Oliqarx İvanişvilinin uşaqlarının bank hesablarına çıxışı məhdudlaşdırılıb
Yayımlandı: 3 Oktyabr 2024 12:16
Bu, ilkin sanksiya hesab olunur
Oliqarx və hakim “Gürcü Arzusu” Partiyasının qurucusu, fəxri sədri Bidzina İvanişvilinin xaricdə yaşayan övladlarının bank hesablarına çıxışı məhdudlaşdırılıb.
Bu barədə “Formula TV” “Times”dakı mənbəsinə istinadən yazıb. Bildirilir ki, banklar İvanişvilinin ailə üzvlərinin bəzi hesablarına girişi tamamilə bloklayıb, bəzi hallarda isə hesablar onlardan istifadə imkanları məhdud olan rejimə keçirilib. Bu, ilkin sanksiya hesab olunur.
Nəşrin yazdığına görə, bu, o deməkdir ki, maliyyə institutları ABŞ Xəzinədarlığı, Dövlət Departamenti və ya Avropa institutları tərəfindən verilən etibarlı məlumat əsasında hesab sahibi və ya əlaqəli qurumu sanksiyalara məruz qoymaq barədə qərar qəbul edir. Söhbət təkcə ABŞ, Böyük Britaniya və ya Avropa İttifaqının yurisdiksiyasında fəaliyyət göstərən bank institutlarından getmir.
Oliqarx İvanişvilinin iki övladı Gürcüstanda yaşamır: qızı Qvantsa (Vivyen) ABŞ-da, oğlu Uta Fransada yaşayır. Reper Bera isə Braziliyadadır. Son vaxtlara qədər Gürcüstanda yalnız kiçik oğlu Tsotne qalırdı. O, vaxtaşırı hakim partiyanın mitinqlərində çıxış edir.
ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Yan Kelli və Dövlət Departamenti rəhbərinin keçmiş köməkçisi, Buş İnstitutunun icraçı direktoru David Kramer Co Bayden administrasiyasından “Gürcü Arzusu” Partiyasına və onun yaradıcısı, oliqarx Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyi tələb ediblər.