Özbəklərdən Azərbaycana qaz dərsi: Keçmiş SSRİ-nin ən böyük kimya kompleksi açıldı

Enerji ehtiyatlarına arxayın olduğundan, öz iqtisadiyyatını çeşidləndirə bilməyən Azərbaycan indi qlobal enerji böhranı kölgəsində ümid işığı axtarır. Bizim bir vaxtlar bəyənmədiyimiz Orta Asiya türk respublikaları isə bu böhranı belə iqtisadi avantaja çevirir.

ABŞ-ın gözündən kənar enerji koridoru yaratmağa səy göstərən Çin, onunla rəqabətdə geri qalmaq istəməyən Yaponiya, Cənubi Koreya kimi dövlətlərin ciddi investisiya qoyduğu Orta Asiya Azərbaycanın xəyal edə bilmədiyi böyük uğurlara imza atır. Özbəkistanda yaradılan Sürgil qaz kimya kompleksi belə uğurlu layihələrdən biridir.

Nəinki Orta Asiya, hətta post-sovet məkanında ən böyük qaz istehsalı kompleksi olan bu müəssisə artıq işə başlayıb.

Özbəkistanı böyük qaz mərkəzi halına gətirəcək kompleks ölkənin Cənubi Koreya ilə birgə yaratdığı müəssisədir. 4 milyard dollara başa gələn kompleksdə bir il ərzində 4.5 milyard kubmetr təbii qazın istehsal olunacağı bildirilir. Bunun böyük hissəsi-hardasa 3,7 milyard kubmetri ixrac ediləcək. Qalan hissə isə özbək xalqının öz ehtiyaclarını qarşılayacaq.

 Üstəlik, kompleks yalnız qaz çıxarılması və xarici ölkələrə nəqliylə məşğul olmayacaq. Müəssisə, həmçinin, bir ildə 387 min ton polietilen, 83 min ton polipropilen, 102 min ton digər neft və qaz məhsulları istehsal edəcək. Yəni, ölkəyə qoyulan bu investisiya həm də qaz və neftdən alınan kimyəvi məhsullarının istehsalına sərf olunacaq.

“Yonhapnews” xəbər agentliyin məlumatına görə, bu kompleks çərçivəsində 110 kilometrlik boru xətti inşa edilərək, Şürgildə çıxarılan qazın Üstyurd kimya fabrikinə nəqli nəzərdə tutulur.

Dünyanın 8-ci qaz ölkəsi olan Özbəkistanın uzun illər boyunca bu kompleksi təmin etməyə ehtiyatı var. Statistik rəqəmlərə görə, ölkənin 6.5 trilyon kub metr təsbit olunmuş qaz ehtiyatı mövcuddur. Şürgil qaz-kimya kompleksinin ildə 4.5 milyard kub metr qazdan istifadə edəcəyini nəzərə alsaq, bu, hardasa, 150 illik ehtiyat deməkdir.

Özbəkistan bizdən 5 dəfə artıq ehtiyatıyla qazdan alınan kimyəvi mallar fabrikası tikmək və öz ehtiyatını hazır mala çevirərək dünya bazarına çıxarmaq istədiyi halda, biz 1.3 trilyonluq qazımızı Avropaya necə satacağımız barədə düşünürük. Sonra da özbək qardaşlarımıza “əkə” deyirik.

Heydər Oğuz

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button