Ölkədə inqilab üçün ciddi zəmin yaranıb!

İctimai Palata bayram yürüşünə qərar verdi

 Vicdan məhbuslarına İctimai Palatadan böyük jest

 İctimai Palatanın (İP) ötən gün növbəti sessiyası oldu. Sessiyaya bu dəfə sədrliyi İP Koordinasiya Şurasının üzvü Ədalət Yusubov edirdi. İlkin olaraq, İP KŞ-nin üzvü Aqil Səmədbəyli sessiyalararası dövrdə İP-in fəaliyyəti və bu dövrdə verilən təkliflərilə bağlı qəbul olunan qərarları açıqladı.

Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət və “2 aprel” məhbsuları ilə bağlı məsələlərin müzakirəsi çıxarılmışdı. Gündəlikdəki məsələlərlə bağlı öncə İP KŞ-nın üzvü, AXCP sədri Əli Kərimlinin çıxış məruzəsi oldu.

 “Tərəqqiyə ən böyük maneə Əliyev hakimiyyətidir”

 Əli Kərimli Azərbaycanın şərəfli günlərin astanasında yaşadığını bildirərək, 18 oktyabr dövlət müstəqilliyinin bərpası gününün və Müsavat partiyasının 100 illik yubileyinin oktyabra təsadüf etdiyini dedi. Hər kəsi bu münasibətlə təbrik edən natiq dedi ki, tarixə Müsavat kimi partiya, “18 oktyabr” bəxş edən xalqın daha azad olmadan yaşamaq haqqı yoxdur.

Məruzəsində AXCP sədri ötən gün Avropa Birliyinin Varşavada keçirilən “Şərq Tərəfdaşlığı” sammitinə toxundu. Orada qəbul edilən qərarı Azərbaycan üçün müsbət dəyərləndirən Əli Kərimli dedi ki, artıq Cənubi Qafqaz ölkələrinin Avropa ölkəsi olmağı ilə bağlı diskussiyalar bitib. Azərbaycanın bir Cənubi Qafqaz ölkəsi kimi günün birində Avropa Birliyinə üzv olma haqqı tanınıb: “Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının önündə ən böyük maneə hazırkı hakimiyyətdir”.

 “Vicdan məhbusları cəmiyyətə özünə inamı qaytarıb”

 2 aprel məhbusları barədə danışan Əli Kərimli bildirdi ki, hökumət özü cinayət edib bunu onların dostlarının üzərinə atıb. “2 aprel” məhbuslarına qarşı başlanan cinayət işlərində məqsəd cəmiyyəti qorxutmaq, demokratik inkişafın qarşısını almaqdır, deyən Əli bəy məhkəmələrin hakimiyyət üçün əks-effekt yaratmasından danışdı: “Dostlarımız hakimiyyətə heç bir şans vermədilər. Hər məhkəmə iclası müxalifətin müsbət təqdimi, hakimiyyətin isə ifşası səhnəsinə çevrilib. Dostlarımız haqlı olaraq məhkəmədə müttəhim kimi görünmürlər, ittihamedici mövqe göstərirlər”.

AXCP sədri məhkəmədə çıxış və davranışları ilə cəmiyyətdə qürur və özünəinam yaratdığına görə hamının adından vicdan məhbuslarına təşəkkür etdi. Əli Kərimli mitinq keçirdiyinə görə, həbs olunanların məhkəməsi önündə yüzlərlə müxalifətçinin hər dəfə aksiya keçirməsini həm də cəmiyyət üçün mesaj adlandırdı: “Müxalifət göstərdi ki, hər cür fədakarlığa hazırdır. Heç bir həbs, məhkəmə prosesi müxalifəti yolundan döndərə bilməyəcək”.

“Badamdar fenomeni dinc qələbə yoludur!”

