla qiymətlərlə qurtarır. 100 nəfərdən cəmisi 15 nəfərinə, o cümlədən Qurbana leytenant, qalanlarına isə serjant rütbəsi verirlər. Qurban Sultanov və onunla birgə hərbi kursları keçən yoldaşlarının hərəsi bir tərəfə göndərilir, onun özü isə Zaqafqaziya hərbi dairəsinin sərəncamına verilir. Bu dairə Armavir şəhərində yerləşirdi və ordu qərargahı onu Stalinin adını daşıyan 242-ci diviziyaya göndərir.

Diviziyada onu batareya komandirinin müavini vəzifəsinə təyin edirlər. Bu zaman Rostovun düşməndən azad edilməsində yaxından iştirak edir. O, bir cəsur komandir kimi düşmən gülləsinə sinə gərməkdən çəkinmirdi. Məhz belə qəhrəmanlıq və şücaət göstərən Qurban Sultanov döyüşlərdən birində ağır yaralanır. Lakin buna baxmayaraq, o, bir komandir kimi sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıdır. Qanlı döyüşlədən birində düşmən gülləsi komandiri sıradan çıxartdığı üçün Qurbanı batalyon komandiri vəzifəsinə təyin edirlər. Növbəti döyüşlərin birində o yenidən yaralanır… Düz iki ay Armavir şəhərindəki hərbi hospitalda müalicə olunur. Lakin bu, hələ son deyildi. Onu qarşıda daha çətin sınaqlar gözləyirdi. Krasnodardakı hospitalda müalicə aldıqdan sonra o, batareya komandiri olaraq, azərbaycanlılardan ibarət əsgərlərə rəhbərlik etməyə başlayır. Krasnodara ezam edilən Qurban müəllim oradakı Kazak süvari ordusunun 2-ci batalyonunda fəaliyyətə başlayan kimi cəbhə xəttinə yollanır. Artıq 1942-ci ilin martında onun batalyonu Rostovu haqlamışdı və o, Rostovun Leninqradski, Umanski, Kuşevski adlanan ərazilərində qanlı döyüşlərdə iştirak etmişdir.

Qurban Sultanov ön cəbhədə bir sıra vuruşmalarda, o cümlədən Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və b. şəhərlərin azad edilməsində bilavasitə iştirak etmişdir.

Beləliklə, odlu-alovlu müharibə yolu keçən Qurban Sultanov bu yolda qərargah rəisinin, artilleriyanın, diviziya komandirinin köməkçisi vəzifələrinə qədər yüksəlmişdir. Göstərdiyi xidmətlərinə görə Ali Baş Komandanlıqdan, ordu qərargahından onlarca təşəkkür, fəxri fərmanlar, tərifnamələr almış, bir çox orden və medallarla təltif olunmuşdur.

Qurban Sultanov 1945-ci ilin 9 may qələbəsini Çexoslovakiyanın (İndiki Çexiyanın) Praqa şəhərində qarşılayıb. O, müharibənin keşməkeşli yolunu 1945-ci ilin 29 oktyabrında kapitan rütbəsində və 2-ci dərəcəli əlil kimi başa vuraraq, doğma Vətəni Azərbaycana qayıdıb.

O, “Qırmızı ulduz”, I və II dərəcəli “Vətən müharibəsi” ordenləri ilə və bir sıra medallarla təltif olunmuşdur.

Qurban Camal oğlu Sultanov Vətən müharibəsi döyüşlərindən qayıtdıqdan sonra əmək fəaliyyətinə Azərbaycan Dəmiryolu İdarəsinin Həmkarlar İttifaqı Komitəsində başlamış, sonralar bu idarənin Mənzil tikintisi şöbəsində məsul vəzifələrdə çalışmışdır.

1947-1950-ci illərdə Qurban muəllim Azərbaycan KP Mərkəzi Komitəsinə təlimatcı vəzifəsinə təyin edilmişdir. Orada iki il ərzində idarəçilik təcrübəsini təkmilləşdirdikdən sonra, Qurban Sultanov yenidən istehsalat sahəsinə geri dönüb.

