Ömürlük məhkumun anası danışdı: “Mənim oğlumun ADNA faciəsilə heç bir bağlılığı yoxdur” – VİDEO/FOTO

2009-cu il aprelin 30-da Neft Akademiyasında baş verən cinayət hadisəsi neçə-neçə günahsız insanın, günahsız gəncin faciəli ölümünə səbəb oldu. Bu faciə ilə bağlı müxtəlif versiyalar səslənsə də rəsmi məlumatlarda bildirilir ki, polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürüb. Özünü öldürən şəxs 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu bildirilir.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və sonradan terrorçuluq ittihamı da irəli sürülüb.

2010-cu il aprelin 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hokmü ilə Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.Hökm zamanı müttəhimlər cinayətlə heç bir əlaqələrinin olmadığını bildiriblər.

Hadisədən 10 il keçməsinə baxmayaraq, terror hadisəsində əslində əli olan əsas şəxslər cəzalandırılmayıb. İlk gündən hadisə ilə bağlı açılan cinayət işinin tez bir müddətdə bağlanması üçün müvafiq orqanlar qanunsuzluğa əl atıb və heç bir dəlil-sübut olmadan məhkəmənin hokmü ilə 3 gəncə ömürlük həbs cəzası kəsib – Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov adlı şəxslər ömürlük həbs cəzasına məhkum edilib. Cavidan Əmirovun anası Rəna Qədirova iddia edərək, əminliklə qeyd edir ki, oğlu, cinayəti törətməkdə günahkar bilinən Fərda Qədirovun yaxın qohumu olduğu üçün  cinayət məsuliyyətinə cəlb olunub.

Rəna Qədirova Gürcüstanın Marneuli rayonunu Baştəpə kəndinin sakinidir. Onun sözlərinə görə, 2009-cu ildə fəhləlik üçün Bakıya gələrək babasının evndə yaşayan Cavidan Əmirov inşaatda çalışıb. Neft Akademiyasında baş verən cinayət hadisəsindən tam xəbərsiz olan Cavidan Əmirov qohum olaraq dayısı oğlu Fərda Qədirovun güdazına gedib.

Rəna Qədirovanın iddiasına görə, oğlu Cavidan Əmirov hadisə günü işdə olub. Çalışdığı inşaat tikinti obyektinin yanında dayanan taksi sürücülərindən hadisə haqqında, həmçinin bu hadisənin dayısı oğlu Fərda Qədirov tərəfindən törədildiyi haqqında məlumat alan Cavidan Əmirov taksi sürücülərinə Qədirovun onun dayısı oğlu olduğunu deyir. Fərdanın heç bir zaman bu cür cinayətə əl atan adam olmadığını, hətta bir toyuğun başını kəsə bilmədiyini vurğulayan Cavidan günorta saatlarında rəisindən icazə alaraq,  iş yerini tərk edir və yaşadığı evə gedir ki, hadisənin televiziya vasitəsilə edilən yayımına baxsın. Evə çatanda orada mülki geyimdə olan iki nəfərin dayandığını görür, onlarla salamlaşır. Ondan Cavidan Əmirovun o olduğunu soruşurlar, təsdiqlənəndən sonra onu polis bölməsinə aparırlar. Polis bölməsində ondan Fərda Qədirovu tanıyıb-tanımadığı soruşulur. Cavidan Fərdanın dayısı oğlu olduğunu deyir. Gecə saat 3-ə qədər MTN-nin işçiləri tərəfindən sorğu-suala tutulur. Gecə saat 3-də pasport və telefonu götürülür, özü isə babasının evinə buraxılır:

Hadisə ilə bağlı Rəna Qədirova xural.com-a bildirib ki, oğlu Cavidan Əmirov heç bir cinayətin iştirakçısı olmayıb: “Bibisioğlu ilə telefon danışığından başqa məhkəmədə heç bir dəlil, sübut ortaya qoyulmadı. Ona görə də adama ömürlük həbs cəzası verərlərmi?”, – deyə Ana fəryad edir. Onun sözlərinə görə, ADNA hadisələrinin bir illiyində ANS-də jurnalist İradə İsaqla “Xəbərin izində” verilişində gedən müzakirələrdən də açıq aşkar görünür ki, onun oğlunun bu cinayətdə heç bir rolu olmayıb. Lakin 10 ildir Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsində törətmədiyi cinayətin cəzasını çəkir. Cavidan Əmirov ailədə yeganə oğuldur. Cavidanın bacısı xəstə olduğundan Rəna xanım “iki daşın arasında qalıb”. Bir ayağı Gürcüstanda, bir ayağı da Bakıda. Rəna Qədirova Azərbaycan prezidentinə müraciət edərək işə yenidən baxılmasını xahiş edir. O əmindir ki, əgər bu gün Eldar Mahmudovun rəhbərlik etdiyi MTN fəaliyyətdə deyilsə, əsl həqiqətlər ortaya çıxacaq və oğlu Cavidan Əmirov azadlığına qovuşacaq.

Qeyd edək ki, istintaq cinayətin təşkilatçısının Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyan olduğunu “müəyyən edir”: “Qumaşyan, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib”.

Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib. Həmçinin “Qumaşyan” cinayət işindən kənarda saxlanılıb.

Vəkillər qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib. Bununla yanaşı, jurnalistlər dəfələrlə Mardin Qymaşyanın yaşadığı evdə olub. O hər hansı terroru maliyyələşdirmədiyini, təşkilatçısı olmadığını, sadə əməkçi adam olduğunu bildirib. Qumaşyan indi də Gürcüstanda yaşayır və hər hansı istintaq tərəfindən dindirilməyib.

 

Xural.com

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button