Pənah Hüseyn “Meydan hərəkatı”nın 30 illiyindən yazdı – I yazı

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri, Elçibəy hökumətinin Baş naziri

 

XALQ və MEYDAN

(1988-ci il 17 noyabr-5 dekabr hadisələri)

 

I yazı

Bu il Azərbaycan milli azadlıq və demokratik hərəkatının, Qarabağ uğrunda mili müqavimət tariximizin və Ermənistanın Azərbaycana təcavüzü əleyhinə ümumxalq mübarizəsinin ən möhtəşəm hadisələrindən biri olan 1988-ci il 17 noyabr–5 dekabr hadisələrinin, xüsusi adı ilə Meydan Hərəkatının 30 illiyi tamam olur.
Təəssüf ki, ən yeni Azərbaycan tarixinin digər mühüm hadisələri kimi 1988-ci ilin noyabr-dekabr hadisələri də siyasi–ideoloji səbəblər üzündən hələ də akademik elmi tədqiqatın predmeti olmamışdır. Halbuki ciddi mənbə bazası mövcuddur. Bu mənbələr içində ən mühümlərindən biri həmin hadisələrə görə həbs edilmiş şəxslərin 40 cildlik istintaq və məhkəmə istintaq materiallarıdır. Bu materiallarda Meydan hərəkatının mənzərəsini tam və hərtərəfli şəkildə əks etdirən, kifayət qədər obyektiv material – rəsmi sənədlər, audio-video materiallar, hadisələrin bilavasitə iştirakçılarının izahatları formasında təsvirlər, ekspertizalar, arayışlar və s. vardır. Sonradan bu materialların müəyyən qrupu 1989-1995-ci illərdə “Meydan” qəzetində, daha sonra Ənvər Əliyevin 2012-ci ildə çap olunmuş “Meydan sirləri” kitabında dərc edilib dövriyyəyə buraxılmışdır. Ancaq 1988-ci il meydan hadisələrinə görə aparılmış istintaq-məhkəmə materiallarındakı zəngin sənədlər öz tədqiqatçılarını gözləyir. Mənbə kimi Azərbaycan Meydan Hərəkatı 1988-ci ildə Azərbaycan SSR və SSRİ Mərkəzi mətbuatında çox məhdud olsa da işıqlandırılmışdır. Hadisə haqqında ilk pozitiv mövqedən olan yazının mərhum Nəcəf Nəcəfovun baş redaktoru olduğu “Molodyoj Azerbaydljana” qəzetini göstərmək lazımdır. Məhz həmin materiala görə N.Nəcəfov baş redaktor vəzifəsindən uzaqlaşdırılmışdı. Mənbə olaraq meydan hadisələri zamanı həm məhkəmə materiallarına əlavə edilmiş, həm də həmin materallarda olmayan (Kinostudiyanın apardığı çəkilişləri, habelə müstəqil şəxslər tərəfində aparılan video çəkiliş, “Meydan” filmi, audioyazı materialları, fotoşəkilləri və s.) sənədlər də xatırlanmalıdır. Nəhayət, heç şübhəsiz əsasən keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının arxivlərində bu günə qədər də qapalı, haqqında danışdığımız hadisələrin təfərrüatlarına aydınlıq gətirəcək materiallar vardır.

