“O, milli azadlıq hərəkatının ilk lideridir” – Hatəminin ölümündən bir il ötür

Sabir Rüstəmxanlı: “Onun ruhu o zaman şad olacaq ki…”;

Rauf Arifoğlu: “Fədakar insanların adları unudulmayacaq”;

Nemət Pənahlı: “Milli azadlıq hərəkatının ilk lideridir”

Azərbaycan milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Hatəmi Tantəkinin ölümündən bir il ötdü. Xural.com Musavat.com-a istinadən xəbər verir ki, bu münasibətlə Tantəkinin hərəkat yoldaşlarından bir qismi onu yad ediblər. Əvvəlcə “Nərimanov” parkına toplaşan hərəkatçılar daha sonra M.Hatəminin “Bülbülə” qəbristanlığındakı məzarını ziyarət ediblər. Mərhumun ruhuna dualar oxunub, məzar önünə gül dəstələri düzülüb.
Hərəkatçılar onunla bağlı xatirələrini məzar önündə ziyarət iştirakçıları ilə bölüşüblər.

sabir bey.JPG (43 KB)

İlk olaraq çıxış edən xalq hərəkatının liderlərindən olan, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı bunları deyib: “Tantəkin uzaqgörən insan idi. Meydan hərəkatında onun xüsusi yeri var. “Çənlibel” dərnəyinin yaradılmasında misilsiz xidmətləri var idi. “Çənlibel”in ikinci yığıncağında mənə dedi ki, gəl sənin “Qan yaddaşı” kitabını burada müzakirə edək. Şeirlər kitabımı müzakirə etdilər və orada Tantəkin çox parlaq çıxış etdi. Əli nəyə çatırdısa, ondan istifadə edib Azərbaycanın milli şüurunun oyanmasına kömək edirdi. Meydanda onun, mənim və Nemət Pənahlıdan ibarət üçümüzün fotosu var. O tarixi şəkildir… Meydan hərəkatının başlanmasında onun xüsusi rolu danılmazdır. Tantəkinin bəzi radikal mövqeləri ilə mövqelərimiz üst-üstə düşmədi. O başqa yolla getsə də, hər halda o meydanın toplanmasında, hərəkatın güclənməsində, Azərbaycan xalqının milli şüurunun oyanmasında Məhəmməd Hatəminin öz xüsusi yeri var. Vicdanlı, dürüst, millətini tanıyan, tariximizi bilən adam idi. Məhəmməd Hatəmi sözün həqiqi mənasında fədai idi. Bu yolda həyatından keçməyə hazır bir şəxs idi. Allah ona rəhmət eləsin, ondan geridə qalanlara cansağlığı versin. Mənə elə gəlir ki, onun ruhu o zaman şad olacaq ki, biz onun ideallarına qovuşacağıq. Arzu edirəm ki, onun idealları həyata keçsin”.

a5a318ef-e612-490b-aba3-6f205cbab628.jpg (106 KB)

Daha sonra çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, M.H.Tantəkini meydan hərəkatı günlərində (1988-ci ilin 17 noyabr-5 dekabr tarixləri) tanıyıb və tanış olub. “Hərəkatın ilk günləri idi, meydandaydım və hər kəsi dinləyirdim. Gündüzlər tribunadan Sabir bəyi, Nemət Pənahlını, Məhəmməd Hatəmi Tantəkini və Əbülfəz Əliyevi (sonradan Elçibəy – Red.) dinlərim. Gecələrsə ocaqlar yanar, gündüz bir olan, vahid olan meydan ocaqların başında qruplaşardı.

Azərbaycanın gələcək partiyalarının ocaqları idi, meydan boyunca ayrı-ayrı nöqtələrdə alovlanan o tonqallar. Mən Məhəmməd Hatəminin tonqalını seçdim, ilk gündəncə. Söhbətləri, radikallığı çox xoşuma gəldi. Proseslərin gedişində onun qurduğu təşkilatlarda oldum. Bir il sonra – 1989-cu ildə biz Yeni Müsavat adlı partiya qurduq. İlk təşəbbüsdə bərabər idik. Mənə elə gəlirdi ki, Məhəmməd Hatəmi Müsavatın başqanı olacaqdı. Lakin sonradan nədənsə Məhəmməd bəy o təşkilatın başına keçmədi. Yoluna “Qurtuluş” hərəkatı ilə davam etdi. Məhəmməd bəy həm də bir Qarabağ qazisidir.

