Ölkənizi az tanıdırsınız

Niderland Xristian Demokrat Alyansı (İttifaqı)) Partiyasının yetkilisi “Xural”a müsahibə verdi…

 “Azərbaycanla bağlı çox az məlumatım var” – bu sözləri Niderlandın Schouwen Dueweland bələdiyyə şurasına CDA (Christen Democratisch Appél – Xristian Demokrat Alyansı (İttifaqı)) Partiyası tərəfindən seçilmiş xanım Bea de Geus deyir. Ondan Azərbaycanda işıq üzü görən “Xural” qəzetinə müsahibə verməsini xahiş edəndə tərəddüd etmədən razılıq verdi. Görüş yerini bizim evdə təyin etdik. Dediyi vaxtda, holland dəqiqliyi ilə saat 10:00-da gəldi. Azərbaycan barədə nə bilir, bunu özünüz oxuyub bilərsiniz…

– Niderlanddakı müsahiblərimə verdiyim ənənəvi ilk sual: Sizi bizim Oxuculara necə təqdim edim?

– Xanım Geus (bundan sonra sadece G – olaraq qeyd edəcəyəm), Xanım Bea de Geus. J.L. Flach ilə evliyəm, 3 böyük övladım var. Hazırda 64 yaşındayam. 3-cü dəfə Schouwen Dueweland bələdiyyə şurasına (namizədliyim CDA siyasi partiyasındandır) seçilmişəm. İşimiz bələdiyyə başçısının və bələdiyyədə qərarverici hər kəsin işinə nəzarət etməkdir. Buradan heç bir əmək haqqı almıram. Adətən, insanlar bu işdə öz işlərindən əlavə bir iş kimi  fəaliyyət göstərirlər. Mənimsə hazırda bundan başqa heç bir işim yoxdur.

– Azərbaycanın siyasəti, mədəniyyəti barədə, ümumən ölkəmiz haqqında nə bilirsiniz?

– Çox az məlumatım var ölkəniz barədə. Bilirəm ki, ölkəniz cənubi-şərqi Avropada, Xəzər dənizinin sahilində yerləşir. Qafqaz sıra dağları ilə əhatə olunmasından və ölkənizin neft ölkəsi olmasını da bilirəm. Siyasətə gəlincə, ancaq onu deyə bilərəm ki, 20–ci əsrin sonlarına kimi Sovet İttifaqının tərkibində olmusunuz. Mədəniyyəti barədə isə heç bir məlumatım yoxdur…

– Bəs “Avrovision” musiqi festifalında qələbə qazanmağımızı, festifalın bu il bizim ölkəmizdə keçiriləcəyini bilmirsiniz?

– (Gülümsəyir…) Çox gözəl. Görürsünüz, adam söhbət edəndə belə nəsə məlumat əldə edir. Ümid edirəm ki, söhbət əsnasında daha çox məlumat öyrənə biləcəyəm.

– O halda daha bir məlumat xarakterli sual vermək istəyirəm. Qarabağ problemi, 1992–ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı, ümumiyyətlə, ermənilər tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğalı barədə nə bilirsiniz?

– Qarabağ barədə onu bilirəm ki, ora mübahisəli bir ərazidir. İşğal və dediyiniz qırğınla bağlı heç bir məlumatım yoxdur, heç vaxt heç nə eşitməmişəm. Birinci dəfə sizdən eşidirəm.

 Haşiyə:

Xanıma bir qədər Qarabağ problemi, eləcə də Cənubi Azərbaycanla bağlı məlumat verməyə çalışıram. Mən Azərbaycanın Rusiya və İran arasında gedən müharibənin nəticəsi olaraq 19–cu əsrin əvvəllərində (1828) iki hissəyə bölünməsini, hazırda bizim ölkəmizdə 8 milyon, İranda isə 30 milyona yaxın Azərbaycanlının yaşadığını deyirəm. Bu insanların öz dillərində məktəbin, mətbu orqanının olmadığına diqqət çəkməyə çalışıram. Eləcə də Şərqdə ilk dəfə Azərbaycanda Demokratik Respublikanin qurulduğunu və bunun cəmi 2 il çəkdiyini dedikcə, bütün bunların müsahibimdə diqqət çəkdiyini müşahidə etdim. Dediklərimi çox həvəslə və diqqətlə öz qeyd dəftərinə yazırdı. Azərbaycanın Sovet İttifaqına daxil olanda ərazisinin 111.6 min kv.km, Sovet İttifaqı dağıldıqda isə ərazimizin 86.6 min kv.km qaldığını, 30 min kv. km Moskva tərəfindən Ermənistan, Gürcüstan və Rusiya arasında bölüşdürülməsindən, hazırda isə 20% torpağımızın işğalda olmasından xəcalət çəkə-çəkə danışdım. Ona görə xəcalət çəkirdim ki, bir millət bu qədər ərazini niyə itirər axı?!

