Ölkədə 37 ruhu var!

ramiz tağıyevRamiz Tağıyevin partiyası CANP-dən iqtidarı ittiham edən bəyanat

CANP son zamanlar ölkəmizdə demokratik azadlıqların boğulması, demokratik qüvvələrin üzərinə total hücumlar edilməsi hallarını qətiyyətlə pisləyir. İnsanların sərbəst toplaşma hüquqlarının kobud pozulmasını Konstitusiyaya hörmətsizlik kimi qiymətləndirir.
Siyasi tədbirlərə qatılmış insanların təqib-təzyiqə, həbslərə məruz qalmasını qətiyyətlə pisləyir. Azad mətbuat nümayəndələrinin hədələnməsi, himayə olunan quldur dəstələri tərəfindən döyülməsinin məsuliyyətini ölkə iqtidarının daşıdığını bəyan edərək, qətiyyətlə cinayətkar quldurların aşkar edilməsini, onlara layiq olduqları cəza verilməsini tələb edir. Mövcud iqtidarın zamanında dəfələrlə mətbuat nümayəndələrinə qarşı edilmiş ağır cinayətlərin üstünün açılmamasını, iqtidarın həmin cinayətkarları himayə etdiyi təəssüratı yaratdığını bildirməyi özümüzə borc bilirik.

Siyasi baxışlarına görə tələbələrin unversitetlərdən çıxarılmasını pisləyir, onların təcili olaraq təhsil almaq hüquqlarının bərpa edilməsini tələb edirik.

CANP ölkədə fəaliyyət göstərən bütün demokratik təşkilatları birliyə, demokratiyaya, insan azadlıqları uğrunda ardıcıl mübarizəyə çağırır.

CANP ölkə iqtidar rəsmilərini beynəlxalq qurumların Azərbaycanda demokratik cəmiyyətin formalaşması barədə çağırışlarını obyektiv qiymətləndirməyə dəvət edir. Əvəzində isə bəzi iqtidar mənsublarının demokratik dünyaya meydan oxumasını təqdir etmir, bu kimi halların ölkəmizin demokratik dünyaya inteqrasiyasına əngəl törədəcəyini, Qarabağ probleminin həlli prosesinə maneə yaradacağını bəyan edir.

CANP dünyanın demokratik dövlətlərindən şəffaflıq tələb edən, iqtidar mənsublarından öncə ölkəmizdə şəffaflıq şəraitinin yaradılmasını, iqtidar yetkililərinin, o cümlədən oliqarx-nazirlərin mal varlığı, xarici ölkələrə yatırılmış gizli sərmayələri barədə səffaf hesabat verilməsini daha məqsədəuyğun hesab edir.

Ölkə gəncliyinə, tələbələrə müraciət edərək, bildiririk ki, Cabbar Savalan və digər tələbə gənclərin şərlənərək həbs edilməsinə, təhsil müəssisələrindən siyasi baxışlarına görə çıxarılmasına biganəlik, ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Biz sizi birlik nümayiş etdirərək, hüquqları pozulmuş gənclərin müdafiəsinə qoşulmağa çağırırıq.
Ölkə iqtidarına bəyan edirik ki, kosmetik “islahat”larla yanaşı, vətəndaş cəmiyyətinin inkişafı, insan haqlarının qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri islahatların keçirilməsi ən ümdə problem olaraq qalmaqdadır. Xatırladırıq ki, müstəqil, ədalətli məhkəmə sistemin olmaması nəticəsində, ölkə vətəndaşları mafioz qüvvələrin sifarişi ilə qanunsuz olaraq cəzalandırılır. Məhz bu cür məhkəmə ədalətsizliyi ölkədə “37” abı-havasının hökm sürdüyündən xəbər verir.

CANP ölkə iqtidarını tarixi məsuliyyəti obyektiv dəyərləndirərək, fəaliyyətlərində insan amilinə diqqətlə yanaşmağa dəvət edir. Ölkədə hökm sürən yaltaqlıq, məddahlıq “ideologiya”sının sonda beynəlxalq aləmin gülüş hədəfinə çevriləcəyini nəzərə alınmasının vacibliyini bəyan edirik.

CANP ölkədə fəaliyyət göstərən siyasi təşkilatlara, QHT-lərə, KİV-lərə fəaliyyətlərində hüquq və azadlıqlarından istifadə etmək şəraiti yaradılmasını tələb edir. Siyasi təşkilatların, QHT-lərin, KİV-lərin qeydiyyata alınmasına yaradılmış süni maneənin aradan qaldırılmasının zəruriliyi bəyan edirik.

CANP siyasi baxışlarına, peşə fəaliyyətinə görə həbs edilmiş Milli Azadlıq Hərəkatının öncülləri Nemət Pənahlının, Ramiz Tağıyevin, Eynulla Fətullayevin, Arif Hacılının cəlb olunduqların əsassız, şər-böhtan nəticəsində məruz qaldıqları həbsdən təcilli azad edilmələrini tələb edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button