Yaşının xeyli irəliləyən çağlarında “Qurtuluş” adlı bir batalyon qurdu və bu batalyon torpaqlarımız uğrunda döyüşlərdə böyük fədakarlıq göstərdi. Onu rəhmətlə anıram. Allah rəhmət eləsin. Bizim həyatımızın meydandan sonrakı hissəsində onun böyük rolu var. Onun təlimlərinin, onunla etdiyimiz söhbətlərin dünyagörüşümüzün formalaşmasında, dünyaya, Azərbaycana, Güney Azərbaycana baxışımızın cilalanmasında böyük rol oynadı. Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Azərbaycanımızın bu fədakar övladı ola bilər ki, bu gün müəyyən kəsim üçün unudulmuş kimi görünə bilər. Amma Azərbaycan durduqca Məhəmməd Hatəminin və bu cür fədakar insanların adları unudulmayacaq”.

bc61bf4b-bd9b-4f47-a660-1bb08275e1d3.jpg (100 KB)

Meydan hərəkatının qəhrəmanı və lideri olan Nemət Pənahlı duyğusal çıxışında göz yaşlarına hakim ola bilmədi: “Mən Tantəkini ilk dəfə görəndə tamam başqa bir insan görmüşdüm. İlk görüşdən heç kimsədə görmədiyim cəsarəti, qətiyyəti, mübariz ruhu onda gördüm. O “Çənlibel”i yaratdı, biz də onun başına toplaşdıq. Məhəmməd Hatəmi milli azadlıq hərəkatının ilk təməl daşını qoyub. Onun qədər ziyalılar içərisində öndə olan görmədim. Yeşikdə minlərlə arı ola bilər, amma rəhbərlik edən ana arı var. Ana arı məhv olarsa, hər şey bitir. Bir növ Tantəkin, hərəkatda ana arı rolunu oynadı. Hatəmi SSRİ dövründə gələcək müstəqilliyimizi görən və bunu açıq şəkildə dilə gətirəcək cəsarətə sahib şəxslərdən idi. O hər şeyi gözə almışdı. Mübarizəyə ölümü göz altına alaraq çıxmışdı. 1988-ci ildə meydanda öndə Sabir bəy və mən olsam da, hərəkat dağıdılandan sonra Hatəmi həbs olundu. 20 Yanvar qətliamından sonra yenə də o həbs olundu… Düşmən bilirdi kimi həbs etmək lazımdır. Qarabağın azadlığı uğrunda o əlinə silah alıb vuruşan şəxsdir. Onunla narazılığımız da çox olub, bəlkə də Azərbaycanda məni ən çox tənqid edən də odur. Amma onun haqqı qədər bu məmləkətdə tapdalanan ikinci şəxs yoxdur. O, milli azadlıq hərəkatının ilk lideridir. Bunu vicdanı olanlar dana bilməzlər. Hatəmi ömrümün sonuna qədər qəlbimdə sağalmayan bir yara olacaq. İqtidar da, müxalifət də onun kim olduğunu yaxşı bilirdi. O bu cür münasibəti haqq etmirdi. Allah rəhmət eləsin. Biz Tantəkini unutmamalıyıq, unutmağa da qoymamalıyıq”.

M.Hatəminin hərəkat yoldaşlarından olan Yaşar Türk Azər onu özünə mənəvi ata seçdiyini bildirdi: “Mən deyəndəki Hatəmi mənim ustadım, mənəvi dədəmdir, bir çoxları mənə gülürdü. İlk dəfə mən tutulanda o məni müdafiə edərkən həbs olundu. O həm də bir fədai oğlu idi. Onun hər şeyini görmüşəm. Çox şey ondan öyrəndim. Nəzəriyyədə bildiyimi o mənə təcrübədə göstərdi. Fəxr edirəm ki, Hatəmi kimi ustadım, mənəvi dədəm var. Mənim üçün o Fəzullah Nəiminin dili ilə desək, gedən cismidir, ruhu bizimlədir. Ruhu şad olsun”.

Daha sonra iştirakçılar mərhum siyasətçinin, hərəkat liderinin ehsanı üçün mərasim zalına getdilər və iftar süfrəsində oturdular.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button