Oktay Şirəliyevə ismarıc-4

Sakit Orduxanlı
“Xural”ın Cənub Bürosunun rəhbəri

Boğazımdan yuxarının – keçəl başımın, mənfi dörd eynəkli gözlərimin, qalpaq dişlərimin və ən əsası, gündən-günə kütləşən yaddaşımın “yaddaşı” Oktay doxtur, belə sənin saniyəsi qızılsız olmayan vaxtın xeyir! Və bəri başdan deyim ki, sənin həkimlərə keçdiyin testlərdən həvəslənərək, özümü imtahan edəndən sonra mənim ötənlərdəki mən olmadığıma, ağlımın və ağzımın kəsərsiz olduğuna şübhə yeri qalmadığından dördüncü dəfə sənə ismarıc yollamalı oldum.
Bəri başdan deyim ki, bu ismarıcım sənin səhiyyənin “yüksəlişindən” ölən beynimin yox, korlaşan gözlərimlə gördüklərimin məhsuludur.

Öncə onu deyim ki, ölkəmizdə yardımçı “təsərrüfatı” olan nazirlər arasında sən tək deyilsən və sıralasam onda gərək gözlərim yola tikənə, qulaqlarım qaz kimi guruldaya, beynim özəl ola, dişlərim buğda kimi sıralana… və damarlarım “boru” kimi uzana…

Oktay müəllim, sənin mənə andın olmasa da, and olsun səhiyyəmiz cəhənnəm, heç olmasa məni “düzəltmədiyinə” görə ismarıc göndərdiyim, vəzifə və vəzifə borcuna görə sənə gücü çatmayan (əstəğfürullah) Allaha ki, istər həkimlərinin, istərsə də digər tibb personalının qaş-qabağı “yer süpürən” Əli İnsanova nisbətən gülərüz səndən zərrəcə qorxusu yoxdur. Elə bu dəqiqənin özündə də “pulsuz” xəstəxanalarında pullu kəshakəs (əməliyyat), pullu vurhavur (iynə, sistem), pullu gücədüş (doğuş) davam edir və mənim kimi günümüzün reallıqlarıyla ayaqlaşa bilməyən “anormal”lar səsini qaldırıb irad tutanda “bə mən neynim, nəinki tibbi alətlərlə, dərmanlarla, heç olmasa Allahın 5 qəpiklik şprisiylə təmin olunmuram” deyən həkim haqlı olaraq adamın dilini qatlayıb qarnına qoyur. Bax, elə buna görə də sənin “medik” və “medsestra”ların əməliyyatda kəsilən “kista”nı, böyrəyi, öd kisəsini,.. yoğun boğarsığı toyda bəyə aş aparırmış kimi boşqaba qoyub xəstənin adamlarına göstərib “muştuluq” istəyirlər!

Oktay müəllim, KİV-də, TV-də ağızdolusu şəninə danışdığın “pulsuz” xəstəxanalarından və bu xəstəxanalarında qarnı ağrıyan imkansız xəstələrin qarınağrısına salındığını sənə göndərdiyim üç, Allaha göndərdiyim bir ismarıcda qeyd elədiyim üçün dərinə getmir, bu yaxınlarda mənim yox, sənin düz “qulağının dibində”ki “Respublika xəstəxanası”nda şəxsən özümün başına gələn və gətirilənlərdən yazmaqla kifayətlənirəm.

İnsaf naminə və kişiyana deyim ki, “üstü bəzək altı təzək”, koridorunda “yel vurub yelkənlər oynayan” bu xəstəxananın ikinci korpusundakı həkimlər sözün hər mənasında qızıla büküləsi olsalar da, süpürgəçisindən tutmuş ta… laborantlarına qədər aləmdir… Vay, dədəm vay, “Ərəbzəngi” desən burada, “ölü yuyan” desən burada… “qansoran” desən burada! Yox, çaşma və məni də çaşdırma Oktay müəllim, “nağılımın” qəhrəmanları nə “Respublikanski”nin “podvalında”, nə də yuxarı mərtəbələrində yox, məhz və məhz birinci mərtəbəsindədir. Ay qardaş, ay ağrımayan və hələ ki ağrıdılmayan başına döndüyüm Oktay müəllim, dünyanın harasında görünüb ki, ağır xəstə “şalvarını batıran” (gərək bunu dırnaqsız yazaydım) kimi yalvara, amma bir ayağı gorda olan qoca qadın süpürgəçi tualetin qapısını açmaya. Ki, “tualetə giriş 40 qəpikdir”. Amma öz aramızdır, Oktay müəllim, burada mənə “yağlı” bir beş düşür, çünki ağır xəstəliyinə yox, qarnının ağrısına zarıldayan xəstənin hıqqıltısını eşitməsəydim və qarıya təpinməsəydim, zalım oğlu şalvarıyla yanaşı, çox şeyi batıracaqdı. “Pulsuz” xəstəxana üçün borc-xərc topladığım pulla ona alacağım şalvar, alt paltar, corab, ayaqqabı və batırılmış döşəməyə görə ödəyəcəyim pul cəhənnəmə, paytaxtda biabır olacaqdıq… Bu bir…

Oktay müəllim, deyim bilin ki, elanda yazılmasına baxmayaraq, buradakı liftin “Ərəbzəngi”si insanları liftə dörd-dörd yox, beş-beş, altı-altı mindirir və and olsun səni-məni yaradana ki, liftə minmək istəyən xəstə “liftçi Ərəbzəngi”nin diliylə desəm, “bir məmməd” verməsən, Allahdan qabaq onun canını pilləkənlər alacaq… Bu iki…

Oktay müəllim, bilin və agah olun ki, buradakı “Mərkəzi Laboratoriya” adlanan məkana girəndə adam laməkan olur. Ki, xəstənin qanıyla yanaşı, onun adamının cibi “sorulur”. Deyim biləsinisiz ki, Allah eləməmiş, burada “qan analizi” vermək istəsəniz, cibinizə 35-40 manat pul qoyun və laborantdan çek tələb etməyin. Əks halda, analizin cavabı sizə təqdim olunmayacaq və çekdən ötrü laboratoriya müdiri ilə deyişməli və “döyüşməli” olacaqsınız… Bu da üç…

Hə, Oktay müəllim, yaddaşım sizin səhiyyənin, firma dərmanlarının sayəsində zəiflədiyindən yadımdan çıxmamış onu da deyim ki, oğlu “xalxın” ayısını yediyindən “aram olmayan” Ziya Məmmədovun “cındırından cin”, palatalarından xəstə hürkən Biləcəri Dəmiryolu Xəstəxanası sizinkilərdən hər mənada heç də geri qalmır. Bəs qədər pulu olan NN-in balansında olan xəstəxana qəzalı vəziyyətdədir, palatalar, yataqlar qeyri-standart, döşəklər və döşəkağılar Nuh əyyamından qalmadır.

Belə… Oktay müəllim, sonda sizə göndərdiyim üç ismarıcımda olduğu kimi, yenə xahiş edirəm:

Rəhbəri olduğunuz səhiyyəni, buna gücünüz çatmasa, heç olmasa məni “düzəldin!”

İ.S. Paytaxta baxanda, qurban olum heç olmasa tualeti “nəxi” olan rayon xəstəxanalarına…

İnandırma:
Oktay müəllim, baş redaktorumun “tobalatma”sından sonra əhli namaz olduğumdan Qurana əl basaram ki, yazdıqlarım yalan deyil!!!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button