Oturub ağladim şair ömrümə…

Ayaz Şıxalıoğlu

Ayaz Şıxalıoğlunun illər əvvəl şeirlərini dərc etmişik. İllər sonra bu istedadlı şairin yeni şeirlərini yenə dərc etməyə məmnunuq. Əminik ki, Ayaz Şıxalıoğlunun şeirləri Azərbaycan poeziyasında hadisəyə çevrilə biləcək. Ona uğurlar arzulayır və yaradıcılığını davam etdirməyi diləyirik. Onun şeirlərinin Böyük Gələcəyi var!..

Nizami metrosunda xilafət orduları…

Nizami metrosunun qabağında,
(Özü də axşamüstü),
qara çadralı qadınları gördüm,-
ürəyim düşdü.
Külək əsirdi.
Yellədikcə çadraları,
bu qara məxluqlar,
qanadlı əjdahaya,
yarasaya dönürdü.
İllah da ki gözləri-
elə bil insan gözüydü.
Birdən çadralar yeridi-
xilafətin canlı qara bayraqları!
Nizami metrosunun qabağı-
döyüş meydanı!
(Metrodan çıxanlar – xilafətin ordusu,
Metroya girənlər – yenilmiş xürrəmilərdi).
İrəliləyirdi qara bayraqlar,
irəliləyirdi!
Gözümün önündə
Vətənim
can verirdi!

May 2010

Türk Tanrını qoruyur!

İllərdi ki, eşidirəm:
“Tanrı türkü qorusun”!
Bu nə sözdür?!
Türk nə vaxtdan aciz olub?!
Bu söz deyil!
İniltidi!
Köləlikdi!
“Türk” adına bir ləkədi!
Aç gözünü, bir yaxşı bax!
“Türk” sözü dörd hərfdi!-
dörd cəhətdi!
Yəni, Türküm, Yer Sənindir!
Deyirlər ki,
Tanrı Göyün yiyəsidir.
Doğrudanmı, bu belədir?
Axı, türküm göydən gəlib!
Türk olmasa,
göy yıxılar,
yerə düşər!
Türk göylərin dirəyidir!
Tarixə bax!
Tanrı türkü qorumayıb!
Qorumur da!
Qoruyası deyil əsla!
Çünki, Türküm bir aslandır!
Tanrı sığınıb Türkə!
Türk Tanrını qoruyur!

09 noyabr 2010

Bəhram Gur və Əjdaha

“Bəhram Gur və Əjdaha” kompozisiyasının müəllifi heykəltaraş Qorxmaz Sücəddinova ehtiramla…

Şər qarışırdı…
Dənizin üstündə qara buludlar
sanki əfsanəvi dağlarıydı.
Külək əsirdi.
Dəniz nəhəng əjdaha tək,
mağaradan çıxmışdı.
Köpüklənmişdi ağzı.
Qovrulurdu, qıvrılırdı,
şahə qalxıb boylanırdı-
tapammırdı balasını!-
tüpürürdü, tüpürürdü,
gəmirirdi daş-divarı!
Yalvarırdım, yalvarırdım!
“İlahi, duyuq düşməyəydi,
görməyəydi, görməyəydi”.
Beş addım o tərəfdə,
Bəhram Gur
bir Əjdahanın
başını kəsirdi!

20 yanvar 2011

Sənsiz necə düşür axşam?

Sənsiz necə düşür axşam?
Axı, necə səhər olur?
Söylə, günəş sizlərdə də,
Səhər açıb, axşam solur?

Söylə, mənsiz düşür gecə?
Söylə, orda gündüz olur?
Qurban olum əllərinə,
Ürəyim tək bumbuz olur?

Bilirsənmi, burda gecə
Ulduzlardan şam-şam olur.
Ah, əzizim, sənsiz necə
Gündüz, gecə, axşam olur?

07 noyabr 2010

Şeir düşüb ürəyimə…

Buludlar salxım-saxımdı,
Hamısı dəyib – qaralıb.
Burax məni qalxım dərim,
Dəli könlüm havalanıb.

Könlüm üzüm istəmir ey,
Baxışı öldürür məni.
Sıxıb şərab edimmi ey,
Duruşu öldürür məni.

Burax məni, qalxım dərim,
Gör necə də misralanıb.
Şeir düşüb ürəyimə,
Dəli könlüm havalanıb.

2008

Ey mavi göylərin qaraçıları…

Yenə də baş alıb gedir buludlar-
gülrəngi, masmavi, bəyaz atlaslı…
…gedir ağır-ağır, dəvələr kimi.
Küləklər qanadı,
Yolu – göyüzü…
…Gedir yorğun-yorğun,
qəriblər kimi…
…Sərsəri küləklər, dəli küləklər,
güya sarvandılar – aparır sizi.
Küləklər vətənsiz,
Siz də vətənsiz,
onsuz da “mənzil”ə yetən deyilsiz!
Ey mavi göylərin qaraçıları,
bəs niyə gedirsiz,
hara gedirsiz?!

