Oliqarxlara bağlı olan bütün icra başçıları işdən qovulacaq – sərəncam hazırlanır

Oliqarxlara bağlı olan bütün icra başçıları işdən qovulacaq - sərəncam hazırlanır

Əyalətlərdə narazılıqları yönəldəcək müxalifət yoxdur, amma iqtidar texnoloqları yaxşı anlayır ki, qudurğan icra başçılarına görə elə bil sosial partlayış baş verə bilər ki…; özünün ən qüsurlu kadrlarını da müdafiə edən YAP hakimiyyəti indi nədən…

 
Ötən həftə prezident İlham Əliyevin üç rayonun icra başçısını işdən çıxarması və son illər bəlkə də ilk dəfə Prezident Administrasiyası rəhbərinin (PA) müavini Zeynal Nağdəliyev səviyyəsində bu sərəncamlara verilən izahat ciddi müzakirə mövzusuna çevrilib. 
PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Z.Nagdəliyev açıq mətnlə deyib ki, bu icra başçıları  vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. İllərdir ki, işdən çıxarılan icra başçıları, hətta Quba və İsmayıllıda məlum hadisələrdən sonra da işdən uzaqlaşdırılan rayon rəhbərləri haqda prezident sərəncamlarına bu cür açıq izahat verilməyib. YAP hakimiyyəti adətən, illərdir görəvləndirdikləri kadrları işdən çıxarılandan sonra da sahibsiz buraxmır, qoruyur, hətta pis reputasiyasına rəğmən müdafiə belə edirdi. İndi isə bu cür ictimailəşmə, bəzi telekanallarda icra başçılarının zülmlərindən qurtulmuş əhaliyə tribuna verilməsi hakimiyyət idarəetməsində ciddi bir dəyişikliyin başlandığını göstərir. Bu, artıq bir məmurun işdən çıxarılması deyil, vəzifədən qovulma, karyeranın birdəfəlik bitməsi deməkdir, həm də əhalinin mənafeyi naminə…
“Biz hakimiyyət üçün çox vacibik” məntiqi ilə düşünən xeyli arxayınlaşmış məmur təbəqəsini islah etmək, belə görünür ki, yeni iqtisadi və siyasi gerçəkliklər zamanında daha çətindir. Hər nə qədər prezident səviyyəsində nəzarət olsa da, bəzi məmurlar artıq islaholunmaz həddə korlanıblar. Bəziləri isə o həddə maliyyə cəhətdən “şişib” ki, gözləri ayaqlarının altını görmür, “vicdanla işləyin” kimi xəbərdarlıqlardan nəticə çıxarmırlar. Bu isə, xüsusilə rayonlarda, ciddi narazılıqlar yaradır. Narazılıqları yönəldəcək müxalifət yoxdur, amma iqtidar texnoloqları yaxşı anlayır ki, əyalətlərdə günlərin birində qudurğan icra başçısına görə elə bil kortəbii sosial partlayış baş verə bilər ki, bunun fəsadları çox ağır olar.
 
Hakimiyyət postneft dövründə büdcəni dotasiya ilə yaşayan rayonların yükündən azad etməyə çalışır, qeyri-neft sektorunun inkişafı üçün əyalətlərin üzərinə ciddi məsuliyyət qoyulur. İcra başçıları daha büdcədən   gözlərini çəkməlidirlər. İqtidarlar üçün icra hakimiyyəti strukturu ön cəbhə sayılır və  hökumətlə xalq arasında əsas təmas nöqtəsidir. Ona görə də kadrların keyfiyyəti, xalqla işləmək  bacarıqlarının böyük əhəmiyyəti var. 
Hakimiyyət daxilindən sızan xəbərlərə görə, əhalinin ciddi narazı olduğu bir neçə rayonun icra başçısının da işdən qovulmaq haqda sərəncamı artıq imzalanmaq üçün hazırdır. Bu barədə qəzetimizdə manşet yazısı da verilib. Orada da konkret adlarla göstərildiyi kimi, bir necə rayonun icra başçısı Prezident Administrasiyasına dəvət olunub. İcra başçılarının bəziləri idarə etdikləri rayonlara qayıtsalar da, bəziləri Bakıda onlar haqqında veriləcək qərarı gözləyirlər. Bakının dörd iri rayonun icra başçısının da taleyi sual altındadır.
Maraqlıdır ki, prezident İlham Əliyev son 10 gündə bəzi məmur-oliqarxların səlahiyyət dairəsini məhdudlaşdırmaqla bağlı da qərarlar imzalayıb. Onlardan yalnız üçünü xatırlatmaq kifayət edir: AZAL, Gənclər və İdman Nazirliyi və Mərkəzi Bank rəhbərləri səlahiyyətlərinin bir qismini itirib ki, bu həm də böyük pullara nəzarət imkanlarının itirilməsi deməkdir. Digər iri oliqarxların da zəiflədilməsi, şirkətlərinin əllərindən çıxması barədə xəbərlər yayılmaqdadır.
 
 İndi iri oliqarxların zəiflədilməsi və buna paralel olaraq “balaca padşahlar”la  üzülüşmə prosesi gedir. Kadr dəyişikliyinin bu düsturu kifayət qədər realdır. Maliyyə və biznes sektorunda üstün mövqelərə sahiblənmiş məmurların inzibati rıçaqlara təsir imkanlarının əngəllənməsi indi ən vacib şərtlərdən biridir. Çünki inzibati idarəetmə mexanizmi bir neçə güc mərkəzinin (oliqarxların) əlində cəmləşdikdə hər hansı dəyişikliyi reallaşdırmaq çətinləşir. Hakimiyyətin siyasi  texnoloqları bəzi superoliqarxların getdikcə varlanmasını, iqtisadi güclərini artırmasını da nəzərə alaraq onların inzibati idarəetmə aparatı üzərində təsir rıçaqlarına malik olmasını təhlükəli hesab edir.
Heç kimə sirr deyil ki, icra başçılarının tam əksəriyyəti oliqarxlara bağlıdırlar və mərkəzi hakimiyyətdən daha çox onlara sadiqlik nümayiş etdirirlər. Oliqarxların maliyyə imkanları məhdudlaşdıqca təsir imkanları da zəifləyir, onlara bağlı qruplar da mövqelərini itirirlər.
Proseslərsə yuxarıdan islahatları, xüsusi ilə də kadr islahatlarını məcburi vəziyyətə gətirib. Ölkə prezidentinin də dəfələrlə ifadə etdiyi kimi, köklü islahatlar üçün unikal bir zaman gəlib. Hətta az qala iqtisadi-siyasi formasiya dəyişikliyinə bərabər bir islahatlar və onları zəruri edən addımlarsa qapıdadır.
 
Azərbaycanın, deməli, hər birimizin qapısında. 
 
Müsavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button