Özünü “Bəxtiyar Hacıyevin girovu” adlandıran fəal: “200 min dönərdi ki, 4 gün ərzində yeyib qurtarım?”

Rail Abbasov məhkəmədən ədalətli qərar gözləmədiyini deyib

Həbsdə olan ictimai fəal Rail Abbasov hazırda davam edən məhkəmə prosesinin sonunda ədalətli nəticə gözləmir. O bildirib ki, məqsədi bu məhkəmə prosesindəki dindirmələrdən istifadə edərək, ona qarşı saxtakarlıqları, yalanları daha çox ifşa etməkdir.

“Mənim məhkəməm nə qədər gedirsə getsin, lap dekabra qədər uzansın. Əsas odur ki, suallarımı verə bilim, həqiqətləri ortaya qoyum. Bu məhkəmədən onsuz da ədalət gözləntim yoxdur. Bilirəm ki, yekun qərar nə olacaq. Onu da bilirəm ki, mənim haqqımda qərar siz hakimlərin iradəsini aşan məsələdir. Heç olmasa, bu prosesdən istifadə edib, saxtakarlıqları, yalanları ifşa edim. Nə qədər çox yalan ifşa eləsəm, içim də o qədər rahat olar”, – Rail Abbasov məhkəmədə bildirib.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 9 aydan çoxdur həbsdə olan Rail Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Daşınmaz əmlak alqı-satqısıyla məşğul olan Rail Abbasov mənzil almaq istəyən Əsgər Həziyevi aldadaraq, 200 min manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilir. İttihama görə, ev almaq istəyən Əsgər Həziyev alqı-satqı prosesində vasitəçilik edən Rail Abbasova 217 min manat pul verib. 4 gün sonra isə polisə şikayət edərək, onun həbsinə nail olub.

Budəfəki məhkəmə iclasında zərərçəkmiş qismində ifadə verən Əsgər Həziyev iddia edib ki, əmlak alqı-satqısıyla bağlı saytlardan birində Rail Abbasovun telefon nömrəsini görüb, onunla əlaqə saxlayıb. Onun sözlərinə görə, saytda onun adı, soyadı, hətta atasının da adı vardı.

Əsgər Həziyev iddia edib ki, daha sonra Rail Abbasova zəng edərək, onunla görüşüb, mənzil almaq üçün pulu ona verib.

Rail Abbasov isə bildirib ki, Əsgər Həziyev yalan danışır. İctimai fəalın sözlərinə görə, bu şəxsi onun yanına əvvəldən hazırlanmış plana əsasən, məqsədli şəkildə göndəriblər.

Rail Abbasov məhkəmədə danışıb ki, Əsgər Həziyev ondan mənzil tapmasını istəyib. O da qarşı tərəfin istəyinə uyğun mənzil tapıb, notarial qaydada alqı-satqı olub, pulu da bank vasitəsilə satıcıya köçürülüb.

Sonradan Əsgər Həziyev onunla yenidən əlaqə saxlayıb, görüşmək istədiyini deyib:

“Məni restorana dəvət elədi. Restoranda mənə bir sellofan verdi, baxdım ki, şokoladlardır. Dedi ki, “evin şirinliyidir”. Mən də götürdüm. Sən demə, bu görüş planlı olub. 4 gün sonra polisə şikayət hazırlanıb, orada göstərilib ki, guya klyokda mənə pul verib. O şokoladlar da, klyok da indiyə qədər evimizdə qalır”.

Rail Abbasovun vəkili Elçin Sadıqov sözügedən sellofan torbanı da, şokoladları da məhkəməyə gətirərək, maddi sübut kimi işə əlavə olunmasını istəyib. Prokuror buna etiraz edib. Məhkəmə də bu vəsatəti təmin etməyib.

Əsgər Həziyev iddia edir ki, mənzil almaq üçün Rail Abbasova verdiyi pulları oğlanları Rusiyadan göndərib. Hansı üsulla göndərilməsi barədə vəkilin sualına isə cavab verə bilməyib.

Rail Abbasov saytda adı, soyadı və atasının adının yazılması haqqında deyilənlərin də yalan olduğunu vurğulayıb:

“Yalan danışır, hansı makler elanda atasının adını yazır? Mənimlə bağlı dedikləri də yalandır. Əgər bu, mənə o qədər pul vermişdisə, o zaman mən 4 gün ərzində niyə mənzil şəkilləri göndərirdim? Bunun sübutları var. Çünki əvvəldən mənə dedi ki, iki mənzil istəyirəm, biri 110 min, o biri də təxminən 120-125 min civarında olsun. Mənimlə görüşüb şokolad verəndə də ikinci mənzili tapmağımı xahiş etmişdi. Əgər alınacaq mənzil dəqiq məlum deyildisə, mənə niyə pul verməliydi? Mən ona mənzil şəkilləri göndərmişəmsə, deməli, hələ alınacaq mənzil məlum deyildi. Hələ baxmalıydı ki, hansını uyğun bilirsə, gedib baxsın. Belə olan halda, əvvəldən mənə mənzilin pulunu da verə bilməzdi”.

İctimai fəal əlavə edib ki, əgər ona 200 mindən çox pul verilmiş olsaydı, 4 gün ərzində o vəsaitin hara xərcləndiyini müəyyənləşdirib, üzə çıxarardılar:

“200 min manat dönərdi, peraşkidi ki, 4 gün ərzində yeyib qurtarım? Əgər o pul mənə verilmiş olsaydı, qaytarardım, daha niyə gedib 10 il yatım?”

Rail Abbasov ötən məhkəmə iclasında ifadə verərkən özünü həbsdə olan digər ictimai fəal “Bəxtiyar Hacıyevin girovu” adlandırıb. O bildirib ki, Bəxtiyar Hacıyevlə dostluğuna, onu müdafiə etdiyinə görə şərlənərək həbs olunub:

“Həbsimdən əvvəl mənə bir neçə dəfə xəbərdarlıq olunmuşdu. Deyilmişdi ki, əgər Bəxtiyarın müdafiəsindən geri çəkilməsən, sənin özünü həbs eləyəcəklər. Və dediklərini elədilər. Amma mən peşman deyiləm. Bu gün də olsa, dostuma görə eyni cür davranaram”.

Rail Abbasovun məhkəməsi avqustun 15-də davam edəcək.

Rail Abbasov 2023-cü il sentyabrın 19-da həbs olunub. Həbsindən bir müddət əvvəl isə o, Bakı Şəhər Baş Polis İdarəsində Bəxtiyar Hacıyevlə əlaqədar 9 saat dindirilib, onun evində, avtomobilində axtarış aparılıb.

Bəxtiyar Hacıyev isə 2022-ci il dekabrın 9-da həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun da işi üzrə məhkəmə prosesi gedir.

B.Hacıyev də özünü təqsirli bilmir, daxili işlər naziri Vilayət Eyvazovun sifarişi ilə həbs olunduğunu bildirir. Daxili İşlər Nazirliyi isə onun iddiasını rədd edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button