Özünüzü niyə təbliğ etmirsiniz?

Hollandiyalılar Azərbaycanın ana problemlərindən xəbərsizdirlər – haradadır dövlət?!

Avropaya gəldiyim birinci gündən ölkəmizin buralarda lazımi qədər (bəzən də heç) tanınmadığının şahidi oldum. Azərbaycan deyəndə bəzən o qədər çətinliklə tələffüz edirlər ki, onlara kömək üçün dəfələrlə, “Azerbaycan”, “Azerbaycan” deməyə məcbur olursan. Ancaq tarixi düşmənlərimizin adını çox asanlıqla tələffüz edirlər və acı da olsa deməliyəm ki, çoxları onları tanıyır… Nədir bunun səbəbi? Nə üçün bizim haqqımızda az məlumata malikdirlər? Bütün bu suallara az da olsa aydınlıq gətirmək üçün Niderlandın Schouwen Duiveland bələdiyyəsi ərazisində kifayət qədər tanınan, özümün də orada jurnalist kimi çalışdığım “WereldRegio” qəzetinin baş redaktoru ilə söhbətləşmək qərarına gəldim. Sağ olsun, etiraz etmədi…

– Sizi bizim Azərbaycan Oxucularına…

– Gəl belə danışaq, biz axi bir-birimizə “sən” deyə müraciət edirik. Həm də sən bilirsən, Niderlandda “Siz” müraciət forması ancaq rəsmi deyilir… (buradakı müraciət formalarına gələn yazılarımda toxunmaq istəyirəm – V.A.)

– Oldu, o zaman mən səni Azərbaycan Oxucularına necə təqdim edim?

– Sadəcə Aad van der Wouden. 47 yaşım var və bütün həyatım boyu mətbuatla əlaqəli olmuşam, jurnalist olaraq. Ona görə ki, mən bu sahəyə həddən artıq bağlıyam. 4 il əvvəl mən bu qəzeti çıxarmaq qərarına gəldim və bu gün də qərarımdan peşiman deyiləm. Öz sözümü deməkdə kimdənsə asılacağım yoxdur, sərbəst söz demək tribunam var.

– Deyə bilirsənmi sözünü? Tənqidi yazılar yazmaqdan qorxmursan ki?

– Vüqar, sən Niderlandda yaşayırsan (gülümsəyir)… Nədən qorxacam? Təbii ki, sözümü deyirəm. Tənqid olunası adam kimliyindən asılı olmayaraq tənqid olunur və olunacaq da. Ancaq əlbəttə, hər şeyi öz ölçüsündə etməyə çalışırıq. Məsələn, tənqid edərik, təhqir yox. İnformasiyanı dəqiqləşdirib veririk. Kiməsə qısqanc yanaşıb onu tənqid etmək bizim peşəkarlığımıza yaddır. Baxmayaraq ki, Niderlandda söz azadlığı var. Bir daha demək istəyirəm ki, təhqirə heç vaxt yol vermirik.

– Qəzet çıxarmaq necə, çətin deyil? Maliyyə mənbələriniz haradandır? Təbii ki, sirr deyilsə…

– Qəzet çıxarmaq çətin, ancaq maraqlıdır. Çox enerji sərf edirsən, həftənin 7 günü ancaq bu işlə məşğulsan. Bilirsən ki, qəzetimiz pulsuz paylanır. Maliyyə mənbəyimiz ancaq reklamlardır ki, bu da bizim yaşamağımıza kifayət edir.

– Azərbaycan barədə nə bilirsiniz?

– Bilirəm ki, sən oradan gəlmisən (gülür)… Düzünü desəm, çox az şey. İlk dəfə səninlə  görüşdən əvvəl maraqlandım ölkənizlə bağlı. Azərbaycan elə bir ölkə deyil ki, Qərb mediasının diqqətini çəksin. Siz özünüz baxmalısınız ki, mən ölkəmi, yaxşı mənada təbliğ etmək üçün nə iş görmüşəm?! Əlbəttə, dövlət səviyyəsində…

– O zaman mənim növbəti 2 sualım da mənasını itirir. Ancaq hər bir halda mən suallarımın ikisini də birdən vermək istəyirəm. 1) Qarabağ problemi ilə bağlı nə bilirsiniz? Bilirsinizmi ki, Azərbaycanın 20% torpağı ermənilər tərəfindən işğal olunub və bu gün də işğaldadır? 2) 26 fevral 1992–ci ildə ermənilər Azərbaycanın Xocalı deyilən şəhərində dəhşətli qətllər törətdilər. Nə üçün dünya 1915–ci ildə olmayan bir genosiddən danışır, ancaq Xocalı soyqırımı barədə bilən yoxdur və yaxud bilirlərsə də özlərini bilməməzliyə qoyurlar?

– Mən doğrudan da bu iki suala cavab verməkdə çətinlik çəkirəm (bir qədər düşünür)… Mən Xocalı ilə bağlı yalnız sənin mənə emaillə göndərdiyin videolara baxıb, yazılarını oxumuşam. Əminəm ki, bu barədə çoxlarının məlumatı yoxdur. Axı Siz dövlət olaraq bu sahədə hansı addımı atmısınız? Bu barədə hansı geniş tədbiri keçirmisiniz? Ola bilsin edirsiniz, ancaq dar bir çərçivədə, yalnız özünüzün eşidə biləcəyi dairədə. Bilirsən, təbliğat tək siyasi olmamalıdır. Həm də turizminizi təbliğ edin. Sən bilirsən, niderlandlılar turizmə böyük əhəmiyyət verirlər. Səndən də eşitdiyimə görə, ölkənizdə bizdə olmayan dağlar, şəlalələr var ki, bu bizlerin diqqətini çəkə bilər. Ancaq gəlin baxaq, bunu kim bilir? İnandırım səni, çox az adam, bəlkə də heç kim! Buradan birbaşa reys varmı ölkənizə?

