Oktay Ağayev Cəlilabaddan nə istəyir?

Baxıcı

Hüsamə bin Sərxan
husamasarxan@mail.ru

Qanunun düşməni – Allahın da, onun bəndəsinin də düşmənidir. Atam-qardaşım, insan nə qədər şeytanla oturub-durar.Vəzifəsini qoltuğuna götürüb dünyanı bir-birinə vuran vəzifə sahiblərinin sayı yox, hesabı yox. İctimai əmsalı olmayan fəaliyyət sahələri azaldıqca baxıcıların, qumarbazların, fahişələrin, girdirmə vəkil və hüquqşünasların sayı artıb çoxalır. İşbilməzlər, dərdçəkməzlər “strument”lərini götürüb daraşıblar millətin canına. Millət cəhənnəmə, heç olmasa sayəsində vəzifə sahibi olub əkmək, var-dövlət qazandıqları prezidentə də hörmət hisslərini itiriblər. Sanki başqa, daha imtiyazlı planetin nümayəndələridirlər.

Çərşənbədən bir gün sonra yolum rayon mərkəzinə düşmüşdü. Dərdimi bölüşmək istədiyim hansı idarəyə, başımı düzəltmək istədiyim hansı çayxanaya girdim, qulaqlarım “Oktay Ağayev hərbi komissarlığa gəlib” kəlməsini duydu. İlk fikrimə gələn xalq artisti, “Qaya” ansamblının solisti olmuş dünya şöhrətli müğənnimiz oldu. Niyə də olmasın? Axı burada təəccüblü nə var ki? Dünyanın ən varlı dövlətlərindən, ən güclü millətlərindən biri məgər biz deyilikmi? Bəs onu kim bu səviyyəyə çatdırmışdır? Zəhmətkeş və zülmə adət etmiş ölkə vətəndaşları… Quran, yaradan, övladları Vətən uğrunda döyüşən və şəhid olan sadə insanlar. Son bir ayda bəlkə də ilk dəfə sevinən-fason oldum. Hər halda, sənətkarını yaxından tanımaq adi insanların da haqqıdır amacı ilə özümü çatdırdım “vayonkomat”a. “Vayonkomat”in həyətindəki çoxlu sayda əngi-başı əyilmiş, gözləri hədəqəsindən çıxmış insanları görüb karıxdım. Allahım, bura “vayonkomat”dan çox vayxanaya oxşayırdı. Heç demə, gələn də “Qaya”nın yox, Hərbi prokurorluğun “solisti”, polkovnik-leytenant Oktay Ağayev imiş. Əlqərəz, antikorrupsiya mübarizəsinə özlərindən başlayacaqlarını vəd etmiş baş prokuror Zakir Qaralovun əməkdaşı mart ayının 14-də rayona təşrif buyurub cəlilabadlıların çərşənbə bayramını qara gətirdi. Hal-hazırda da proses davam edir və görünən odur ki, polkovnik-leytenant cəlilabadlıların qarşıdan gələn bayram günlərini də insan kimi qarşılamağa imkan vermək fikrində deyil. Ən maraqlı nüans isə ondan ibarətdir ki, Oktay müəllim hərbi komissarlığı yox, sanki cəlilabadlıları və onların cibini yoxlamağa müvəkkil edilib. Belə olmasaydı, hörmətli prokuror Müdafiə Nazirliyinin 14 mart 2008-ci il tarixli 123 saylı əmrini nəzərə alar və anlayardı ki, sülh dövründə hərbi xidmətə yararsız şəxs müharibə dövründə məhdud yararlıdır. Bu qəbildən olan çağırışçılar “C” kateqoriyasına aid edilir və 3 ildən bir təkrar müayinədən keçirilirlər. Əgər 3 il müddətində çağırışçı sağalarsa (xəstəliyin reabilitasiyası), çağırışçı hərbi həkim komissiyasının rəyi əsasında yenidən şəhadətləndirilir və hərbi xidmətə göndərilir. Lakin Oktay müəllim bunu anlamamaqda israrlıdır və onu, son köpüyünü belə Novruz bayramına xatir xərcləmiş cəlilabadlının müdhiş halı qətiyyən maraqlandırmır. Çünki onu Cəlilabada göndərənlər, bu rayonda yaşayan hər bir insanın narkomafiyanın üzvü olduğunu düşünür.

Yazının “DABAN”ı:
…Cəlilabadlılar cənab prezidentin korrupsiya əleyhinə mübarizəsini çox yüksək dəyərləndirir, bu mübarizənin səmimiliyinə zərrə qədər də şübhə etmirlər. Fəqət, hal-hazırda sadə cəlilabadlılara yönəlik yöndəmsiz və qaba davranış metodlarından istifadə edən oktayağayevkimilər nəinki prezidentin müqəddəs çağırışına məhəl qoymurlar, hətta “düşmən dəyirmanına su tökürlər.” Söz yox ki, hələlik ölkəmizdə alternativ dəyirmanlar yoxdur.
…Oktay Ağayevin “şousu” davam edir. Onu müşayiət edir hərbi prokurorluğun çakqıdı-çukqıdıçılar “orkestir”i.

Redaksiyadan:
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button