Otelləri “Avroviziya-2012”nin siyahısına pulla salırlar?

 

Bütün məmurlardan villalarının, boş evlərinin siyahısı istənilib

 Azərbaycanın ev sahibliyi edəcəyi “Avroviziya-2012”yarışmasında Bakıya gələcək qonaqların yerləşəcəyi otellərin tam siyahısı təsdiqlənməyib. Bu da səbəbsiz deyil. Aldığımız məlumatlara görə, əslində bu otellərlə bağlı siyahının hazırlanmasına səbəb olan bir çox amillər var. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, siyahıya daxil olmaq üçün otellərdən qeyri-rəsmi ödənişlər tələb edilir. Hər halda rəsmi olmasa da, məlumat verilir ki, bu işlə bağlı bir sıra məqamlar da ortadadır. Qeyd edək ki, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev bir qədər əvvəl mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, Bakıda fəaliyyət göstərən 2, 3, 4 və 5 ulduzlu otellər yarışmanın siyahısına daxil edilib.

Maraqlı məqam ondan ibarətdir ki, adətən belə yarışmalarda 3 ulduzdan aşağı olan otellərin xidmətlərinə müraciət edilmir. Avropadan və dünyadan gələn turistlər əsasən, daha yüksək şəraitli otellərə müraciət edirlər. Rəsmi statistikaya əsasən, bu gün Bakı şəhərində istifadədə olan bütün otellərin belə eyni anda 40-50 min nəfərlik qonaq qəbul etmək imkanı yoxdur. Məhz bu vəziyyəti araşdıran Azərbaycan hakimiyyətin ən yüksək dairələrdə müzakirələr apararaq qərara alıblar ki, qonaqların qarşılanması və yerləşdirilməsi üzrə işlər bir mərkəzdən qruplar halında təşkil olunsun. Heç bir turistə sərbəst şəkildə Bakıya daxil olub otel axtarmaq imkanı yaradılmasın. Hava limanında, quru və su sərhəd keçidlərində xüsusi qruplar şəklində insanlar dayanacaq və qonaqlar belə qəbul ediləcək. Hər kəs də aldığı operativ məlumatlar əsasında boş otellərə yerləşdiriləcək. Bu, həm də Bakının mərkəzində acınacaqlı halda olan görüntülərin görülməməsi üçün xarici jurnalistlərin də mühafizəsi məqsədilə həyata keçiriləcək.

Bundan başqa, məmurların Bakı və paytaxt ətrafındakı bütün boş mənzilləri və villalarının da siyahısı açıqlanıb. Bildirilir ki, oliqarx-məmurların bir qismi bu qərarın verilməsinin əleyhinə olsalar da, sonda vəziyyətin daha ağır olduğu üzə çıxıb. Məmurların narahatçılığı isə onların hətta gizlində olan mülkiyyətlərinin üzə çıxmasıdır. Xəbər verilir ki, villa və boş mənzillərin siyahısını hazırlamaq hələlik mülkiyyət sahiblərinə həvalə olunub. Böyük ehtimalla könüllü təqdim edilən siyahılardan sonra dəqiqləşdirmələr aparılacaq və hansı məmur mülkiyyəti ilə bağlı məlumatları gizlətsə, onların cəzalandırılması həyata keçiriləcək.

Qeyd edək ki, «Avroviziya-2012» haqqında Ən müxtəlif məlumatlar dolaşır. Hətta bu yarışma üçün əhalinin ən müxtəlif təbəqələrinin maaşlarından pul tutumu haqqında da dəfələrlə yazılar dərc etmişik. Görünür, min əzab-əziyyətlə qazandığımız uğurlar da bizə çox görülür.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button