O, 1948-ci ildə Bakıda yaradılan böyük idarədə – “Azərneftelektrikquraşdırma” trestində işləyib. Orada baş mühəndis vəzifəsində çalışan Qurban müəllim, bir neçə aydan sonra Baş Qərb ərazi tikintisinin ən nüfuzlu təşkilatlarında Əsaslı tikinti şöbəsinin rəisi, daha sonra isə Layihə-Tikinti İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Məhz onun rəhbərliyi altında Bakıda ən iri sənaye müəssisələrinin, yaraşıqlı və o zamanların müasir tələblərinə cavab verən yaşayış binalarının tikilməsi üçün keyfiyyətli layihələr və smeta sənədləri hazırlanırdı.

Bunun ardınca isə Qurban Sultanov “Azərdəniznefttikinti” sistemində məsul vəzifələrdə fəaliyyətini davam etdirib. Artıq bir neçə ildən sonra, Qurban müəllim Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında tikinti şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Həyatının müharibədən sonrakı illərində – məhz 40-cı, 50-ci illərdə, eləcə də 60-cı illərin əvvəllərində Qurban Sultanovun tikinti və quraşdırma sahələrində müxtəlif yüksək vəzifələrdə işləməsi, Azərbaycanın tikinti korifeyləri, nüfuzlu şəxsləri hesab edilən Əliş Ləmbəranski, Yaqub İzmayılov, Məmmədəli Abbasov, Sadıq Rəhimov və bir çox başqa şəxslərlə yaxınlıq və dostluq etməsinə zəmin yaratmışdır. Qurban müəllimin təcrübəsi isə onun yüksəlməsinə təkan verməkdə davam edirdi.

Respublikada Tikinti Nazirliyi yarandığı zaman Qurban Sultanov nazir müavini vəzifəsinə təyin olundu. Ancaq bu da son deyildi…

Hələ 1965-ci ildə – bir sıra təşkilatların bazasında ixtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi fəaliyyət göstərdiyi bir vaxtda idarə rəhbərliyi vəzifəsinə Moskva ilə razılaşdırılaraq böyük təcrübəyə malik olan Qurban Sultanov seçilmişdi. Qeyd edək ki, həmin vəzifəyə təyin olunmamışdan əvvəl, Kirovabadda (indiki Cəncədə) Kirovabad Alüminium Zavodunun tikintisi planlaşdırılmışdı və onun inşasını müvəffəqiyyətlə aparmaq üçün keçmiş Tikinti naziri Məmmədəli Abbasovun təkidi ilə Kirovabad Alüminium Tresti yaradılmışdı. Bu trestin əsas vəzifəsi ümumittifaq əhəmiyyətli Kirovabad Alüminium Zavodunun tikintisini tezliklə başa çatdırıb istifadəyə verməkdən ibarət idi.

1964-cu ildə Q.Sultanov nazir muavini olmasına baxmayaraq yaranmış vəziyyəti qiymətləndirərək bu trestə rəhbərlik ona tapşırılmışdır. Bu, çox böyük bir məsuliyyət idi. Həmin məsuliyyəti yaxşı dərk edən Qurban müəllim ortaya qoyulan bütün şərtləri və vəzifələri ən yüksək səviyyədə reallaşdırmağa müvəffəq oldu.

Belə ki, Gəncədə “Kirovabad Alüminium tresti”nə rəhbərlik etdiyi zaman Qurban müəllim sonralar bu zonada uzun zaman tikinti kompleksində çalışan peşəkar kadrlar hazırlamışdır. Onların arasında Gəncədəki 3 nömrəli trestin uzun müddət rəisi olmuş Nazim Əsgərov, baş mühəndis Atakişi Abdullayev, 32 nömrəli Tikinti İdarəsinin rəisi Firudin Tağıyev, İstehsalat-Texniki Komplektləşdirmə (avadanlıq, material və s. təchizatı) İdarəsinə uzun zaman rəhbərlik etmiş, böyük təşkilatçılıq qabiliyyətinə malik olan Yaşar Abdullayev, Sənaye Kombinatının müdiri Qurban Məmmədov və başqalarının adını çəkmək olar.

