Obamalar Trampla bağlı xəbərdarlıq edirlər

Avqustun 20-də, Demokratlar Partiyasının qurultayının ikinci günündə keçmiş prezident Barak Obama (Barack Obama) həyat yoldaşı Mişel Obama (Michelle Obama) ilə birlikdə çıxış edərək xalqı Kamala Harrisi dəstəkləməyə çağırıb. Onlar noyabrda keçiriləcək prezident seçkisində ağır mübarizə ilə bağlı xəbərdarlıq səsləndiriblər.

“Amerika, ümid geri qayıdır”, – keçmiş birinci ledi deyib. O, daha sonra respublikaçıların namizədi Donald Trampı (Donald Trump) sərt tənqid edib.

“Dünyanı məhdud, dar görməsi, iki zəhmətkeş, ali savadlı, uğurlu, həm də qaradərili iki nəfərin varlığı onu qorxuya salıb”, – M.Obama Tramp barədə deyib.

ABŞ tarixində ilk qaradərili prezident olan B.Obama isə bildirib ki, xalq Yamayka və Hindistan kökənli Harrisi seçməyə hazırdır. Harris seçilərsə, ölkənin ilk qadın prezidenti olacaq.

“The Associated Press” yazır ki, Demokratlar Partiyasının iki böyük ulduzunun belə kəskin mesajları indiki məqamın vacibliyini vurğulayır.

Vitse-prezident K.Harrisi digər tanınmışlar, ifrat soldan mərkəzçilərə qədər bəzi rəsmilər, hətta bəzi respublikaçılar belə dəstəkləyir.

Senatda demokratların lideri Çak Şumer (Chuck Schumer) və Vermontdan müstəqil Berni Sanders (Bernie Sanders) də Harrisi tərifləyib.

Şumer seçiciləri Senatda daha bir demokrat çoxluğu seçməyə çağırıb. “O bunu təkbaşına edə bilməz”, – o, Harrisin mümkün prezidentliyi barədə deyib.

Demokratların qurultayı tərəddüdlü Viskonsin ştatında 15 min adamın yığışdığı arenada keçirilir. Ötən ay respublikaçıların qurultayı da həmin yerdə baş tutub.

“Biz birlikdə irəliyə yeni yol açacağıq. Azadlıq, imkan, nikbinlik və etimad gələcəyi”, – vitse-prezident söyləyib.

Demokratlar qurultayın sonuncu günü – avqustun 22-də prezidentliyə namizədi rəsmən elan edəcəklər.

Tramp da vitse-prezidentliyə namizədi Ceyms Vens (JD Vance) ilə birlikdə bu günlər seçki təşviqatı çərçivəsində tədbirlər keçirir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button