– Yox.

– Başqa dövlətə, məsələn, Türkiyəyə olduğu kimi, ölkənizə gedəndə aeroportda viza almaq mümkündürmü? Yəni sadələşdirilmiş viza rejimi varmı?

– Yox, əvvəllər mümkün idi, indi mütləq konsulluqdan viza almalısan. Əvvəllər KLM (Niderlandın Hava Yolları Şirkəti) də Azərbaycana birbaşa uçurdu. İndi isə yox…

– Görürsən… Bütün bu çətinlikləri yaradan bizlər, yəni avropalılar deyilik axı… Məsələn, viza rejimini sizin dövlət çətinləşdirib, biz yox. Sonra da deyirsən, bizi nə üçün tanımırsınız? Evinizdə olanda qonaqpərvərlik gördüm, dedin bizim ölkədə hər kəs belədir. Onda nə üçün ölkənizə getmək istəyən qonaqlara, turistlərə çətinlik yaradırsınız? Hər bir turist həm maddi gəlir, həm də təbliğat deməkdir… Olsun mədəniyyət, idman və s. sahələr…

– Biz axı “Eurovision”da qalib gəldik. Azərbaycanı Avropaya aid etmək istəməyənlər belə bir daha bildilər ki, Azərbaycan doğrudan da Avropada yerləşir. Bu müsabiqədən sonradamı səndə həvəs yaranmadı Azərbaycan haqqında məlumat toplamağa?

– Əvvəla, gec də olsa bir daha 1-ci yeri tutmağınız münasibətilə təbrik edirəm (gülür…). Ancaq sən burada hiss etməmiş deyilsən, biz niderlandlılar olaraq bu yarışmaya bir o qədər də önəm vermirik. Ancaq uğurunuzu aşağılamaq istəmirəm. Əlbəttə, böyük uğurdur. Qaldı məlumat almağa (düşünür…), bax, sən mənə əvvəl göndərdiyin internet səhifələrindən başqa səhifələr təqdim edə bilərsən ki, mən orada ölkənizlə bağlı məlumat alım? Elə bu müsahibədən öncə də internetə baxdım. Yoxdur, ölkəniz haqqında kifayət qədər səhifı yoxdur. Bəlkə də var öz dilinizdə, ancaq onu kim başa düşür. İngilis dilində, başqa beynəlxalq dillərdə hazırlamaq lazımdır. Bir az da özünüzə tənqidi yanaşın. Başqalarını qınamaq asandır. Ancaq bu, çıxış yoludurmu? Bir misal çəkim, həm də səni bir az tərifləyim. Siz şərqlilər tərifi sevirsiniz, tənqidi yox (ikimiz də gülümsəyirik. Adam düz deyir, öz tərifimizə, təbliğimizə nə qədər desən pul xərcləyirik. İndi fürsət düşmüşkən mən də özümü tərifləmək imkanını nə üçün itirim? – V.A.). Bax, bizim bələdiyyənin ərazisində kifayət qədər gəlmə var ki, içlərində çoxu artıq 10 ildən yuxarıdır buradadır. Ancaq çoxusunu tanıyan yoxdur, niderlandlılarla heç bir əlaqədə deyillər. Bəziləri dilimizi belə lazımi səviyyədə bilmirlər. Ancaq sən təxminən 3 ildir Niderlandda, 2 ildir bizim bələdiyyənin ərazisində yaşayırsan. Buradakı insanların çoxu, ən azı səni bizim qəzetdə yazdığın məqalələrdən tanıyır. Hər yazında da sənin barədə məlumatda ölkənizin adı yazılır. İnsanlar maraqlanır ki, Azərbaycan haradır. Yəni demək istədiyim odur ki, bir dövlet olaraq özünüzü öz daxilinizdə təbliğ etməyə son qoyun, biraz da dünyaya təbliğ edin ölkənizi…

– Son vaxtlar Avropada, eləcə də Niderlandda gəlmələrə, xüsusən müsəlmanlara qarşı kəskin münasibət var. Hətta bunu əllərində bayraq tutan bəzi partiyalar və siyasətçilər parlamentə də yol tapıblar. Deyərdim ki, bəzi ölkələrdə gəlmələrin əleyhinə olanlar parlamentdə çoxluq təşkil edirlər. Məsələn, elə Niderlandda Geert Wildersin rəhbərlik etdiyi PVV (Azadlıq Partiyası). Buna münasibətiniz necədir?

– Mən həm bir şəxs, həm də “WereldRegio” qəzetinin baş redaktoru olaraq bu kimi şeylərə qarşıyam. Hər şey qarşılıqlı dil tapma yolu ilə həll edilməlidir. Eləcə də müsəlmanlar bu yöndə addımlar atmalıdırlar.Yəni özlərini cəmiyyətə necə təqdim etməklərini özləri düşünməlidirlər. Bir daha bildirirəm ki, biz qəzet olaraq, hər kəsə açığıq. Düşünürəm ki, bu qayda ilə bir-birimizi tanıya bilərik. Mən hər cür sıxışdırmanın əleyhinəyəm.

– Başqa demək istədiyiniz bir şey varmı?

– Çox… Ancaq qalsın gələn dəfəyə.

– Müsahibəyə görə təşəkkür edirəm.

 

Vüqar Abbasov

“Xural” qəzetinin Hollandiya təmsilçisi

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button