Ölkəmiz inkişaf edir, Ilham Əliyev sevinir, qəlbimiz fərəhlənir

Anar Mahmudoğlu

01.03. 2012

Həmişə, hər zaman, hər dəm və dəmadəm cənab Ilham Əliyevin iqtisadi uğurlarımız barədə çıxışlarını həssaslıqla izləyir, onun inkişaf sürətimizdən vəcdə gəlməsini alqışlayır, buna ürəkdən sevinirəm. Niyə də sevinməyim? Axı, bu inkişaf xalqımız, millətimiz üçündür!
Bu dəqiqələrdə də qəlbim fərəh hissiylə atılıb-düşür, çünki cənabımızın dünənki çıxışının təsiri altındayam. Hörmətlimiz nə dedi, bizi necə fərəhləndirdi “Baku-Expo” Mərkəzində…
Buyurdu ki, “2011-ci il Azərbaycan üçün uğurlu il olub”. Niyə? Çünki Ümumi Daxili Məhsul (ÜDM) “1 faiz ətrafında, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur”.
2011-ci ildə ÜDM 1 faiz artıb? Axı, Statistika Komitəsinin rəsmi açıqlamasında göstərilir ki, 2011-ci ildə neft sektorunda 9,3 faiz azalma, qeyri-neft sektorunda 9,4 faiz artım olmaqla, ümumilikdə ÜDM 0,1 faiz çoxalıb. Deməli, Ilham Əliyev 0,1 faizlik artımı “1 faiz”, 9,4 faizlik artımı isə “10 faizdən çox” kimi qələmə verib…
Gəlin, belə xırda şeylərə görə fərəhimizin qol-qanadını qırmayaq, hörmətlimizi qınamayaq. Əsas odur ki, yerimizdə saymırıq, ölkəmiz durmadan, stabil olaraq inkişaf edir. Baxın: ÜDM 2009-cu ildə 9 faiz, 2010-cu ildə 5 faiz artıbsa, 2011-ci ildə bu rəqəm dəhşətli dərəcədə çoxalaraq, ikirəqəmli müstəviyə keçib – 0,1 faiz!
Heyrətamizdir, eləmi? Dünyada xalqını qoyun yerinə qoyub, 5-in 9-dan, 0,1-in isə 5-dən böyük olduğunu deyən ikinci prezident, iqtisadçı, nəzəriyyəçi varmı?
Belə analoqu olmayan, dünya iqtisadçılarının matını-qutunu qurudub qaxaca döndərən “inkişaf tempinə” Ilham Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olmuşuq. Biz əvvəlcədən proqnozlar verir, layihələr təsdiqləyir və dəqiqliklə icra edirik, dünya da bizə heyranlıqla baxır, Ilham Əliyev demişkən, adımızı hesabatlara salıb qəlbimizi sevindirir. Məsələn, 2010-cu ilin avqust ayının 25-də Nazirlər Kabinetindəki möhtəşəm müşavirədə çıxış edən möhtərəmimiz dedi ki, 2011-ci ildə Ümumi Daxili Məhsulun artımı 10 faiz proqnozlaşdırılır.
Budur, bu da nəticəsi: 2011-ci ili ləyaqətlə, proqnozlara uyğun olaraq başa vurduq…
Yox? Proqnozlar uyğun gəlmir? “0,1” – ”10” demək deyil?
Boş şeydi, narahatlığa əsas yoxdur. Fərqi nədir ki: olmasın 10, olsun 0,1! Hər ikisində 1 və 0 rəqəmləri varmı? Var. Nəzərdə tutulduğundan cəmi-cümlətani 100-cə dəfə az inkişaf etmək heç də o demək deyil ki, sürətli tərəqqimizin içinə zibil qoyulub. Elə düşünməyin və ən əsası – ruhdan düşməyin!
Görürsünüzmü, hörmətlimiz qətiyyən, bir qırıq da ruhdan düşüb, özünü sındırmır. Əksinə, 2011-ci ili “uğurlu il” adlandırır, 25 avqust müşavirəsinin isə adını belə çəkmir. Güman edirsiniz ki, verdiyi vədlər yadından çıxıb, ona görə bu cür danışır? Yoxsa xalqı ələ saldığı, gözgörəti statistikanı təhrif etdiyi, ölkəni məhvə sürüklədiyi və milləti vecinə almadığı gümanındasınız?
Yanılırsınız. Sadəcə, hörmətlimizdə böyük ruh yüksəkliyi var. Bu ruh yüksəkliyinə də sistemlə həyata keçirilən və xizək sürə-sürə nəzarət edilən daxili-xarici-iqtisadi-sosial siyasi proqram sayəsində nail olub. Elə dünən “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” dahiyanə fikrini dilə gətirən cənabımız icra orqanlarına növbəti cahanşümal tapşırıq vermədimi? Demədimi ki, “sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneəçilik törətməyin”?
Məhz bu müdrik göstərişlərin sayəsində Azərbaycanda icra orqanları sahibkarlardan bir addım da kənar durmur, həmişə onların yanında bitirlər. Artıq ölkəmizdə icra orqanları ilə sahibkarlar o qədər yaxınlaşıblar ki, bir bədəndə iki can olublar: iş adamları elə icra məmurlarının özüdür ki, var!
Çox nadir hallarda sahibkarlıqla iş adamlarının özləri məşğul olur ki, buna da icra məmurları maneəçilik törətmir, onların işinə müdaxilə etmirlər. Inanmırsınız? Zülfüqarlı qardaşlarının başına torba keçirib türməyə soxan və mülkünü əlindən alan icra başçıları idi?
Yox! Görürsünüzmü ki, icra başçıları bu məsələlərə qarışa bilməzlər – cənabımız onlara dönə-dönə tapşırıb!
Belə tapşırıqları, belə siyasəti və belə açıqlamaları görüb də Azərbaycanda ÜDM-in 0,1 faizlik artımına niyə sevinməməli, hətta heyrətlənməməliyik?

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button