Müəllif yazılarına gəldikdə, Ə.Tahirzadənin ən yeni tariximizin öyrənilməsi üçün ən dəyrərli mənbə-tədqiqatlardan olan, 1997-ci ildə çap olunmuş “Meydan: 4 il 4 ay” kitabını xüsusi olaraq göstərmək lazımdır. Ə.Tahirzadə iki cildlik bu əsərində “Meydan” anlayışını bütövlükdə 1988-1992-ci il dövrünə aid etsə də, kitabın 1-ci cildində 1988-ci il noyabr-dekabr hadisələrinə aid ilk mənbə kimi sayıla bilən gündəlik qeydlər var. (bax: göstərilən kitab, səh 106-243). Kitab şəklində mövcud materillar arasında Ənvər Əliyevin göstərdiyim “Meydan sirləri”ni bir daha göstərmək istəyirəm. Meydanın memuar, bədii publisistik janrda təsviri Sabir Rüstəmxanlının iri həcmli “Xətai yurdu” xatirə- romanında əks olunmuşdur. Müəllif yazıları arasında mənim diqqətimi cəlb edən yazılardan biri “Meydan” qəzetinin 1993-cü ilin aprel nömrələrindən başlayaraq Tofiq imzası ilə (Tofiq Türkel (?)- P. H.) “Hərəkat. Meydan epopeyasından səhifələr “ başlığı ilə getmiş silsilə məqalələrdir. Bu sıradan olan kitablar arasında 1988-ci il hadisələrinin əsas iştirakçılarından və liderlərindən Məhəmməd Hatəminin 2006-cı ildə nəşr edilmiş “Acı həqiqətlər” kitabının “Meydan epopeyası” adlı III bölümünü qeyd etmək lazımdır. Rasim Ağayevin və Zərdüşt Əlizadənin Moskvada 2006-cı ildə rus dilində nəşr olunmuş “Azerbaydıan. Konets vtoroy respubliki 1988-1993” kitabını da qeyd etmək lazımdır. Məhz bu kitabda müəlliflər tərəfindən Meydan hərəkatının sırf memuar-publisistik təsvirindən uzaqlaşmağa sosial-psixoloyi təhlilə cəhd vardır. İfrat siyasi subyektivizm müəlliflərin dəyərləndirmələrinin, nəticələrinin qüsurlu olmasına aparıb çıxarsa da, xüsusən Rasim Ağayevə məxsus hissədə 1988-ci il noyabr-dekabr hadisələrinə həsr edilmiş “Meydan-1” və “Meydan-2” bölümləri Meydan fenomeninin elmi, xüsusən sosial-psixoloji təhlili baxımından ən səviyyəli nümunələrindən sayıla bilər. (bax: “Azerbaydjan. Konets vtoroy respubliki 1988-1993” səh 94-117). Zərdüşt Əlizadənin də hadisələri təhriflə dolu təsviri kifayət qədər maraqlı və səviyyəlidir, lakin obyektivlikdən uzaqdır və təəssüf ki, daha çox tarix saxtalaşdırıcılığı nümunəsi kimi diqqətə layiqdir. (bax: “Azerbaydıan. Konets vtoroy respubliki 1988-1993” səh 337- 343). Özünün dediyinə görə meydan hadisələrinin əsas liderlərindən biri olmuş Nemət Pənahlının “Əbədiyyət elçisi” adlı kitabında da bu hadisələr geniş yer almışdır. Lakin mən həmin kitabla tanış deyiləm. Və deyəsən o kitab yazılıb başa çatdırılıb çap da edilməyib. Meydan hadisələrinə dair o cümlədən xarici mətbuatda getmiş çoxsaylı reportajlar, müsahibələr, tok-şou materialları, dərc olunmuş xatirələr də vardır və əlbəttə ki, onların da içərisində hadisələrin öyrənilməsi üçün faydalı olanları yox deyildir.

Bu yazı 1988-ci il hadisələri barədə elmi-tədqiqat deyil. Siyasi publisistk məqalə, xatirə-memuar ədəbiyyatı da deyil. Meydan hərəkatı haqqında yeni versiya da irəli sürmür. Bu, Meydanın tək və həqiqi qəhrəmanı olan, mənsubu olduğumla fəxr duyduğum əlahəzrət Azərbaycan xalqına ithafdır.

…İlk olaraq Topxanadan başlamaq lazımdır. Çünki hələ də bir çoxları səmimi şəkildə hesab edir və inanır ki, 1988-ci il 17 noyabr hadisələri məhz Topxana məsələsi ilə başlamışdır. “Topxana meşəsində bir armud ağacının kəsilməsinə görə milyon-milyon meydana çıxan bu xalqa nə oldu ki…” sualları eşidilir…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button