Onlarla tanınmış iranlı 'səhnələşdirilən' seçkiləri boykot etməyə çağırır

İranda 300-ə yaxın siyasi, ictimai və mədəniyyət xadimi parlamentə və Üləmalar Məclisinə seçkiləri boykot etməyə çağırır, adamları “layihələndirilən” və “səhnələşdirilən” seçkilərə getməməyə səsləyir.

“İranda seçki institutunun qətiyyətsiz mövqeyi və statusu hətta öncəki seçkilərlə müqayisədə daha da miskinləşib” -275 xadimin fevralın 25-də imzaladığı bəyanatda belə deyilir.

Parlamentə və Üləmalar Məclisinə seçki martın 1-nə təyin olunub, potensial namizədlərin əksəriyyəti seçkiyə buraxılmayıb.

Bəyanatda deyilir ki, “islahatların çıxmazı” ölkənin siyasi mənzərəsində dərinləşən böhranı üzə çıxarır. Xadimlər 12-ci çağırış parlamentə buraxılmayan namizədlərin miqyasını da vurğulayır.

Bəyanat müəllifləri bildirir ki, indiyədək nəyin hesabına olursa olsun seçkidə iştirakı həvəsləndirən siyasət faydasız olub, əslində avtoritarizm və siyasi durğunluğun möhkəmlənməsinə xidmət edib.

İranın mövcud seçki institutunun ağır vəziyyətini vurğulayan fəallar həqiqi, ədalətli və sağlam seçki keçirmək üçün ilkin zəruri şərtlərdən söz açırlar. Buraya söz azadlığının, müxalifət fəalları və assosiasiyalarının fəaliyyətinin təminatı, mətbuat və medianın işi, seçki proseduru və nəticələrinə müstəqil, qərəzsiz qurumların nəzarəti ilə bağlı tələblər daxildir.

Fəallar deyirlər ki, qarşıdan gələn seçkilərdə bu şərtlər mövcud deyil, ona görə də bu səsvermədə iştirakı gərəkli saymırlar.

Bəyanatda xəbərdarlıq olunur ki, seçki institutu gerçəkdən dirçəldilməsə, İranda siyasi prosesdə iştirak “əlçatmaz” olacaq. Müəlliflər vaxtilə Yaxın Şərqdə ən böyük göl olan Urmiya gölünün taleyini yada salırlar. Hazırda bu göl ilkin miqyasının 1/10-i boydadır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button