Ölkənin şimalındakı müəmmalı əməliyyat başa çatdı

80 nəfər həbs edildi

 Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən 2011-ci il sentyabrın 19-dan 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 50 nəfər tutulub, həmçinin Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 30 nəfər, şübhəli qismində 22 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 7 avtomat silah, 5 tapança, 34 ədəd yivli və ov tüfəngi, 34 qumbara, 65 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 16 fakt aşkar olunub. Bu faktlar üzrə qanunsuz dövriyyədən 3 kiloqram 500 qrama yaxın müxtəlif növ narkotik vasitə çıxarılıb. Eyni zamanda, 633 kiloqramdan çox kultivasiya yolu ilə yetişdirilmiş, 15 tona yaxın isə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunaraq məhv edilib.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button