 – CDA–nın Azərbaycandakı hansısa siyasi partiya ilə, məsələn,YAP, AXCP, Müsavat  ilə əlaqəsi varmı?

– Bu barədə məlumatım yoxdur. Sizə maraqlıdırsa, mən partiyamızın mərkəzi ofisindən soruşa bilərəm.

– Mümkünsə soruşun. Yeri gəlmişkən, CDA haqqında məlumat verməyinizi xahiş edirəm…

– CDA – Xristian Demokratik İttifaqi, hansı ki, xristian dininin normalarını özündə cəmləşdirir. Bizim 10 əsas öhdəliyimiz var ki, onların bəzilərinə diqqət çəkmək istəyirəm: cəmiyyətdə zəif tərəfi müdafiə etmək, insanların iş və yaradıcılıq sahəsini genişləndirmək, heyvanların belə rahat yaşaya biləcəyi bir cəmiyyətin təminatçısı olmaq. CDA elə bir partiyadır ki, hər şeyi insanların rifahı naminə etməyə çalışır. Kim ki özünə inanır, ölkə üçün, cəmiyyət üçün nələrsə etməyə cəhd edir, biz partiya olaraq hər zaman həmin adamın yanındayıq və çalışırıq ki, bütün insanlar cəmiyyətdə fəal olsunlar.

– Son seçkilərdə partiyaniz əvvəlki seçkilərə nisbətən parlamentdə daha az yer əldə etdi. Bunun eksi olaraq, Geert Wildersin rəhbərlik etdiyi PVV (Azadlıq Partiyası) (məncə partiya olaraq seçkilərə ilk dəfə idi qatılırdılar) gözlənilənin əksinə olaraq, parlamentdə kifayət qədər çox yer əldə etdi. Sizcə bunun səbəbi nədir, onun gəlmələrə və müsəlmanlara qarşı etdiyi çıxışlarmı?

– Birincisi, əvvəlki baş nazir və partiyamızın lideri Balkenende insanlarla lazımi işi aparmadı, baxmayaraq ki, o, güclü və ağıllı liderdir. 2-si isə, Niderlandda insanların dinə inamı əvvəlki kimi deyil. Onlar seçkilərdə əvvəlki kimi dini əsas meyar kimi götürmürlər. Baş verən qlobal iqtisadi böhranın da rolu burada az deyil. İnsanlar çıxış yolunu bashqa partiyalara səs verməkdə gördülər. Ümumən, parlamentdə 125 yer var ki, onun 21–ni bizim partiya, yəni CDA, 25–ni PVV, yerdə qalanını isə digər partiyalar qazandılar. Ancaq hökumət yenə də əsasən, CDA ve VVD partiyalarından təşkil olunub.

– Təsəvvür edin ki, Niderlandda seçkilər saxtalaşdırılıb. O zaman Siz bir vətəndaş kimi, CDA ise bir partiya olaraq hansı addımı atardınız?

– Bu demək olar ki, mümkün deyil. Ancaq elə olacağı halda seçkini saxtalaşdıran adamlara qarşı cinayət işi başlanılar və yeni seçkilər keçirilər (Bu yerdə şərh vermək istədim, sonra isə “şərhi özünüz verin”, deyə düşündüm…).

– Bir qədər bələdiyyədəki işinizdən danışın.

– Bu, çoxşaxəli bir sualdır… Əsasən, 3 əsas vəzifəmiz var: yuxarıda qeyd etdiyim kimi, nəzarət, düzgün planlaşdırma və maliyyənin düzgün bölüşdürülməsi…

– Maliyyə demişkən, növbəti sualıma görə bağışlayın. Ancaq mən bu sualı vermək istəyirəm. Bir nəfər Sizə rüşvət təklif etsə, nə edərsiniz?

– Rüşvət… Bu heç cür mümkün deyil. Niderlandlılar bu sözü demək olar ki, unudublar (xoşbəxt millət). Əgər mən görsəm ki, kimsə mənə şəxsi məqsədlə yanaşır və pul, yaxud hədiyyə təklif edir, o zaman mən oradan durub çıxaram. Əgər kiminsə təklifi doğrudan da bələdiyyəmiz üçün əhəmiyyətlidirsə, o zaman mən və mənim həmkarlarım onu bələdiyyə  şurasının iclasına çıxarmağa hazırıq. Bir daha qeyd edim ki, heç bir təmənnasız.

– Demək istədiyiniz başqa bir sözünüz varmı?

– Yox, təşəkkür edirəm.

– Müsahibəyə görə bir daha təşəkkür edirəm.

Müsahibəni aldı:

Vüqar Abbasov

“Xural”ın Niderlanddakı təmsilçisi

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button