Ölümündən 11 il əvvəl yazdığı vəsiyyət

Mehman MehmanAtam Telman Mehdixanlıya

İndi oxuduqlarınızı gecə saat 12-dən sonra yazıram. Sözün düzü yazmağa əlim də gəlmir. Amma fikirlərimi paylaşmasam ruhu qarşısında günahkar olacam. Bu vaxtlar adətən evdə yalnız o, yazırdı. Bəlkə də indı cəsarət tapıb yazdığım anlar onun ruhu başımın üstündə mənə baxıb sevinir, bəlkə mənə gələn ilham pərisi də elə onun adı ilə bağlıdır.

Həmişə ona ATA gözü ilə baxırdım. Bilirdim ki, jurnalistdir, uzun illər televiziyada çalışıb, mətbuatda öz dəsti-xətti ilə seçilib. Amma məni ona yalnız ATA sevgisi bağlayırdı. Yaradıcılığı bəlkə də uşaq idik deyə mənə heç nə demir, deyəndə belə, eqom özümü təsdiq üçün bu addan istifadəyə imkan vermirdi.   İstəmirdim məni onun adına görə tanısınlar. Halbuki, bu ad mənə sonrdan yolumda çox yaşıl işıqlar yandırdı.  Yadımdadır, 4-cü kursda oxuyanda  ondan xəbərsiz, televiziyaya işə düzəldim. Səsimi efirdən eşidib, soruşdu-sən idin? Hə. Utana-utana verdiyim bu cavab 15 il üstündən keçməsinə baxmayaraq hələ də yadımdadır. Space TV-də  çalışırdım. Kollektivimiz əsasən cavanlardan ibarət idi, amma qocaman televiziya işçiləri mənim Telman Mehdixanlının oğlu  olmağımı biləndən sonra mənə münasibətin daha da yaxşılaşdığını hiss edirdim.  Açığı sevinirdim.  Bu ad həm də mənə üfüqdə yeni məsuliyyət sərhədlərimin cızıqlarını çəkirdi.

Atam yazmağı çox sevirdi. Dövrü mətbuatda çap olunmaq onun üçün dünyanın ən müqəddəs peşələrindən idi.  Evdə özünə yazı kabineti də yaratmışdı. Hər yazısı ona çox əziz idi. Onları əzizləyir, səliqə ilə qovluqlara yığırdı. Ölümün onu belə tez haqlayacağını  dilinə gətirmirdi. Bu mövzuda danışmaq belə istəmirdi. Həm də nə danışsın axı? 66 yaşında gözlərini əbədi yumacağına inanmırdı. Ölümündən bir neçə gün əvvəl onun sevimli yazılarının arasından tapdığım bir yazı bu hekayəmin səbəbkarı oldu.

Evdə dəmir bir qayda mövcud idi. Heç kim onun əşyalarına əl vurmazdı. Bəlkə də elə bu qayda onun qovluqlardakı  yazılarını oxumağıma mane olurdu. Atam dünyasını dəyişməzdən öncə saysız-hesabsız bu qovluqlardan birindəki  coxsaylı yazılardan elə  birinci cəhdə birini götürdüm.  55 yaşlı yubilyar- jurnalist  Telman Mehdixanlı öz həyat və yaradıcılığını həmkarları ilə bölüşür. Oxuduqca onu yenidən kəşf edirdim. Bu dəfə ATA kimi yox. Göz yaşlarımı saxlaya bilməsəm də yazını sona qədər oxudum. Nə yaxşı ki, oxudum. Elə bil hansısa ilahi qüvvə mənə məhz bu yazını oxumalısan dedi. Çünkı yazının sonunda atam balalarına vəsiyyət edir:

“55 il bəxt payımı yaşamışam. Bundan belə də alın yazımı yaşayacağam. Əgər balalarım, dostlarım, qələm yoldaşlarım sədaqətli olsalar dünyamı dəyişəndə baş daşıma yazdırarlar: “İmkanı daxilində dərdlinin dərdini anlayan, ağlayanın göz yaşını silən, dostlarının hər uğuruna sevinən, sədaqəti, səxavəti, səmimiyyəti, ürək açıqlığı ilə seçilən Telman Ağa oğlu Mehdixanlı da bu dünyada olub. Daha yoxdur. Getdi gedər-gəlməzə…””.

Nə yaxşı ki, sən bu sözləri bizə özün deməmisən.  11 il əvvəl yazılan bu yazıdan inanmıram ki, xəbərsiz idin. Bilirdin ki, bir gün sənin yazılarına baxacaq bir adam tapılacaq. Nə yaxşı ki, sən yazmısan. Hələ saysız-hesabsız bu yazıların içindən sənin sehrli dünyana işıq salacaq gör neçə yazı üzə çıxacaq, ATA.  Özün dediyin kimi, gedər gəlməzə getsən də adın həmişə bizimlə yaşayacaq! Ruhun şad olsun!

Mehman Telmanoğlu

Telman Mehdixanlı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button