Ordu mətbuata qarşı səlib yürüşünə başlayıb!

Müdafiə Nazirliyi daha iki saytın dağıdılmasında ittiham olundu

 Dünən Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində www.milaz.info saytına və “MilAz” İnformasiya Agentliyinə olan təzyiqlərlə bağlı mətbuat konfransı keçirildi. ATMİA prezident Yaşar Cəfərli sözügedən sayta sentyabr ayının 11-dən etibarən intensiv haker hücumlarının başlandığını və nəticədə saytın tamamilə dağılma təhlükəsinin yarandığını bildirdi. Onun sözlərinə görə haker hücumlarının, yükləmələrin sayının çoxluğunu nəzərə alan saytın fəaliyyətinin dondurulmasına qərar verilib. “Ötən dövrdə saytın yenidən açılması istiqamətində çalışmalarımız davam etdi. Amma təəssüf ki, bu günə qədər də sayta hücum aktları həyata keçirilir. Müxtəlif naməlum ünvanlardan yüksək dərəcəli yükləmələr var”, – deyən Y.Cəfərli hesab edir ki, sayta hücumlar iki səbəblə əlaqədar ola bilər: birincisi, Müdafiə Nazirliyinin rəhbərliyi daxilində hökm sürən qarşıdurma və eyni zamanda güc strukturlarında korrupsiya faktlarının saytda işıqlandırılması, ikincisi isə erməni kəşfiyyatının addımları.  “MilAz” İnformasiya Agentliyinin baş direktoru Cəsur Sümərinli sayta hücumların Müdafiə Naziirliyinin mövcud rəhbərliyi – nazir Səfər Əbiyevin təsirində olan qruplar tərəfindən təşkil olunduğunu ehtimal edir. Onun sözlərinə görə, son vaxtlar Səfər Əbiyev başda olmaqla Müdafiə Nazirliyinin rəhbərliyi ordu quruculuğunun neqativ tərəflərini üzə çıxardan, korrupsiya və qanunsuzluq faktlarını araşdıran xəbərləri işıqlandıran müstəqil KİV-ə qarşı səlib yürüşünə başlayıb.  “Düşünürəm ki, milaz.info saytına hücümlar da bu qəbildəndir. Bu gün əldə etdiyimiz məlumatlara görə, Müdafiə Nazirliyinin rəhbərliyinə yaxın olan qruplar Azərbaycanda ordu quruculuğunu diqqətdə saxlayan bir çox KİV və jurnalistləri, hətta bir sıra hərbi ekspertləri müəyyən vəsait hesabına susmağa məcbur ediblər. Amma kimlər ki, nazirliyin bu biabırçı siyasətinə baş əymir, onlara qarşı belə iyrənc addımlardan, təzyiqlərdən istifadə etməyə çalışırlar”, – deyə C.Sümərinli bildirdi. Onun sözlərinə görə, Müdafiə Nazirliyi mətbuat xidməti sentyabr ayının 15-dən “MilAz” İnformasiya Agentliyinin milaz.agency@gmail.com ünvanına gündəlik məlumatların göndərilməsini dayandırıb. “Faktik olaraq bizi informasiya blokadasına salmaq istəyirlər. Mən bununla bağlı sentyabrın 17-də MN mətbuat xidmətinin rəisi Eldar Sabiroğluna müraciət etdim ki, məlumat göndərməyi bərpa etsinlər. Amma təəssüf ki, bu günə qədər bizə informasiya ötürmürlər”, – deyə C.Sümərinli bildirdi. C.Sümərinli bildirdi ki, onun e-mail ünvanına naməlum şəxslərdə hədə-qorxu məktubları gəlməyə başlayıb. “Mənə yazırlar  ki, nazir Səfər Əbiyevi, ordu islahatlarını tənqid eləməyim, korrupsiya və neqativ hallara göz yumum. Məni bu məktublarda təhqir edərək xəbərdarlıq göndərirlər. Mən bütün bunlarla bağı yaxın günlərdə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayacam”, – deyə o bildirdi. Onun sözlərinə görə, son aylar Müdafiə Nazirliyinin iki generalı – nazir Səfər Əbiyev və Nəcməddin Sadıqov və onların komandaları arasında baş verən qarşıdurma ordu quruculuğuna ciddi zərbə vurur. “Bu azmış kimi, onlar mətbuata qarşı hücuma da başlayıblar. Hesab edirəm ki, bu məsələ Azərbaycanın media və QHT qurumlarının diqqətində olmalı və bunlarla bağlı müxtəlif strukturlara müraciətlər ünvanlanmalıdır. Biz öz növbəmizdə davamlı müraciətlərə başlayacağıq”, – deyə o bildirdi. Tədbirin sonunda ATMİA-nın www.milaz.info ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button