 “2 aprel”dən sonra hakimiyyətin üstünlük qazandığı barədə söylənənlərlə polemikaya girən Əli Kərimli qətiyyətlə vəziyyətin hakimiyyətin zərərinə dəyişdiyini bəyan etdi. O dedi ki, 2 aprel “cəmiyyətdə bütün problemləri müxalifət həll etməlidir” kimi illüziyanı da dağıdıb, insanlar, ayrı-ayrı vətəndaş cəmiyyəti qurumları öz məsuliyyətlərini dərk edərək avtoritar rejimlə mübarizəyə qoşulurlar. Buna misal kimi o, vəkillərin, fəaliyyəti bərpa edilən Redaktorlar Birliyinin, ziyalıların Naxçıvanla bağlı başlanan vətəndaş təşəbbüslərini qeyd etdi. AXCP sədri sadalananları böyük dəyişikliklər üçün ciddi zəmin saydı. O, yaxınlarda BBC-də Azərbaycan hakimiyyətinin korrupsioner mahiyyətinin ifşa olunmasına diqqət çəkərək bildirdi ki, bu, rejimin dünya miqyasında harama qurşanması deməkdir və artıq dünya belə əməllərə adekvat reaksiya verir. Əli Kərimli təəssüflə dedi ki, hakimiyyət yarıtmaz siyasəti ilə özü kimi Azərbaycan xalqını da dünyada müttəfiqsiz qoymaqla məşğuldur. Lakin o bildirdi ki, xalq artıq bu rejimlə hesablaşmağa daxilən qərar verir, bunun bir örnəyi kimi Badamdardakı hadisəni göstərdi: “Mən buna “Badamdar fenomeni” deyirəm. Badamdardakı əxlaqsızlıq, rüsvayçılıq Azərbaycanın hər yerində var və onlara pasport verən Azərbaycan hakimiyyətidir. Bir anlığa düşünün, eyni vaxtda bütün Azərbaycan Badamdara çevrilsə, nə ola bilər? Bu, qələbənin dinc yoludur…

İP-i, oradakı partiyaları fəaliyyət göstərməməkdə, qətiyyətsizlikdə qınamağa heç kimdə haqq olmadığını bildirməklə yanaşı, Əli Kərimli dedi ki, ancaq cəmiyyətin kütləvi hərəkata qoşulması ilə İP-in hədəflərinə yetişməsi mümkündür. Bunun üçün o, İP üzvlərinə xalqla iç-içə olmağı, insanları təşkilatlandırmağı tövsiyə etdi.

 Çıxış və təkliflər

 Gündəlikdə duran məsələlərlə bağlı İP üzvü Soltanhəmid Məlikov, Mustafa Hacıbəyli, Vidadi Mirkamal, Kərim Ağarzayev, Pərviz Həşimli çıxış etdilər. Onların çıxışında İP-in fəaliyyəti ilə bağlı bəzi tənqidi məqamlar əks olundu. Bu çıxışlarda İP üzvlərinin fəaliyyətinə nəzarət edəcək komissiya yaradılması təklifi vardı.

Pənah Hüseyn isə çıxışında bildirdi ki, vicdan məhbuslarının azad olunması üçün eyni gündə və vaxtda Bakının, ölkənin bir neçə rayonunda aksiyalara başlanılmalıdır. Pənah Hüseyn artıq İlham Əliyevin özünün istefasının tələb olunma zamanın yetişdiyini bəyan etdi.

İP üzvləri Nurəddin Məmmədli və Mahal İsmayıloğlu zəifləyən hakimiyyətin hazırda saxta seçki keçirməyə potensialı olmadığını və ölkədə inqilab üçün ciddi zəmin olduğunu qeyd etdilər. Onlar İP-in bu imkandan yararlanıb ölkədə demokratiyanın bərpasını reallaşdırma potensialında olduğunu dedilər.

Regionları təmsil edən Valeh Hümmətoğlu və İltizam Əkbərli əhalinin ağır dolanışığından danışdılar. Onlar regionlarda mitinq keçirilməsini məqsəduyğun saysalar da, bildirdilər ki, mitinq üçün hazırlıq işləri aparılmalıdır.

İP üzvləri Seymur Həziyev, Səxavət Soltanlı, Əbülfəz Qurbanlı təşkilati işlərin güclənməsi ilə bağlı təkliflər irəli sürdülər. Səxavət Soltanlı vicdan məhbusu Ülvi Quliyevin İP-ə qəbul olmaq istəyini iştirakçılara çatdırdı. Onun bu təklifini Gözəl Bayramlı genişləndirərək bütün siyasi məhbusların İP-ə qəbul olunmasını təklif etdi.

 Fədakarlıq önündə sayğı duruşu

 Sonuncu çıxışçı Müsavat başqanı İsa Qəmbər də 18 oktyabr müstəqillik günü və Müsavat Partiyasının 100 illiyi münasibətilə təbriklərini çatdırdı: “2 aprel məhbuslarının  fədakarlığı qarşısında baş əyməmək mümkün deyil, dostlarımıza dəstəyi artırmalı, onların məhkəmə proseslərində fəal iştirak etməliyik”.

 Hakimiyyət vicdan defisiti yaşayır

 İctimai Palatanın daşlaşmış bir təşkilata çevrilməsini istəmədiyini deyən Müsavat başqanı müzakirələrdə fərqli fikirlərin, tənqidlərin olmasının normal olduğunu bildirdi. Prosesdə xalqın, hakimiyyətin, beynəlxalq birliyin və İP-in iştirak etdiyini vurğulayan İsa Qəmbər hakimiyyətin getdikcə çürüməkdə və çökməkdə olduğunu, vicdan defisiti yaşadığını dedi.

