Ötən il İsveçdən deportasiya edilən ictimai fəal saxlanılıb

Yayımlandı: 6 May 2024 13:55

Famil Xəlilovun aclıq aksiyasına başladığı deyilir

İctimai fəal Famil Xəlilovun həbs olunduğu bildirilir.

Bu barədə məlumatı “Turan”a onun həyat yoldaşı Kiçikxanım Xəlilova deyib.

Kiçikxanım Xəlilovanın sözlərinə görə, mayın 2-də Sulutəpə qəsəbəsində yerləşən kirayədə yaşadıqları evlərinə mülki geyimli şəxslər gəlib:

“Yoldaşım 1-ci qrup əlildir, qolların ikisi də iflicdir. Həmin gün onu hamamda çimizdirirdim. Qapı döyüldü, balaca qızım qapını açdı, sonra gəlib mənə dedi ki, əmilər var çöldə, çağırırlar. Mən çıxanda özlərini polis kimi təqdim etdilər. Ondan sonra yoldaşımı hamamdan çıxarmaq üçün getdim, qayıdanda gördüm ki, salonda həddindən artıq çox qara paltarda adam var, evin ikinci mərtəbəsində də adamlar var idi”.

Kiçikxanın Xəlilova polislərin evdə axtarış apardıqlarını qeyd edib:

“Bütün evi axtarandan sonra polis əməkdaşları yoldaşımı evdən çıxardılar. Famili sürüyərək evdən çıxartdılar həyətə. Ondan sonra yenidən apardılar içəri, özləri də videoçəkiliş edirdilər. Yoldaşıma “qalx ikinci mərtəbəyə” deyəndə, qayıtdı ki, mən 8 aydır bu evdəyəm, 1 dəfə də bu pilləkəni çıxmamışam, çünki çıxa bilməmişəm. Onlar yoldaşımı yuxarı qaldırdılar. Sonra isə başqa heç yerə əl vurmadan müstəntiq yataq otağında komodun siyirməsindən göy salfeti çıxartdı, orada da nəsə ağ bir şey olduğunu dedi. Mən israrla bildirdim ki, bu, bizə aid deyil”.

K.Xəlilova həyat yoldaşının Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunduğunu deyib:

Həmin gün məni və 3 azyaşlı uşağımı da 40-cı polis bölməsinə apardılar. Orada biz həyətdə gözlədik. Sonra bölməyə çağırıb Familin kompüter parolunu israrla istədilər. Ardınca bizi sərbəst buraxdılar, amma bir neçə gündür yoldaşımdan xəbərim yoxdur, sadəcə, gəlib dərmanlarını götürüb ona apardılar. İki gün sonra məlum oldu ki, yoldaşım barəsində artıq həbs qətimkan tədbiri seçilib”.

Fəalın xanımı bildirib ki, F.Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

O əlavə edib edib ki, F.Xəlilov mayın 4-də evə zəng edərək aclıq etdiyini bildirib.

Famil Xəlilovun həbsi ilə bağlı Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət məlumat yaymayıb.

Famil Xəlilov 2023-cü ilin ikinci yarısında İsveçdən deportasiya edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button