Qeyd etmək lazımdır ki, 60-70-ci illərdə tikintidə (elektrik, santexnika, ventilyasiya, istilik) xüsusi quraşdırma işləri görən milli kadrların, nəinki ali savadlı mütəxəssislərin, eləcə də peşəkar fəhlələrin əksəriyyəti əcnəbilər idi. Fəxrlə demək lazımdır ki, bu sahədə Qurban Camal oğlu qısa bir müddətdə inqilab etmişdir. O, Bakı şəhərində fəaliyyət göstərən peşə məktəblərinin vasitəsi ilə güclü sənətkarlar hazırlatmışdır. Digər tərəfdən, tikinti-quraşdırma işlərində rəhbər vəzifəsində çalışmaq üçün savadlı kadrlar ortaya çıxartmışdır. Onların sıralarında “AZQUR” SC-nin idarə heyətinin sədri Telman Kazımovu, Azərbaycan KP MK-də çalışmış, Sənaye Ventilyasiya İdarəsinin müdiri vəzifəsindən “Santexquraşdırma” Birliyinin rəisi vəzifəsinədək ucalmış Rafiq Hacıyevi, Sənaye Ventilyasiya İdarəsinin baş mühəndisi vəzifəsindən nazir müavini vəzifəsinə qədər yüksəlmiş Erbi Əliyevi, Bakıquraşdırma İdarəsinin rəisi vəzifəsindən Maşınqayırma Birliyinin sədr müavininə qədər yüksəlmiş Rauf Məhərrəmzadəni, “Azneftkimyaquraşdırma” trestində siravi mühəndislikdən bu trestin rəisi vəzifəsinə qədər ucalmış Adil Qulamovu, “Azərsənayeelektrikquraşdırma” trestində fəhləlikdən trestin rəisi vəzifəsinə qədər böyük yol keçmiş Kamal Əliyarzadəni və digərlərini qeyd edə bilərik.

Fərəhlə qeyd etmək lazımdır ki, Qurban Camal oğlunun məktəbini keçmiş bu peşəkar mütəxəssislərin axırıncı 35-40 ildə ölkədə sənaye, mülki, xidmət və iqtisadiyyatın digər sahələrində obyektlərin tikilib istifadəyə verilməsində böyük zəhmətləri vardır.

Q.C.Sultanov 1970-ci ilin axırlarında yeni yaradılmış Sənaye tikinti nazirliyinə Ulu öndər Heydər Əliyevin razılığı ilə nazir vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövr ərzində Qurban Camal oğlu Sultanov cavan, yerli kadrların yetişdirilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Azərbaycan Respublikasının Sənaye tikinti naziri vəzifəsində calışan zaman bu nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, onun elmi-texniki tərəqqinin və tikintinin gündəlik tələblərini nəzərə almaq məqsədilə yığma dəmir-beton məmulatlarının artırılması vəzifəsini Q.C.Sultanov nazirliyin təşkilatları qarşısında bir vəzifə kimi qoymuşdur.

Qurban Sultanov bütün qeyd olunanlarla yanaşı, eyni zamanda digər bir sıra mühüm təşkilatların elmi-texniki tərəqqinin tələblərinə cavab verən maddi-texniki bazalarını möhkəmləndirməyə nail olub. “Azneftkimyaquraşdırma”, “Elektrikquraşdırma”, “Ventelyasiyaquraşdırma”, “Santexquraşdırma”, “İstilikquraşdırma” kimi müstəqil trestlər yaradılaraq uğurlu fəaliyyət göstəriblər. Belə ki, həmin trestlər Azərbaycanın bütün regionlarında, eləcə də iqtisadiyyatın bütün sahələri istiqamətində yüksək nəticələr göstəriblər.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həmin təşkilatların yaradılması sayəsində Bakı Kondisioner Zavodu, Heydər Əliyev Sarayı, “Gülüstan” Sarayı, Sirk binası, Maşınqayırma zavodlarının yenidən qurulması, Gəncə Alüminium Zavodu, Sumqayıtda “Orqsintez”, “Sintezkauçuk”, “Boruprokat” kimya zavodları, Mingəçevirdə “Azərkabel” müəssisəsi, Neftçalada Yod Zavodu, Salyanda plastmas məmulatları istehsal edən müəssisə və bir çox mülki-yaşayış binalarının, eləcə də digər xidmət obyektlərinin, yaşayış binalarının tikilərək istifadəyə verilməsi uğurla reallaşdırılmışdır. Həmçinin, 1970-ci illərdə Naxçıvanda vacib obyektlər istismara verilmiş, yaşayış kompleksləri tikilmiş, o cümlədən, Qızıl Vəngdəki nəhəng su anbarının tikintisi uğurla reallaşdırılmışdır. Eyni zamanda, Dağlıq Qarabağ Muxtar Vilayətində İpək Kombinatı işə başlamış, Bakıda Buzovna qəsəbəsində neftçilər üçün yaraşıqlı yaşayış binaları istifadəyə verilmişdir. Keçmiş Sənaye Nazirliyinin inzibati binasının tikintisi də bu sıradandır.

