OKTYABRIN 28-DƏ ƏVƏZ ZEYNALLININ HƏBSINDƏN 2 IL KEÇDİ – VİDEO


əvəz həbsi28.10.2013

Bu gün həm də baş redaktoru şərləyərək, həbs etdirən sabiq deputat Gülər Əhmədovanın Bakı Ağır Cinayətlər məhkəməsində növbəti məhkəmə prosesi keçiriləcək

 Bu gün cəmiyyət həqiqətən də özünə Böyük Gələcək arzulayırsa, o zaman bu sorumluluğu üzərinə götürməli, müstəqil yazarları qorumagı bacarmalıdır…

 Ötən 2 ildə Ə.Zeynallının həbsilə bağlı Azərbaycanın ən üzdə olan insanları, yazarları, sənət adamları, siyasətçiləri, millət vəkilləri fikir və mövqelərini açıqladılar. Bu gün də dünyanın ən nüfuzlu jurnalist hüquqlarının müdafiə təşkilatları Ə.Zeynallını “vicdan məhbusu” olaraq dəyərləndirir və onun hüquqlarının bərpası, həbsdən azad olunması tələbilə çıxış edirlər. Bütün bunlar öz yerində…

Ancaq bu gün Azərbaycanda da çox nadir adam tapılar ki, vicdanını boğub, Ə.Zeynallının həbsinə bəraət qazandırsın. Hamı bilir və çox gözəl bilir ki, Ə.Zeynallı nə üçün, nəyə görə, kimlərin sifarişilə həbs olundu. Hamı onu da yaxşı bilir ki, 2 il əvvəl yeri-göyü dağıdıb, Ə.Zeynallını şər və böhtanla həbs etdirən adamların aqibəti hansı durumdadır.

“Sənin yerin elə oradır”, “qoy bir az ağıllansın…” deyənlərin məkanı və məramı necə bəllidirsə, bu həbsdə əli və planı olan məmurların aqibəti də o cürdür. Kəndir boğaza dirənib. Bütün planlar Allahın əmrilə bərbad olub. Can hayında olan kim, vəzifəsini itirəcəyindən qorxan kim…

Bütün bunlar ötən 2 ildə yaşandı. Adi vaxtlar günlərin, ayların necə keçdiyi bilinməsə də ötən 2 il hər anı, hər saniyəsi, hər dəqiqəsilə yadda qaldı. Demək olmaz ki, Ə.Zeynallının həbsi yalnız pis əlamətlərə yozula bilər. Yox. İnsan elə məxluqdur ki, 15 yaşında ahıllığın acısını, 70 yaşında gəncliyin təcrübəsizliyini yaşaya bilər. Ə.Zeynallı yaşının ən gözəl çağında həyata, insanlara baxışını formalaşdırmaq üçün imkan tapdı. Dostlarının, yaxınlarının səmimiyyətini gördü. Qazandı ki, itirmədi.

İtirən yalnız müstəqil Azərbaycanın müstəqil mətbuatı oldu. Son 2 ildə Ə.Zeynallının imzasını qəzet səhifələrindən axtaran Oxucular oldu. Bu gün də bir çox siyasi, ictimai hadisələrdə Ə.Zeynallının müstəqil jurnalist araşdırmalarına, savadlı siyasi yanaşmalarına ehtiyac var. Oxucuları yəqin ki, onun analitik yazılarından və yaxın gələcəyə istiqamətlənmiş proqnozlarından xəbərdardırlar. Sanki o bütün ictimai-siyasi prosesləri öncədən görür, ona layiqli dəyərləndirmələrini verirdi. Bəlkə də onun bu siyasi savadı, ictimai baxışları qələmini daha kəsərli edir, başqalarının döyə-döyə əridə bilmədiyi poladı bir yazısı ilə muma çevirirdi.

Bu gün Ona, onun qələminə çox ehtiyac var.

Xaricdə yaşayan həmyerlilərimizdən biri Ə.Zeynallı həbs olunarkən belə də demişdi: “Artıq hər şey bitdi. Əvəzi həbs etməklə, müstəqil mətbuatın belini qırdılar.”

Acı da olsa, bu həqiqətlə razılaşmamaq olmur. Müstəqil, azad yazarların sığınacağına çevrilən “Xural” qəzeti fəaliyyətini dayandırdıqdan sonra, bəzi dostlar jurnalist fəaliyyətlərinə xitam verərək, ədəbiyyata qayıtdılar. Bəziləri yana-yana da olsa, mətbuatdan xəbəri olmayanların əlinin altında işləməyə məcbur oldular. Evlərinə bir parça çörək aparmaq, ömürlərini kirayə evlərdə keçirməmək üçün “satılmışlar” damğasını götürməkdən çəkinmədilər. Ə.Zeynallının həbsindən sonra müstəqil yazarların sıraları getdikcə daraldı və o qədər daraldı ki, artıq onun haqqında nəsə yazmağa belə söz tapmaq olmur.

Həyat qəribəliklərlə, təzadlarla doludur. Nə bilmək olar? Bəlkə bu gün ümidsizliklə baxdığımız Azərbaycanın müstəqil mətbuatının Böyük Gələcəyi heç də uzaqda deyil. Bəlkə bizi möcüzələrlə zəngin, arzuolunan bir mətbuat gözləyir? Nə bilmək olar? Amma bu gün cəmiyyət həqiqətən də özünə Böyük Gələcək arzulayırsa, o zaman bu sorumluluğu üzərinə götürməli, müstəqil yazarları qorumağı bacarmalı, Ə.Zeynallı kimi yazarların hüquqlarını özü müdafiə etməlidir.

Müstəqil mətbuatı elə yaşatmalıdır ki, 4-cü hakimiyyət də onu yaşada bilsin. Əlbəttə, söhbət saxta deyil, əsl 4-cü hakimiyyətdən gedir.  

N.Həsənli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button