O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

Yayımlandı: 29 İyun 2024 16:42

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik”

O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə çağırıb

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə çağırıb.

O, Bakıya səfəri zamanı vətəndaş cəmiyyəti fəalları ilə görüşüb.

Bu barədə O’Brayen “X” sosial şəbəkə hesabında yazıb.

“Bakıda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdük və Azərbaycan hökumətinə insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etmək çağırışını təkrar etdik”, – deyə diplomat qeyd edib.

O həmçinin istintaq altında olan müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlu ilə görüşüb:

“Doktor Qubad İbadoğlu ilə görüşüb fəal vətəndaş cəmiyyətinin vacibliyini müzakirə etməkdən şərəf duyuram. Biz onun tamamilə və ən qısa zamanda azad olunmasına çağırış etməyə davam edirik”.

İyunun 28-də keçirilən brifinqdə O’Brayen Azərbaycanda müstəqil mətbuata təzyiqlə bağlı da şərh verib:

“ABŞ ifadə azadlığının və müstəqil jurnalistikanın vətəndaş cəmiyyətinin əsas tərkib hissələri olduğuna inanır. Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik və buna davam edirik”.

Diplomat bildirib ki, Bakıdakı görüşlərində müstəqil jurnalistikanın cəmiyyətin inkişafı və yetkinləşməsinin vacib tərkib hissəsi olduğunu vurğulayıb.

İyunun 28-də Bakıda səfərdə olan Ceyms O’Brayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Mətbuat üçün keçirdiyi brifinqdə Ceyms O’Brayen deyib ki, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün imkanlar var.

“Münaqişənin nizamlanması bütün region üçün faydalı olacaq, eyni zamanda, iqtisadi fayda gətirəcək”, – O’Brayen deyib.(https://turan.az/az/siyaset/obrayen-azerbaycan-ve-ermenistan-arasinda-sulh-butun-region-ucun-faydali-olacaq)

Hərbi təchizatla bağlı Ermənistan və Fransa arasında razılaşmalara toxunan amerikalı diplomat deyib ki, hər bir ölkənin özünümüdafiə hüququ var.

“Biz görürük ki, Azərbaycan da bu istiqamətdə işləyir. Yeni silahların alınması həm də tərəflər arasında inamın çox az olmasının göstəricisidir və bu başa düşüləndir. Çünki söhbət 30 illik münaqişədən gedir”, – amerikalı diplomat əlavə edib.

O qeyd edib ki, tərəflər sülh quruculuğu və etimadın yaradlması istiqamətində çalışırlar.

O’Brayen Azərbaycanın COP-29-u qəbul etməsini Ermənistanın dəstəklədiyini, Azərbaycan tərəfindən saxlanılan ermənilərin azad edildiyini, sərhədlərin demarkasiyası prosesini xatırladaraq, bu addımları müsbət hal kimi dəyərləndirib.

Diplomat ABŞ-nın Azərbaycan və Ermənistanı iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tədbirlərə dəvət etdiyini bildirib:

“Biz hər iki ölkənin iştirakını gözləyirik. Ümumilikdə, bu ölkələr də daxil olmaqla, 30 dövlətin iştirakı gözlənilir”.

Qarşıdakı COP29 iqlim sammitilə bağlı amerikalı diplomat qeyd edib ki, ABŞ bu tədbirin keçirilməsində Azərbaycana texniki dəstək verəcək.

Diplomat həmçinin Avropanın enerji təchizatında Azərbaycanın rolunu qeyd edib:

“Bəzi Avropa ölkələri Rusiya qazından tamamilə imtina ediblər, bəziləri satınalmaları azaldıblar. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında aparıcı rol oynayan ölkələrdən birinə çevrilib”.

O’Brayenlə Əliyevin görüşündən yazan AZƏRTAC xəbər verir ki, amerikalı diplomat Birləşmiş Ştatların regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrin strateji səviyyədə daha da inkişafı məsələlərinin vacibliyini qeyd edib.

Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlərin müzakirə olunduğu bildirilir.

Çin-Qazaxıstan sərhədindən başlayan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçərək Avropaya qədər uzanır.

“Amerikanın səsi” yazır ki, ABŞ Dövlət katibinin köməkçisi Azərbaycanda görüşlər zamanı insan haqları, demokratiyanın vacibliyi və müstəqil jurnalistlərə qarşı edilən təzyiqlərə də toxunub.

Ötən əsrin 80-ci illərindən qızışan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə hərbi toqquşmalara səbəb olmuşdu.

Son illər iki ölkə arasında həm Vaşinqtonun dəstəklədiyi Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma, hələlik, tərəflər sülh sazişi imzalamayb.

Son bir ildə isə tərəflər öz aralarında sərhədin müəyyən edilməsi ilə bağlı görüşlər keçirirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button