Ölümsüzləşən doğuluş
Yaxud, azadlığın məhbəsdəki qəhrəmanlığı
Ölkəmizdə çox mürəkkəb bir mənzərə yaranıb. Bütün rənglər bir-birinə qarışıb. Göygöz Kosalar hər yerdə tilsim qurub, Həkim babaların əlləri qandallanıb, Simnar xanlar bədbəxtlik vəd edir. Amma bütün dövrlərdə belinə kəmər bərkidə bilən Elşənlər olub və olacaq. Zalımın qarşısında əyilməyən, şərin üzərinə şığıyan, haqqın keşiyində dayanan oğullar var olduqca, şərin mütləq qələbəsi mümkün olmayacaq.
Bu gün biz əfsanəvi qəhrəmanların yox, real qəhrəmanların ömür yoluna şahidlik edirik. Və həmin qəhrəmanlardan birinin bu gün doğum günüdür. Bəli, bu gün AXCP sədrinin müavini, vicdan məhbusu Fuad Qəhrəmanlının dünyaya göz açdığı gündür. Fuad bəy bütün şüurlu həyatını “Qəhrəmanlı” soyadına uyğun yaşadı. O, soyadındakı mənanı həyatının mənasına çevirə bildi. İndi Fuad Qəhrəmanlını təkcə doğulduğu gün deyil, hər gün təbrik edirlər. Onun haqqında hər gün xoş sözlər söyləyirlər, hər gün yazırlar. Çünki Fuad Qəhrəmanlı dəmir barmaqlıqlar arasında da dayanmır. O, hər gün şərin zindanında yeni azadlıq nümunəsi yaradır.
O, sıradan bir gündə doğuldu, amma doğulduğu günü ölümsüzləşdirə bildi. Deməli, bu gün ölümsüzlüyün doğum günüdür. Deməli, onun yaşadığı hər gün mübarəkdi. Onu susdurmaq üçün dörd divar arasına saldılar, amma o dörd divar arasından qalalar ucaltmağa başladı. Onu böyük meydandan uzaq salmaq istədilər. O isə ən çətin anında ölümə və rejimə meydan oxudu.
Azadlıq eşqin, azad ruhun, ölümsüzləşən doğuluşun mübarək. 42 yaşda əsrdən böyük ömür yaşadığın üçün təbrik edirik.
İlham
Redaksiyadan:
Fuad Qəhrəmanlının 42 yaşının tamam olmasını “Xural” ailəsi də təbrik edir və tezliklə Fuad Qəhrəmanlının azadlığa çıxmasını arzulayırıq.