2008

Xoş gəlibsiz, balalarım…

Bu dünyada olduğumu
axı hardan duyubsunuz?
Axı, hardan bilibsiniz?
Xoş gəlibsiz, balalarım,
bu dünyaya xoş gəlibsiz.
Mən əjdaha ağzındayam..,
Bilirdiniz.
Amma yenə nə qorxdunuz, çəkindiniz.
Siz mənimlə görüşməyə,
durub gəldiz.
Bu gəlişdən,
bu görüşdən bilirəm ki,
məni necə sevirsiniz
Xoş gəlibsiz, balalarım,
xoş gəlibsiz.

2008

Gecə baxır…

Gecə baxır.
Gecə deyil,
özü boyda əjdahadır!
Aman Allah,
pəncərədən mənə baxır!
Gah ağarır,
Gah saralır,
Gah qızarır,
Gah qaralır,
gözün çəkmir gözlərimdən-
baxır, baxır…
…Ah, ürəyim hədər yerə,
gizlənməyə
yer axtarır.

2008

Ölmək – dərdə xəyanətdir!

Nə vətəndə ölə bildim,
Nə də qürbətdə!
Qürbətdə ölmək,
Vətənə xəyanətdir!
Sevməyə də qoymadılar,
Vətən, səni.
Sevgin ürəyimdə qaldı!
Ölə də bilmədim
bu dərdinə,Vətən,
Ölə bilmədim!
Ölmək – dərdə xəyanətdir!

2008

Ah, payız çiçəyim, payız çiçəyim…

Bilsəydin qarşıda soyuq var, qış var
Sən də açılmazdın, payız çiçəyi.
Ah, hardan biləydim, necə biləydim
Doğulur mənimlə şair ürəyi?
Bilsəydim, dünyaya gəlməzdim heç vaxt,
Neynirdim bu boyda dərdi, sitəmi?!

Ah, payız çiçəyim, payız çiçəyim,
Düşür yavaş-yavaş yenə soyuqlar.
Ah, mənim ürəyim, körpə mələyim,
Sənin bu soyuğa dözümün mü var?

Soyuğun önündə titrəyəcəksən,
Necə ki, titrədir şeir könlümü.
Min kərə ölüb də diriləcəksən,
Şeir üstdə necə ki, dilərəm ölüm.

Ah, payız çiçəyim, payız çiçəyim,
Öpüm gözlərindən qəlbi kövrəyim.
Qoy öpüm yenə də, qoy öpüm bir də,
Bu gecə şeir üstdə bəlkə keçindim.

Avqust 2008

Göylər qürbət deyil ki…

Qar yağır.
Sibirin tayqası
göylər kimi sonsuz,
göylər kimi sirli.
Qar yağır…
…Mən səni sevmişəm,
yuxu olubmu?!
Gözlərim ağarıb,
ağarıb daha.
Amma,
yenə qar yağır!
Qürbətin Allahı yoxdurmu?!

Qürbətin günəşi,
günəş deyil ki!
Elə bil can çəkir!
Bir yerdə durub,
tüstüləyir yaş odun kimi!
Bilmirsən, dan üzüdü,
yoxsa qürub?
Qürbətin torpağı boşdu!
Dirəyə bilmirsən ayağını!
Ulduzları – bizim ulduzlardır,
Göylər qürbət deyil ki.

2008

Sən mənim “Vətən”im, “Vətən”im, şeirim…

Qürbət oğurladı mənim şeirimi,
Şeirim göy üzündən boylanır mənə.
Darıxma, canımdan artıq sevdiyim,
Vurub göyüzünü keçəcəm yenə!

…Yer üzü, göy üzü qanadım altda,
Sən məndən ucada, ucada şeirim.
Nə vaxt ki, səninlə qoşa uçmuşam,
Bax, onda şeirdə görünüb yerim.

Vətən də qürbətdir sənsiz olanda!
Sən mənim “Vətən”im, “Vətən”im, şeirim.
Nə vaxtdır nə ölü, nə də diriyəm,
Qaldır “Vətən”imə ölüm-dirilim.

2008

Qar yağır

Sən demə, göylərə bahar gəlibmiş,
Göylər bürünübmüş ağ çiçəklərə.
Külək sovuranda ləpələrini,
Bildim ki, göylərə bahar gəlibmiş.

…Xəbərsiz açılan, xəbərsiz solan,
Eşqi ürəyində qaralıb qalan,
nakam çiçəklərə, o mələklərə
baxıb pəncərədən ağladım yenə…

…Külək sovurubdu ləçəklərini.
…Oturub ağladım şair ömrümə.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button