Orxan Baxışllının anası Ramil Usubova müraciət edib

“Orxanın narkotiklə heç bir əlaqəsi yoxdur. O, siqaret belə çəkmir. Tələbədir, dinli-imanlı, namaz qılan gəncdir. Orxan ictimai-siyasi fəaliyyətinə görə tutulub”.

Həbsdəki AXCP fəalı Orxan Baxışlının anası Kəmalə Rəhimlinin daxili işlər naziri Ramil Usubova müraciətində belə yazılır.

Ana müraciətində nəql edir ki, 2017-ci ilin sentyabrında həyat yoldaşı Rafiq Baxışov Cəlilabad rayon polis şöbəsinin rəisinin yanına çağırılıb.

“Orda ona Orxan fəaliyyətindən uzaqlaşmasa tutulacağını bildirmişdilər. Onda bu haqda ictimaiyyətə xəbər də verilmişdi. Şəki polis əməkdaşı anamgilə gedib, belə bir məlumatı anama da vermişdi. Orxan bu hadisədən 6 ay sonra şərləndi. Deməli, Orxan narkotikə görə yox, fəaliyyəti ilə bağlı tutulur. Buna o vaxtdan hazırlıq görülürmüş”, Kəmalə Rəhimli müraciətində bildirir.

Ana Azərbaycan prezidentinin açıqlamalara xitabən vurgulayır ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı var.

“Heç kəs dediyi sözə, siyasi baxışına görə saxlanıla, məsuliyyətə cəlb oluna bilməz”, yazan ana vurğulayıb ki, O.Baxışlının həbs edilməsində rolu olanlar məsuliyyətə cəlb olunmalıdır.

Kəmalə Rəhimli müraciətin sonunda Orxan Baxışlının günahsız olduğunu, onun məhkəmə zalından azad edilməli olduğunu vurğulayıb.

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə – mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirildiyini bildirib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button