Ölüm korpusu

qənimət zahidQənimət Zahid

«Azadlıq» qəzetinin baş redaktoru

VIII yazı

 Bu, “ölüm korpusu” adlanırmış. Bunu starşina Eldar deyir.  Bayaqdan məni yaxşı tanıdığını, mənə böyük hörmət və ehtiramı olan ölüm korpusunun starşinası gizir Eldar. Əlbəttə, mən Azərbaycanda ölüm hökmünün ləğv edildiyini bilirəm. Həbsxanalarda da belə bir korpusun nəzərdə tutula bilməyəcəyini  başa düşürəm. Amma iş bu ki, Bayıl türməsində mənim gətirildiyim, saxlanmaq üçün qəbul edildiyim 5-ci korpus “ölüm korpusu” adlanır. İnsana bir dəfə ad qoyurlar, sonra bu insan böyüyür, ad xoşuna gəldi-gəlmədi, axıra qədər həmin adla yaşamalıdır axı. Doğrudur, mən bəzi istisnaları bilirəm. Yəni tanıdığım adamlar var ki, onlar böyüyəndə adları xoşlarına gəlmədiyi üçün dəyişiblər. Elə ikisi bizim kənddəndir. Birinin adı Şərbala idi, o birinin adı Gülbəsər. Şərbala məndən bir sinif yuxarı oxuyub, Gülbəsər isə məndən 6-7 yaş böyük olmalıdır və əmimin kürəkənidir,  amma “Gülbəsər” adı ilə yox. Şərbala da, Gülbəsər də bizim balaca dağ kəndində orta məktəbi bitirən kimi, o zamanlar Azərbaycanın ən mütəvazi institutlarından olan Pedaqoji İnstituta qəbul oldular (Niyə “mütəvazi” deyirəm, çünki o zamanlar “APİ” adlanan bu ali məktəbə ən aşağı şərtlərlə, 5-7 min rus rublu məbləğində rüşvətlə qəbul edilmək mümkün idi; bir semestrin imtahan və “zaçot”larını yola vermək üçün də müəllimlərdən birinə toplam 1 qoyun cəmdəyi versən bəs elərdi).  Gülbəsər adını dəyişib Sabir qoydu, Şərbala da Nazim. Əlbəttə, mən Sabir müəllimin, eləcə də Nazim müəllimin pedaqoji universitetə bu şərtlərlə qəbul olunduqlarını iddia etmirəm. Onları örnək göstərməyim də,  adlarla bağlı idi. Yəni adlar dəyişmir, unudulmur. Adam adları ilə bağlı belə istisnalar ola bilir, hətta yer adları ilə də ola bilir. Məsələn, bizim kəndimizin ortasından keçən yeganə küçənin ortasında bizim evlə məktəbə qədər olan yolun yarısında bir çökək vardı. O çökək yayda ən gec quruyan bir yol yarası idi. Həmişə palçıq olurdu. Çökəyin düz tuşunda qoca bir qarının yaşadığı balaca ev vardı. Qarıya kənddə hamı “Sapış xala” dediyi üçün bu çökək yerə də hamı “Sapışın dərəsi” deyirdi. Mən 8-ci sinifdə oxuyanda, yəni tam səkkiz il bu çökəyin palçığını ayaqqabılarımda hərləyəndən sonra kəndin kişiləri toplaşıb orada körpüyə bənzər enli bir truba basdıraraq üstünü çınqılladılar. Bu əməliyyatdan sonra “Sapışın dərəsi” deyilən həmin ərazi dikəldi, kənddə ən quru və ən səliqəli yol hissəsi oldu. Buna baxmayaraq, bu balaca, bir əlçim yerin adı elə “Sapışın dərəsi” olaraq qaldı. Bəlkə indi də, qurdtəpəlilər bir-birinə nəyisə nişan verəndə və ya özlərinin koordinatlarını bildirəndə ““Sapışın dərəsi”ndən bir az aşağı””, yaxud “yuxarı”, deyirlər.  Bayıl türməsində, “ölüm korpusu”nun girişində qurdtəpəliləri xatırlatmağımın heç qəbahəti yoxdur. “Adamın əli yananda ağzına təpər”, deyə bir məsəl var axı.

Starşina Eldar fikrimin çox dərinə getdiyini bilib: “İndi yox, əvvəllər burada güllələnməyə məhkum edilmiş adamlar saxlanılırdı. İndi bura ən sakit, ən səliqəli korpusdur”, dedi.

