Oqtay Gülalıyev üçün Türkiyədən mütəxəssislər dəvət edilib

Hüquq müdafiəçisinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bunu “Turan” İnformasiya Agentliyinə noyabrın 5-də hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva deyib.

Firuzə Gülalıyeva “Heydər Əliyev Fondu”ndan bu gün onunla əlaqə saxladıqlarını bildirib:

“Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, – o deyib.

Fonddan Firuzə Gülalıyevaya bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Onlar bu gün Bakıya gələcəklər.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da yolu keçərkən, piyada zolağının üstündə avtomobil tərəfindən vurulub.

O, ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da hüquq müdafiəçisi başında olan gematomanın çıxarılması üçün ağır əməliyyat olunub. Hazırda Oqtay Gülalıyev komadadır. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməli olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button