Ölkə boyu tuthatut – sıra Cahangir Hacıyevdə…

 “Oliqarxgeyt” işi böyüdü – 318 milyon krediti mənimsəyən sahibkar tutuldu

xural.com-un əldə etdiyi məlumatlara görə, həbs dalğası sürətlə Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevə yaxınlaşır və onun həbs olunması üçün artıq hər şey hazır vəziyyətə gətirilib. Buna qədər isə C.Hacıyevin Şəkidəki bəzi özəl obyektləri və adamları araşdırılır. Həbs dalğasının bu mərhələsindən sonra isə onu da Kürdəxanı təcridxanasına göndərəcəklər.

Piriyevlərin zavodunda 300-ə yaxın fəhlə 1 aylığa işdən azad olundu; məsələ Milli Məclisdə müzakirə olunub; Hacı İbrahim Nehrəmli: “Mənə heç bir cinayət işi açılmayıb”

“Oliqarxgeyt” işinin sərhədləri hər ötən gün genişlənir. Beynəlxalq Bankdan 10 milyonlarla manat kredit alan və geri qaytarmayan iş adamları haqqında başlanmış istintaqla bağlı hər gün yeni məlumatlar yayılır, müxtəlif məqamlar üzə çıxır. Məsələnin Milli Məclisin son iclasında da müzakirə olunması çox ciddi mətləblərdən xəbər verir. İttihamedici tonda səslənən çıxışların məzmunu da vəziyyətin nə dərəcədə kritik olduğunu göstərir. Deputat Zahid Oruc bildirib ki, Azərbaycanda sahibkarlara geniş şərait yaradılıb: “Amma yetər ki, qanun çərçivəsində fəaliyyət göstərsinlər. Son vaxtlar bu qanunu pozanlara qarşı dövlət ciddi tədbir görür, amma bəziləri bunun ətrafında ajiotaj yaradırlar”.

 
Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə belə reaksiya verib: “Ajiotaj yaradanlar məlumdur. Qarşıdan Avropa Oyunları gəlir və bundan istifadə etmək istəyirlər. Qaldı ki, o iş adamları ilə bağlı məsələ, heç bir narahatçılıq yoxdur, dövlət orqanları var və kredit borcları ilə bağlı lazımı tədbirləri görür. Hamı qanuna tabe olmalıdır”.
“Oliqarxgeyt” işində ən son istintaqa cəlb edilənlərdən biri də Adil Hüseynovdur. Virtualaz.org saytı A.Hüseynovun 318 milyon dolları mənimsəməkdə ittiham olunduğunu yazır.
A.Hüseynovun vəkili Kamandar Nəsibov müdafiə etdiyi şəxs barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçildiyini deyib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan A.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Vəkil A.Hüseynovun saxlanmasının səbəblərinə toxunaraq bildirib ki, o, Dubaydakı xarici şirkətlərdən birinin meneceridir: “Onun çalışdığı şirkət isə bankdan kredit götürüb, amma kredit borcunu qaytarmayıb. Bu səbəbdən Adil Hüseynov da saxlanıb”.
Virtualaz.org-un yazdığına görə Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri A.Hüseynovu Bakıya çağırıblar, burada isə o, BMCQMİ əməkdaşları tərəfindən saxlanılıb.
A.Hüseynovun saxlanılması azərbaycanlı kredit oliqarxlarının bir neçə gün öncə başlayan həbs dalğası ilə əlaqələndirilir. A.Hüseynov xalq arasında “qara polkovnik” kimi tanınan əfsanəvi polis zabiti Fətullah Hüseynovun oğludur. F.Hüseynov 2004-cü ildə Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilib.
Kredit məsələsinə dair istintaqa cəlb edilənlər sırasında “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimli (Nehrəmli) də var. Konserninin prezidenti APA-ya açıqlamasında barəsində cinayət işi başlanması xəbərinin doğru olmadığını deyib: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb”. 
 