5-ci korpus o qədər də uzun olmayan bir koridordan və qapıları bu koridora açılan otaqlardan oluşan birmərtəbəli tikilidir. Giriş baş tərəfdəndir (İdi). Starşina əlini cibinə soxub uzun bir açar çıxardı, onu əlində hərləyə-hərləyə üstündə lap köhnədən yapışdırıldığı bilinən, bozarmış və yetərincə kirlənmiş rənglə “127” rombu olan qapının qarşısında dayandı. Qapı gerillalara oxşayırdı. Eninə-uzununa patrondaş kimi sarılan rəzələr və cəftələr onu qapıdan çox qapısızlığa bənzədirdi: özünü “buraya girmək və buradan çıxmaq qəti qadağandır!“ hökmü ilə kükrədən dəmir və taxta parçalarının bu zəhmli-zabitəli xəlitəsi arxayın zamanlarda adamda yaramaz bir ovqat yarada bilərdi. Yaxşı ki, dünyanın bütün qapıları belə tünd əhval-ruhiyyə yaratmaq iddiasında deyil. Qapılar, təbii, çox müxtəlif olur. Hərdən olur, hansısa xoşagəlməz bir adamın qapısını döyürsən, dəhşətli bir istəyin olur ki, bu qapı, kaş açılmayaydı! Hərdən axmaq bir bürokratın qapısı önündə dayanıb onun arxasından alacağın rədd cavabının intizarını yaşayırsan. Hərdən açılacağı anı ürəyini partladacaq dərəcədə səbirsizliklə gözlədiyin qapılar olur. Öz evinin dos-doğma qapısı üçün həsrət çəkdiyin, onu gözlərinlə oxşadığın, qəlbinin qapısı qədər içərdiyin zamanlar olur. Ərklə aça biləcəyin dost qapıları var. Arxasında sənin üçün fəlakətlər hazırlana biləcək qapılar var… Neqativ və ya pozitiv emosional gərginlik anları ilə bağlanan (və açılan) çox qapılar var. Amma həbsxana qapısı tamam ayrı aləmdir. Üstəlik, bu, sənin üçün açılırsa. Və birinci dəfə açılırsa. Üstünə “127” yazılmış bu qapı mənim ilk və doğma həbsxana qapım oldu. Fövqəladə hissdir. İçindən belə bir qapının sahibi olmaq istəyənlər onun hansı təmtəraqlı duyğularla bağlı olduğunu heç təsəvvür edə bilməzlər. Əlbəttə, mən elə bir qüdrət sahibi deyiləm ki, adamların belə bir qapıya urcah olub-olmaması barədə sehrli arzular edim və bu arzular da çin olsun. Sadəcə, hər kəsin bilməsini istəyirəm ki, mən öz qapımı sevdim. İlk baxışdaca sevdim. Starşina Eldarın uzun və yöndəmsiz, bir üzü parlaq, o biri üzü paslı açarının hökmü ilə açılmağa macal tapmamış bu “127” şifrəli qapını özümə çox doğma bir qapı kimi qəbul etdim. Belindən, ciynindən patrondaş kimi sarılmış rəzələri ilə, tən ortasındakı 30×30 ölçüsü həcmində kvadrat “kormuşka”sı ilə, yuxarı sağ küncünə bərkidilmiş, amma işlək olub-olmadığını heç zaman bilmədiyim xırdaca siqnalizasiya qutusu ilə, bulanıq qırmızımtıl çaları olan və azacıq kirlənmiş tünd qəhvəyi rəngi ilə, arxasında nələrin və kimlərin olduğunu bilməyərəkdən belə bu qapını qəlbimə yaxın buraxaraq onu sevdim.

…Starşina kameraya mənimlə birlikdə daxil oldu. Bu, eynilə qatar kupesinə bənzəyən, amma daha uzun bir otaq idi. Hər iki tərəfində divar boyu ikimərtəbəli dəmir çarpayı qoyulmuşdu. Çarpayılar döşəməyə və divara bərkidilmişdi. Çarpayıların baş tərəfində, hündür divarın əlçatmaz yuxarısında, tən ortada, ölçüsü təqribən, 60×60 ola biləcək, dəmir barmaqlıqlarla bir neçə qat, çalın-çarpaz hörülmüş nəfəsliyin altında, yenə də eynilə qatar kupesində olduğu kimi və təqribən həmin ölçüdə bir miz bərkidilmişdi.  Sağ tərəfdəki çarpayıların bəri başında hündür, bir neçə mərtəbəsi olan ensiz kamod vardı. Kamodla üzbəüz divarları adam boyu hündürlüyündə hörülmüş, üstü açıq, qapısından rəngi bilinməyən mələfə asılmış ayaqyolu vardı. Ayaqyolunun içində balaca bir əl-üz yuyan vardı. Unitazda “C” və “Y” hərflərinin hibridinə bənzəyən çatlaq görünürdü. “”C”-ni başa düşmədim, amma “Y” köhnə rus əlifbasına görə “ümumi” sayıla bilər”, dedim. Starşina başa düşmədi, sualla üzümə baxdı. Mən gözümü unitaz tərəfə çevirdim və o, qəhqəhə ilə güldü. “Nikbin adamsızmış, müəllim”, dedi. Əlinə danışmaq girəvəsi düşmüşkən, kamerada istifadə edə biləcəyim predmetlər barədə ətraflı məlumat verdi:

– Evdən gətirilənə qədər buradakı stəkanı yaxalayıb istifadə edə bilərsiniz. Burada dolabda quru çay və qənd var. Elektrik çaydanı işləyir. Deyəsən, indi burada sabun yoxdur, indi gətirərəm. Hələlik rahatlanın, mən bir azdan qayıdıram.

Mən onun təqdim etdiyi predmetlərə baxa bilmədim. Bu kamerada adam izi axtarırdım. Deyəsən, bir neçə gündü ki, buranı boş saxlayırmışlar kimi görünüş vardı. Əl-üz yuyanın qırağına atılıb qalmış bir balaca sabun qəlpəsinin bir neçə gündür istifadə edilmədiyi bilinirdi. Hər halda, burada adam iyinə bənzər bir iy yox idi. Yataq dəsti gerçək vaqonlarda olduğundan xeyli təmiz idi, amma döşəkağı yox idi. “Evdən gətirərlər yəqin”, düşünərək starşinaya “Qibləni mənə göstərərsinizmi?” dedim. O, sol küncü nişan verdi və “onda, yarım saata qayıdaram”, deyib tələsik çıxdı.

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button