Qurban Sultanov hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, onun respublikaya rəhbərlik etdiyi dövrlədə verdiyi tövsiyə və tapşırıqları ləyaqətlə yerinə yetirmişdir. Yetmişinci illərdə Bakı şəhərinə içməli su çəkilişi Azərbaycan Respublikası rəhbərliyinin diqqət mərkəzində idi. Heydər Əliyev bu işə xüsusi önəm verirdi. Ulu Öndər kəmərin açılışında iştirak edərkən, Qurban müəllimin əməyini yüksək dəyərləndirmişdi.

Ümumiyyətlə, Qurban Sultanovun çoxşaxəli fəaliyyətinin, həmçinin uğur və nailiyyətlərinin əsas mənbəyi təbii ki, onun Azərbaycan adlı müqəddəs məmləkətə və xalqımıza bağlılığı olub.

Eyni zamanda, Qurban müəllim öz ixtisasının aşiqi, sənətinin pərvanəsi olub. İnşaatçı-mühəndis sənətinə kölgə salan, nüfuzuna xələl gətirən inşaatçılara qarşı çox barışmaz idi. O, hər zaman etiraf edirdi ki, əgər ikinci dəfə gənclik illərinə qayıtsaydı, sənət seçərkən yenə də inşaatçı sənətini seçərdi.

Tanınmış salnaməçi-jurnalist Bəhram İbrahimovun müəllifi olduğu “Qədim torpağın ləyaqətli övladı” kitabı Qurban Sultanovun həyat yoluna həsr olunmuşdur. Onun keşməkeşli həyat yolu bu avtobioqrafiq kitabda tarixi faktlarla nəql olunur.

Q.C.Sultanov kecən əsrin 50-ci illərindən başlayaraq 90-cı illərə qədər tikinti kompleksində öz fəaliyyəti ilə dərin iz buraxmışdır. O, 1974-cu ildən uzun muddət Respublikanın Tikinti Materialları Nazirliyinin tabeçiliyində olan Bak Şifer və Keramika Məmulatları Kombinatının direktoru vəzifəsində çalışmışdır.

Qurban müəllim iş zamanı hər hansı bir tikinti obyektində yaranmış mürəkkəb məsələlərin operativ surətdə həll edilməsinə qadir idi. Çünki obyektin tikintisində çalışan bütün təşkilatlar (baş podratçı, subpodrat və xüsusi işlər görən təşkilatlar) tərəfindən aparılan işlərin mahiyyətini dərindən bilirdi. Çox savadlı, peşəkar mühəndis kimi demək olar ki, iqtisadiyyatın bütün sahələrindən xəbərdar idi. Tikinti kompleksinə gəldikdə isə o, bütün sahələri gözəl təsəvvür edir və böyük biliyə malik idi.

30 sentyabr-4 oktyabr 1970-ci il. Azərbaycan xalq təsərrüfatı nailiyyətləri sərgisində…                                                                        

Sərgidə Q.Sultanov SSRİ Dövlət Tikinti Komitəsinin sədri Novikova məlumat verir. Solda Bakı şəhərinin meri Ə.Ləmbəranski, sağda isə “Bakıdövlətlayihə” İnstitutunun baş mühəndisi T.Şarinskidir.

