Oqtay Əsədov: Yol kənarındakı evlər sökülməlidir

Parlamentdə “Bakı-Sumqayıt yolu” müzakirəsi

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub. Deputat Fəzail Ağamalı deyib ki, hazırda təmir gedən yol 4 il öncə çəkilib:

“Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”.

“Alternativ yol olmayanadan sonra, sürücü neyləsin?”

Deputat Fazil Mustafa Bakı-Sumqayıt yolunda son günlər yaranmış vəziyyyətlə bağlı danışarkən, bütövlükdə əhalinin yollardakı tıxacdan xeyli əziyyət çəkdiyinə, alternativ yolların çəkilməməsinə diqqəti yönəldib: “Adətən, yol polisindən, ictimai nəqliyyatdan və piyadalardan bəhs olunur, amma digər məsələlər unudulur. Biz bu üç subyektin cəzasını həmişə artırırıq. Dövlət büdcəsinə də müəyyən vəsait gəlir. Keçən il büdcədə 2 milyardlıq artım olub. “Bakıxanov” qəsəbəsində metro tikilməliydi. Amma iki il keçib, metro tikintisinə vəsait ayrılmır. Artıq Xırdalan yolu ilə bağlı məsələ də hər birimizi narahat edir. Əhalinin çəkdiyi zülmü, doğrudanmı, biz görmürük? Minlərlə insan küçələrdə qalıb, alternativ yol yoxdur. Türkiyənin İstanbul şəhərində metro ilə istənilən yerə getmək mümkündür. Üstəlik, avtobuslar üçün ayrıca yol xətləri çəkilib. Həm tıxac yaranmır, həm də vaxtında işə yetişmək mümkün olur. Bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Bir yol bağlanıb, əhali zinhara gəlib, vaxtında tədbir görülməlidir! Alternativ yol olmayanadan sonra sürücü neyləsin? Kasıb əhali iş yerinə gəlmək üçün iki-üç marşrut dəyişməlidir, əlavə xərc çəkməlidir. Yaxud hava limanına metro xəttinin çəkilməsi çoxmu çətindir? Niyə adamlar ora taksi ilə getməldir? Bəlkə, bu, kiminsə marağındadır, bilmirəm”.

“Bakıda yol çəkilməməsi ilə bağlı deyilənlər yanlışdır”

“Azərbaycan Dəmir Yolları” QSC sədri, deputat Cavid Qurbanov deyib ki, Bakıda yol çəkilməməsi ilə bağlı deyilənlər yanlışdır:

“Bakı şəhəri Abşeron yarımadasında yerləşir. Bu yarımadanın 3 tərəfi sudur. Buna görə də yolların paylanması məsələsi çətindir”.

O qeyd edib ki, metro çəkilişlərinə gəlincə, bu haqda işlər gedir. Həm də metro çəkilişləri çox xərc aparır. Buna görə də bizdə yerüstü nəqliyyatlara üstünlük verilir”.

“Yolların genişləndirilməsi üçün yol kənarındakı bəzi evlər sökülməlidir”

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir:

“Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyətləri mən də çəkirəm. O yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button