Beyəlxalq aləmdə Azərbaycandakı demokratikləşmə ilə bağlı pozitiv məqamlardan söz açan İsa Qəmbər diplomatik kanallardan aldığı məlumatlardan görünən bir həqiqəti açıqladı. O dedi ki, bu məlumatlarda Cənubi Qafqazın Avropaya inteqrasiyası, ölkədə azadlıqların bərqərar olması açıq istək kimi göstərilir: “Siyasi baxımdan Cənubi Qafqazın Avropanın bir hissəsi olması artıq qəbul olunmağa başladı. Azərbaycan hakimiyyəti üçün xəbərdarlıq zəngləri sona yaxınlaşmaqdadır. Artıq Azərbaycanın ən yüksək vəzifəli bir neçə şəxsinin banklarda hesabları dondurulmağa başlayıb. Artıq ümumi yox, konkret xəbərdarlıqlar gedir ki, siz əgər oyununuzu davam etdirsəniz, beynəlxalq münasibətlərdə saxta balans siyasəti ilə məşğul olsanız, daxildə iqtisadi azadlıqlar əvəzinə korrupsiya, siyasi azadlıqlar əvəzinə monarxiya qurmaqda davam etsəniz, biz ümumi sözlərlə kifayətlənməyəcəyik, sizi bir-bir ifşa edəcəyik.

Bu hakimiyyətə bu cür aydın şəkildə mesaj verilib. Bu proses dərinləşərək davam edəcək. Azad dünyanın regionla bağlı mövqeyi birmənalı şəkildə aydınlaşıb. Necə ki, 1980-ci illərin sonlarında azad dünya ilə SSRİ arasında soyuq müharibənin yekun dövrünün iştirakçısına çevrildik və böyük bir tarixi şans yarandı, müstəqillik əldə etdik, indi də tarixi şans yetişməkdədir ki, ölkəmiz demokratiyaya keçsin. Ölkəmizin azad dünyanın, Avropanın bir hissəsi olması üçün tarixi bir şans yaranıb. Bu mərhələni yüksək səviyyədə dəyərləndirməliyik”.

 Rejim tarixin silləsini dadacaq

 İsa Qəmbər xalqın da son dövrlər fəallaşmağa başlamasının müşahidə olunduğundan danışdı: “Cəmiyyət kütləvi hərəkata hazır olmaq mərhələsinə çox yaxındır. Xalq bilir ki, nə zaman nə cür hərəkət edəcək”.

İsa Qəmbər İP-in yaradılmasının və fəaliyyətinin önəmindən də danışdı. O, qeyd etdi ki, İP ölkənin də əsas ictimai-siyasi subyektinə çevrilib, dünya miqyasında da tanınıb qəbul olunmaqdadır: “Avropa Parlamentinin nümayəndələri Avropa Birliyinin rəhbərliyinə məktub yazaraq xahiş edirlər ki, demokratiyaya dəstək münasibəti Azərbaycanda göstərilməlidir. Və konkret yazırlar ki, İctimai Palataya diqqət yetirilməlidir, mənəvi dəstək verilməlidir. Bütün əlamətlərdən də görünür ki, Avropa Birliyinin rəhbərliyi də bu mövqeyi qəbul edib. Bu, bizim böyük uğurumuzdur. Yaxın zamanlarda minlərlə insan İP-in rayon şöbələrinin üzvü olmağa çalışacaq. İctimai Palatanın hakimiyyətə təqdim etdiyi “Yol Xəritəsi” sənədi tarixi sənəddir. O sənəd xalqın və tarixin silləsi kimi Əliyev rejiminin sifətinə dəyəcək. Baş verəcək hadisələrin fonunda bu sənədin əhəmiyyəti daha da artacaq”.

 Koordinasiya Şurası yenilənməlidir

 İsa Qəmbər İP-in əsasnaməsinin təkmilləşdirilməsini, platformasının hazırlanıb qəbul olunmasını, Koordinasiya Şurasına ildə bir dəfə seçkilərin keçirilməsini, protokollarda redaktələr olunmasını, müstəqillik günü münasibətilə 18 oktyabrda bayram yürüşü keçirilməsi barədə qərar verilməsini təklif etdi.

 Yürüşə qərar

 Sonda sessiya müstəqillyin 20 illiyi münasibətilə xalqa təbrik bəyanatı, həmçinin 2 aprel məhbuslarının məhkəməsi ilə bağlı bəyanat qəbul etdi. Sessiya müstəqilliyin 20 illiyi ilə bağlı 18 oktyabrda bayram yürüşü keçirmək qərarı da qəbul etdi. Sessiya vicdan məhbuslarının İP-ə üzvlük məsələsini də müsbət həll etdi.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button