Azərbaycan Respublikasının Sənaye Tikinti naziri Qurban Sultanov növbəti tədbir zamanı…

Qurban Camal oğlu Sultanov şairanə bir insan idi. Ədəbiyyatımızı, musiqimizi (xüsusən muğamlarımızı), klassik operalarımızı çox sevirdi. Qurban Camal oğlu tikinti kompleksinin korifeylərindəndir. Yuxarıda adlarını çəkdiyimiz insanlar onun dəyərli məktəbini keçmiş və hal-hazırda tikinti kompleksinin ağsaqqallarıdır.

Qurban Sultanovun əməyi dovlət tərəfindən yüksək qiymətləndirilmiş, o, 1964-cu ildə Azərbaycanın əməkdar inşaatçısı fəxri adına layiq görülmüş, 1966-cı ildə xalq təsərrüfatının yeddiillik planının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, 60-cı illərdə Gəncə şəhər Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Qurban müəllim inşaatçı kimi necə möhtəşəm idisə, insan kimi də mənəvi keyfiyyətləri ilə seçilirdi. Azərbaycan inşaat tarixini onsuz təsəvvür etmək sadəcə mümkün deyil. O, bugünkü gənc nəslə örnək ola biləcək zəngin fəaliyyət illəri ilə əsrlərlə yaşamaq haqqı qazanmışdır.

Sıravi fəhləlikdən nazir vəzifəsinəcən ucalan, zəngin həyat təcrübəsi keçərək ömrün müdriklik məqamına çatan Qurban Camal oğlu Sultanovun ölkəmizin tikinti tarixindəki böyük xidmətləri, yaşadığı salnamə ömrü bu gün də sevilə-sevilə xatırlanır, sabah da xatırlanacaqdır. Belə nadir insanların ömür və fəaliyyət illəri elə yüksək səviyyədə təbliğ olunmalıdır ki, bu günün gənc inşaatçıları kimlərin ardıcılları olduqlarını bilsinlər və daha da məsuliyyətlə işləsinlər.

Qurban Camal oğlu Sultanov 1998-ci il sentyabrın 30-da 80 yaşında haqq dünyasına qovuşub.

Baharın ilk günündə, 22 may tarixində ölkəmizin tikinti kompleksi işçiləri, Qurban Sultanovun tikinti-quruculuq məktəbinin keçmiş ardıcılları, uzun illər onunla çiyin-çiyinə və onun rəhbərliyi altında çalışmış inşaatçılar və mühəndislər onun 100 illik yubileyini əsl bayram ovqatı ilə qeyd etdilər. Çünki Qurban Camal oğlu adını inşaat tariximizə tikdiyi yüzlərlə obyektlərlə möhürləmiş azsaylı tikinti ustadlarındandır.

Yerin behişt olsun, Qurban Sultanov!

Zərbalı Mirzə

Xural.com

Paylaş:

This post was last modified on 28 Oktyabr 2020 1:14 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın Rus İcması İlham Əliyevə müraciət etdi

Azərbaycanın Rus İcması Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevə məktub ünvanlayıb. Xural.com-un məlumatına…

23 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev və Mehriban Əliyeva Ağdam məscidində

Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban…

23 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ombudsman: “Uşaqlara qayğı …şəxsiyyət yetişdirmək kimi ülvi məqsədə xidmət etməlidir”-MÜSAHİBƏ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə apa-ya müsahibə verib. Xural.com…

22 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Bakıda birgə koronavirus reydləri

Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə…

21 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistan yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb. “Report” xəbər verir ki, məlumatları “Novosti Armeniya” yayıb. Argentinada ispan…

21 Noyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Kəlbəcərdə “2 min ildir yaşayan” mülki işğalçılar elektrik stansiyasını da yandırır

Kəlbəcərdən çıxmağa hazırlaşan erməni mülki işğalçılarının qalıqları onlara verilmiş əlavə müddətdən istifadə edərək daha geniş talançılıq və barbarlıq əməlləri törətməkdədir.…

21 Noyabr 2020
Xural.COM