Oyanışa doğru

Əvəz Zeynallı

 Aksiya aksiya dalınca. Yox, bu nə payız hücumudur, nə yaz qaynarlığı. Sadəcə, hakimiyyətin uğursuz və səbatsız idarəetməsinin nəticəsidir. Dünən başqa cür idi, bu gün başqa cür. Əminəm ki, sabah da başqa cür olacaq.

***

 Bakir Həsənbəyli Prezident Administrasiyasının qarşısında sakitcə aksiyasını keçirdi. Düzdür, onu əməkdaşlarımız müşayiət edə bilmədi, amma Bakir bəy Aparatın qarşısına qədər getdi və orada qeyri-normal canlılığın şahidi oldu. Bəli, artıq xırda bir köşə yazısına görə Prezident Administrasiyasının qarşısına polislər yığır və bir adamlıq aksiyanın qarşısını almaq üçün boynuyoğun qoluzorlular gətirə bilirlər. Bakir Həsənbəyli prezidentlə görüşə bilmədi, amma israrla bəyan edir ki, həftənin cümə axşamı, yəni dördüncü günü Heydər Əliyevin məzarına gedib orada aksiya edəcək. Bakir bəy inanır ki, bu hadisədən sonra Heydər Əliyevin ruhu rahatlıq tapmayacaq və o, İlham Əliyevin yuxusuna girib Bakir bəyin dərdini ona danışacaq və bu israrlı dostumuzun qəbulu üçün ona tapşırıqlar verəcək. Bir şey demirəm. Allah kolaylıq versin. Amma mən şəxsən heç ona da inanmıram. Çünki Azərbaycanda başqa proses gedir. Daha yuxuluq bir şey yoxdur.

+++

 Məhkəmənin ağır hökmü və ədalətsiz nəticələri insanları lap çilədən çıxarıb. Xüsusilə, Arif Hacılı, Tural Abbaslı kimi mübariz insanların, digər qiymətli dostlarımızın müstəqilliyin 20 illiyi ərəfəsində həbs olunmaları ölkənin duyarlı insanlarını hərəkətə gətirib. İnsanlar mitinq etməkdən çəkinmir, qorxmurlar. İsa Qəmbər, Əli Kərimli məhkəmə hakimlərinə nələr demədilər. Bir az abrı olan bu çıxışlardan sonra özünü öldürər, amma ədalətsiz qərar verməzdi. Amma verirlər. Çünki öyrəşiblər.

Məxsusən, məhkəmə qərarından sonra tanınmış yazarlar Seymur Baycan, Elnur Astanbəyli, Əli Əkbər və Elmir Mirzəyevin Müsavat partiyasına daxil olmaq qərarını vermələri 2003-cü ildə Şahvələd Çobanoğlunun atdığı addımı xatırlatdı. Düzdür, bu qərarlar aksiya xarakterlidir və heç kim bəlkə də həqiqətən hansısa bir partiyanın üzvü olmayacaq. Amma maraqlıdır ki, artıq insanların qorxu hissi ortadan qaldırılır. Cəmiyyətin önündə dayanan insanlar bu fədakarlığa gedirsə, gör sıravi insanlar hansı fədakarlıqlara hazırdırlar.

 +++

 Bizim zavallı Mətbuat Şurasının günü isə lap ağlamalıdır. Mətbuata başsağlığı biznesi gətirən Bəxtiyar Sadıqovun işçiləri sözünə baxmır. Sən demə, bu adam baş redaktor təyin olunandan sonra nə az nə də çox, düz 9 nəfər infarktdan ölüb. Bunu morqa-filan direktor təyin etmək lazımdır, bununku baş redaktorluqdan keçib. İndi də Beynəlxalq Universitetin fırıldaqçı rektoru MŞ-nı ilişdirib. Bunlar Elşad Abdullayevin pullarının və saxta ərizələrinin əsasında qəzetləri öz əzizlərinin – ən əzizlərinin layiq olduğu siyahıya salırdılar. İndi hamı Elşad Abdullayev ovuna çıxıb, Əflatun Amaşov isə dönüb quzuya. Hələ Asif Mərzilinin iddiaları lap hüquq-mühafizə orqanlarının diqqətinə qədər gəlib çıxasıdır. O, konkret deyir ki, Əflatun Amaşov reketçilik edib və Elşad Abdullayevdən 4 min dollar alaraq «Təzadlar» qəzetini reket elan edib. Bu iddiaya cavab verilməsi lazım. Biz Asif Mərzili ilə bu ilddiaları eninə-boyuna dartışmışıq, oxuyacaqsınız, amma onun arxasında dayananların hamısı həbs olunmalı və ən azından Elşad Abdullayevin yanına göndərilməlidir.

Harada bir rüşvətxor, harın və yolunu azan varsa gəlib Mətbuat Şurasını tapır. Tanınmayan, it dəftərində adı olmayan, bazarkomların buyruq qulu olan jurnalist qırıqları bizi Əflatun Amaşovun adı ilə hədələyirlər. Bunlar bizimlə peşə etikasından danışırlar…

 +++

 Mətbuat Şurasının xanım ədabazlarından biri, haqqımızda əl-qolunu yelləyə-yelləyə qərar verən oliqarx məsləhətçisinin Əbülfəz Elçibəy haqqında yazdığı yazılar təqdim olunub «Xural»ın redaksiyasına. Hamısını bir-bir dərc edəcəyəm və adımızı öz əzizlərinin layiq olduqları siyahıya salanların diqqətinə təqdim edəcəyəm o yazıları. Suallar da sadə olacaq:

  • Bu xanım qırığı Əbülfəz Elçibəyin fikirlərini də almışdımı?
  •  Bu qızcığaz haradan bilirdi Elçibəy hansı xəstəliyə yoluxub?
  • Bu yazıları ona hansı noyabr gününün qəhrəmanı təqdim edirdi?

Bu suallara Əflatun Amaşovun və MŞ rəhbərliyində özünə yer edən gözükölgəlilərin də cavab verməsi lazım olacaq.

Həzrəti-Abbas haqqı…

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button