O, müəyyən problemlər olduğunu da etiraf edib: “Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Beynəlxalq Bankdan 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, ”Khazar İsland” layihəsini həyata  keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur”.
İ.İbrahimov bildirib ki, onun MTN-in təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Külli miqdarda vəsaitlərin dələduzluq yolu ilə mənimsənilməsində ittiham olunaraq həbs edilən oliqarx Nizami Piriyevin oğlunun atasının kredit borclarını qaytarmaq üçün Londonda 1 milyard dollarlıq bond (borc istiqrazı) buraxacaqlarından danışıb. Virtualaz.org-un yaydığı məlumatına əsasən, Bakının Qaradağ rayonunda yerləşən metanol zavodunun (“Azerbaijan Metanol Company”-“AzMeCo”) sahibi olan oliqarxın Londonda olan oğlu Nəsib Piriyev “AzMeCo”ya hüquq xidmətləri göstərən “Hidhgrove Securities LLP”  hüquq firması ilə müqavilə əsasında zavodun refinansə edilməsi və Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunu qaytarması üçün 1 milyard dollarlıq bond buraxacaqlarını elan edib.
Həbsdəki oliqarxın oğlu bəyan edib ki, istiqrazlar fərdi investorlara təklif edilib və  beynəlxalq investorlarla zavodun refinansə edilməsinə dair danışıqlar başa çatıb. Eyni zamanda dünən yayılan xəbərdə qeyd edilmişdi ki, indiki situasiyada Piriyevlərin 1 milyard dollarlıq bond buraxmaq barədə məlumat yayması blef ola bilər. Çünki “AzMeCo”nun zavodu artıq fəaliyyətini dayandırıb. SOCAR Piriyevə qazı güzəştli qiymətə satmaq istəmir və metanol istehsalında əsas xammal olan təbii qazın zavoda verilməsini dayandırıb. Daha sonra Nizami Piriyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı artıq rəsmi ittiham irəli sürülüb.
Piriyevlərin 1 milyard dollarlıq bond barədə elanlarının blef ola biləcəyinə dair təxminlər özünü doğruldur. Belə ki, Londonda müştərilərə bondların buraxıması yolu ilə investorları cəlb etməkdə kömək edən, borc istiqrazlarının buraxılması işini təşkil edən “Debt Capital Markets” (DCM) rəsmiləri “AzMeCo”nun bondları barədə onlara müraciət edilmədiyini açıqlayıblar. Bu barədə “Global Capital” iki DCM rəsmisinə istinadən xəbər yayıb. “Biz bu bondlarla bağlı sorğunu görməmişik” – deyə DCM rəsmiləri bildiriblər. Piriyevlərin Bakıdakı zavodu xilas etmək üçün iri məbləğdə borca girmək cəhdləri yeni deyil. Ötən ilin yayında Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum zamanı ata-oğul Piriyevlər Rusiyanın “Sberbank”ı ilə əməkdaşlıq müqaviləsi imzalamışdı. Həmin müqaviləyə əsasən “Sberbank” tərəfindən “AzMeCo”nun ümumi məbləği təqribən 1,5 milyard dollar olan bir sıra layihələrinin maliyyələşdirilməsi, o cümlədən Bakının Qaradağ rayonunda metanol zavodunun 450 milyon dollar məbləğində yenidən maliyyələşdirilməsini, Moskvada kommersiya xarakterli ticarət məkanlarının, habelə Rusiyada metanol zavodunun tikintisi layihələrinin uzunmüddətli maliyyələşdirilməsini nəzərdə tutulurdu. Memorandumu ata Piriyev imzalayıb.
Lakin həmin vaxtdan bir il yaxın vaxt keçsə də Piriyevlər “Sberbank”dan borc alıb Beynəlxalq Bankın pulunu qaytara bilməyiblər. Nəticədə ata Piriyev borc söhbətini Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində davam etdirməli olub…
“Yeni Müsavat”a daxil olan məlumata görə N.Piriyevin həbsindən sonra onun Qaradağdakı metanol zavodunda işçilərin yarıdan çoxu – təxminın 300 nəfər – öz hesabına məzuniyyətə göndərilib.
“Qafqaz” Xəbər Agentliyi N.Piriyevin həbsindən sonra onun qaynı Namiq Əsədovun məhkəmələrdə işlərinin çətinə düşməsindən yazıb. Sayt yazır ki, “Butastone” şirkətinin həmtəsisçiləri olan Nadir İbrahimov və Namiq Əsədov arasında uzun müddət əvvəldən konfliktləri olub.
Nadir İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edib. Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxıb. Nəticədə N.İbrahimov məhkəmədə iddia qaldıraraq  N.Əsədovla birgə çalışdığı müddətdə bir tikinti şirkəti üçün gördükləri işlərdən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını məhkəmədən  tələb edib. Məhkəmə isə onun iddiasını təmin edib. Ancaq Namiq Əsədovla Nadir İbrahimov arasında 1 ilə yaxın sürən “soyuq müharibə”  ikincinin  “psixoloji zəifliyi”  səbəbindən dayanıb. Məlumata görə Namiq Əsədov  Nadir İbrahimova yeznəsi, tanınmış biznesmen Nizami Piriyev vasitəsilə psixoloji təsir göstərərək, məhkəmə çəkişməsinin perspektivsizliyini ona anladıb, bütün məhkəmə instansiyalarında guya Piriyevin yaxın adamları olduğunu başa salıb. Sonda Nadir İbrahimov Namiq Əsədovla barışmaq məcburiyyətinə qalıb. Ancaq bu barışığın üstündən iki həftə keçməmiş  Namiq Əsədovun  əsas dayağı olan Nizami Piriyev qəfil həbs olunub. Beləliklə N.Piriyevin qaynı çox pis vəziyyətə düşüb.
“Oliqarxgeyt” işi üzrə tutulanlardan biri də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovdur. Onu digər saxlanılan şəxslərdən fərqli olaraq MTN-in istintaq təcridxanasında saxlayırlar. Səbayel Rayon Məhkəməsi R.Məmmədovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Belə məlumatlar var ki, R.Məmmədovun Beynəlxalq Bankla bağlı problemləri olsa da, həbsinin kökündə digər bir məsələ də dayanır. Buna görə də onu digər iş adamları kimi BMCQMİ-də deyil, MTN-də saxlayırlar.
R.Məmmədovun həbsinə qədər ona məxsus “Azimport” şirkətinin Səbayel rayonu ərazisində sakinlərin evlərini, qarajlarını qanunsuz sökməsi ilə bağlı dəfələrlə yazmışıq. Qafqaznews.org saytı R.Məmmədova yaxın şəxslərin də həbs ediləcəkləri haqda məlumat yayıb. Məlumata görə “Azimport” şirkətinin sahibi Rəşad Məmmədovun göstərişi ilə Səbayel rayonu ərazisində aparılan sökünti işləri ilə bağlı bir qrup həyata keçirib. Həmin qrupa “Boss” ləqəbli Aynur adlı  xanım rəhbərlik edib. Sakinlərin dediyinə görə Aynur xanım AA nömrəli avtomobillə onlarla görüşə gələn qadın hər dəfə sakinlərə bir söz deyib: “Mən nəinki ”Azimport” şirkətini, həm də burda dövləti təmsil edirəm”. Bir sözlə, sakinlərdə xof yaradaraq anlatmaq istəyirdi ki, burda “Azimport” özbaşına iş görmür. Sakinlərin dediyinə görə Aynur xanımın dəstəsində bir neçə nəfər şəxs olub. Onun “söküntü işləri üzrə” sağ əli Azər adlı şəxs olub. Bu qrupda Arzu adlı makler, özünü PA-ın təmsilçisi kimi sakinlərə təqdim edən Nurəddin adlı şəxs və sakinlərlə şirin-şirin danışıq aparıb “Azimport”un maraqların qoruyan Zülfəli adlı şəxs olub. Sayt R.Məmmədovun həbsindən sonra Aynur xanımla telefon əlaqəsi yaradıb və ona “Azimport”la bağlı suallar verib. Aynur xanım isə “məni bu işə qatmayın, mən evdar qadınam” deməklə kifayətlənib…

