“Ömürlük icra hakimləri”

prezident-aparati

Martın 3-də prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Mahmud Quliyev 15 ildən çox idi həmin postu tuturdu. O, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Heydər Əliyevin prezidentliyi dövründə, 2000-ci il dekabrın 18-də təyin olunmuşdu.

Hazırda Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci il  dekabrın 21-dən bu vəzifədədir.

Malik İsaqov 8 sentyabr 2001-ci ildən, Heydər Əliyevin prezidentliyi vaxtından Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Transparency.az bildirir ki, icra başçısı postunda daha əvvəldən çalışan şəxs var. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci il iyulun 2-də, Əbülfəz Elçibəyin prezidentliyi zamanı təyinat alıb.

Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov 2001-ci il yanvarın 30-dan bu postdadır.

Bakı rayonlarından Xəzərin icra başçısı Gülağa İslamov 1995-ci ilin yanvar ayında həmin vəzifəyə təyin edilib.

İlqar Abbasov 2005-ci ildən Suraxanının, Razim Məmmədov 2006-cı ildən Xətainin icra başçısıdır.

Nərimanovun icra başçısı Abdin Fərzəliyev 2005-ci ildə, Yasamalın icra başçısı İbrahim Mehdiyev 2006-cı ildə təyin olunublar.

Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov 2005-ci ildə icra başçısı postuna təyinat  alıb.

Transparency.az bəzi başqa rayonlar üzrə siyahını da təqdim edir:

Ağcabədi — Şahin Məmmədov, 2005-ci ildən

Ağsu — Ənvər Seyidəliyev, 2007-ci ildən

Cəlilabad — Əziz Əzizov, 2006-cı ildən

Göygöl — Arif Seyidov, 2006-cı ildən

Hacıqabul — Əhməd Muxtarov, 2006-cı ildən

Xaçmaz — Şəmsəddin Xanbabayev, 2004-cü ildən

Qusar — Şair Alxasov, 2007-ci ildən

Lerik — Rövşən Bağırov, 2007-ci ildən

Şabran — Novruz Novruzov, 2007-ci ildən

Tovuz — Tofiq Zeynalov, 2007-ci ildən

Zərdab — Lütvəli Babayev, 2007-ci ildən.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

“Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə qeyd olunur ki, icra başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır, onun tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.

İcra başçısının vəzifələri sırasında müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək; müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək kimi vəzifələr durur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button