O, bir millətin taleyinə doğan aydınlıq müjdəçisiydi-ELÇİBƏY YAZI MÜSABİQƏSİ

Sərdar Əlibəyli

ps-nota.com saytının baş redaktoru

 

…Zaman kimin qalib, kimin məğlub olduğunu və kimin yerinin tarixin şərəf tribunası, kimin yerinin isə çöplük olduğunu göstərəcək

 

Bəşər övladının yaranışından bəri kəşf etməyə calışdıgı ideal cəmiyyət və yer üzündə birgəyaşayış münasibətlərinin ən mükəmməl formasını tapmaq uğrundakı mübarizələr tarixinin nə vaxtdan başladığını bilən bir kimsə yoxdur. Bu davaların nə vaxta qədər davam edəcəyini, hardan hara vara biləcəyini də, çətin ki, bir kimsə bilsin. Ancaq tarixin şahidlik etdiyi bu mübarizələrin bəzən önündə, bəzən də arxasında getmələrindən asılı olmayaraq, zaman-zaman qalib, zaman-zaman da məglub kimi, bu dünyanı görüb getmiş kişilərin sayı da bəlli deyil…

Bütün bu mübarizələrin mahiyyətində işıqla qaranlıgın, xeyirlə şərin, nadanlıqla aydınlıgın amansız savaşı olub və bir çox hallarda, fiziki qalibiyyətə sahiblənənlər, zamanla tarixin yaddaşına məglub, fiziki olaraq məglubiyyətin acısını dadanlar isə qalib kimi yazılıblar. Bütün bunların da özünəməxsus olan ilahi səbəbləri, mistik izahı var yəqin. Çünki fiziki qalibiyyətlər, adətən keçici, mənəvi zəfərlər isə əbədiyaşar olur. Böyük mənəvi dəyərlər uğruna qaba zorla savaşda məglub olmuş tarixi şəxsiyyətlər, zamanında, bəzən bütöv cəmiyyətlər və xalqlar tərəfindən nə anlaşıldılar, nə də qəbul edildilər…

Amma cəmiyyətlərdən də, xalqlardan da fərqli olaraq, qoca tarix öz qoynunda hər kəsə layiq olduğu mərtəbəni verdi, verir və verəcək. Çünki tarixin özü də, dünya və kainat da mənəviyyatı təmiz, amalı müqəddəs, məsləki aydın, dürüst əxlaq sahibi olan kişilərin sayəsində yaşayıb, yaşayır və yaşayacaq…

Azərbaycan da dünyanın bir parçasıdı və bu mənada, deyilənlər tamı-tamına, məkan və toplum olaraq,  Azərbaycana da aiddi, bizlər üçün də keçərlidi. Bizim də, zaman-zaman qaba zorun fiziki gücünə yenilən öndərlərimiz, aydınlarımız, idrakı ilə zaman qabaqlayan kişilərimiz olub, var və olacaq. Tarix hər şeyi öz yerinə, hər kəsi öz mərtəbəsinə gətirincə isə, bizlərə öz

ÖNDƏR ŞƏXSİYYƏTLƏRİMİZİ,  BÖYŪK AYDINLARIMIZI,  İDRAKI İLƏ ZAMANI  QABAQLAYAN  QĞULLARIMIZI XATIRLAMAQ, ANMAQ, YADDAŞLARDA YAŞATMAQ  QALIR.

200 ilin ötəsinə varan imperiya zülmətinin qaranlıqlarından doğan işıq, istibdadın və irticanın qanlı caynaqlarından axan qanlarla suvarılan müqəddəs torpağın bağrından qopan haqqın səsi, XX əsrin sonlarında tarixin xalqımıza bəxş etdiyi İlahi lütfün mücəssəməsi, bir millətin taleyinə doğan aydınlıq müjdəçisiydi Əbülfəz Elçibəy. Sonunacan da o işığa, o səsə, o İlahi missiyasına və aydınlığına sadiq qaldı…

Azərbaycanın istiqlal mücadiləsinə öndərlik edəndə də, bir ölkənin taleyini çiyinləri üzərinə götürəndə də, qaba zorla və içlı-dışılı xain saldırılara məruz qalanda da, Bütöv Azərbaycan savaşında YOLBAY missiyasını üstlənəndə də, o, dəyişmədi. Bədxahlarının belə etiraf etdiyi kimi, Bəy kimi davrandı, toplumun ağlında, millətin yaddaşında da elə Bəy kimi qaldı. Onun, millətin taleyinə boylanan xəyallarının üfüqləri ölkənin, zəmanənin və toplumun alqılamayacağı, anlayıb qəbul etməkdə zorlanacağı qədər genişdi…

Bu günün konyuktur tələblərinin dar düşüncəsinə sığmaz o üfüqlər. Amma kimin necə düşünməsindən asılı olmayaraq, Əbülfəz Elçibəyin adı və xəyalları milyonların yüzilliklərdən gələn arzuları ilə çuğlaşmışdır və zamanla milli ideolojimizin əsasına yatırılan ideallara dönüşəcək. O zaman Azərbaycan küllən Bəyləşəcək və bu ad milləti yeni aydınlıqlara qovuşmaq uğruna mücadilələrə, mübarizələrə və savaşlara səfərbər edəcək…

Bu gün millətin qürurla, hakimiyyətin – bəllli qısqanclıqla da olsa 100 illiyinə rəsmi fərmanla yürüdüyü Cümhuriyyətimizin nə adnı, nə də öndərlərini imperiya bu xalqa unutdura bilmədiyi kimi, ikinci respublikanın qurucularını da xalqın yaddaşından silmək, ya da gözündən salmaq cəhdləri əbəsdir. Cümhuriyyətin öndəri Məhəmməd Əmin Rəsilzadənin də söylədiyi kimi,  “…Qalibiyyət günəşi qızıl istibdadın zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır”.

Əvvəldə də dedim ya, zaman kimin qalib, kimin məğlub olduğunu və kimin yerinin tarixin şərəf tribunası, kimin yerinin isə çöplük olduğunu göstərəcək. Tarix boyunca, arxasını rejimlərin xofuna, dövlətin gücünə  dayamış misgincə dayatmalardan doğan, sönük idrakların təsəlli yeri olan daş heykəllər, milyonların könlündə qurulmuş taxtlarla rəqabətdə heç qalib olmadı, ona görə…

80 YAŞIN MÜBARƏK!

MİLYONLARIN KÖNÜL EVİNİN BAŞ KÖŞƏSİNDƏ QURULMUŞ TACI-TAXTIN ƏBƏDİ OLSUN, BÖYŪK BƏY!

(Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir)

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button