Həbs dalğası rayonlara da keçdi…

İmişli rayonunda fəaliyyət göstərən “Araz MMC” zavodunun bir neçə yüksək səlahiyyətlisi həbs olunub.
Avropa.info-nun əldə etdiyi məlumata görə hadisə bir neçə gün bundan öncə baş verib.
Vergilər Nazirliyinin əməkdaşları zavodu yoxlayıblar. Bundan sonra zavodun fəaliyyəti dayandırılıb və bir neçə səlahiyyətli işçi saxlanılıb.
Bundan əlavə, zavodun sahibi Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi, iş adamı  Saleh Səmədov da polisə  çağırılıb.
Əldə etdiyimiz məlumata görə zavodun fəaliyyəti bir neçə gün dayandırılıb və Vergilər nazirliyinin əməkdaşları tərəfindən qapıları möhürlənib.
2 gün öncə isə “Araz MMC”-nin saxlanılmış əməkdaşları azadlığa buraxılıb və zavodun fəaliyyəti yenidən bərpa olunub.
“Araz MMC” spirtli içkilərin və sərinləşdirici sular istehsal edir. Zavodun sahibi S.Səmədov İmişli RPİ-nin rəis müavini Sahib Səmədovun qardaşıdır…

Daha bir iş adamı saxlanıldı

Nərimanov Rayon Məhkəməsinin qərarına görə bu gün “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov həbs edilib. Haqqin.az yazır ki, məhkəmə F.Muradova qarşı 4 ay həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, şirkət rəhbəri Fariz Muradov 50 milyon dolların mənimsənilməsində günahlandırılır.
Onu da əlavə edək ki, Fariz Muradov Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin yaxın adamı sayılır. Onun rəhbərlik etdiyi “İnter Glass” şirkəti şüşə məmulatlarının istehsalı ilə məşğuldur. Məlumata görə, Fariz Muradov Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılır.
Ümumilikdə, bu günə qədər 70-ə yaxın sahibkarın istintaqa cəlb edilməsi haqda məlumat var. Onlardan 16 nəfərinin istintaqa çağırılaraq kreditlərin ödətdirilməsinin təmin edildiyi də bildilir.

xural.com-un əldə etdiyi məlumatlara görə, həbs dalğası sürətlə Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevə yaxınlaşır və onun həbs olunması üçün artıq hər şey hazır vəziyyətə gətirilib. Buna qədər isə C.Hacıyevin Şəkidəki bəzi özəl obyektləri və adamları araşdırılır. Həbs dalğasının bu mərhələsindən sonra isə onu da Kürdəxanı təcridxanasına göndərəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button