Pənah Hüseyndən AXCP sədrinə cavab: “Əli Kərimli yaxşı bilir ki…”

Keçmiş Baş nazir Pənah Hüseyn AXCP sədri Əli Kərimlinin son günlərdə paylaşdığı statuslarından birinə münasibət bildirib. Xural.com Pənah Hüseynin statusunu olduğu kimi təqdim edir:

“Dostlar (həmçinin dost olmadıqları məlum biriləri) Əli Kərimlinin Natiq Adilov tərəfindən yayılan aşağıdakı statusunu (açıqlamasını) mənə göndərib şərh verməyimi istəyirlər və provokə də edirlər ki, Əli Kərimli “biz dialoq tərəfdarıyıq, imitasiya yox. Biz dialoqda ciddi ümummilli məsələlərin müzakirəsini istəyirik. Biz gedib partiyamızın qərargahı məsələsini söhbət edən deyilik hakimiyyətlə” deyərkən mənə söz atıb.
Sözün doğrusu, Əli Kərimlinin geniş açıqlamasının mətnində xeyli mühüm məsələlər var və mətndən yuxarıdakı detalın kiməsə, o cümlədən konkret mənə söz atması kimi dəyərləndirməsi məncə yanlışdır. Mən qəti əminəm və həm də bilirəm, onun açıqlamasının mətnindən də aydın görünür ki, ofis və pasport məsələsi kiməsə söz atmaq məqsədi və niyyəti ilə işlənməyib. Dostlar narahat olmasın, bu açıqlamada Əli Kərimlinin hədəfi Pənah Hüseyn deyil və ya deyilənlərin mənimlə bir əlaqəsi yox.
Hörmətli Əli Kərimli Pənah Hüseyni yaxşı tanıyır və bilir ki, Pənah Hüseyn Prezident Administrasiyasına ofis söhbəti üçün getməz və gedib də ofis söhbəti etməz. Mənim PA-nın şöbə müdiri Ədalət Vəliyevlə görüşümü ictimailəşdirmə forması olaraq paylaşdığım bir cümləni (“Bu gün Prezident Administrasiyası binasında PA siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağlı görüşüm olub.”) Əli Kərimli hərfən başa düşüb, həqiqətən belə də olubmuş kimi inanıb qəbul etməz.
Mən də Əli Kərimlini yaxşı tanıdığıma və həm də bəzi bildiklərimə görə onun Natiq Adilovun yaydığı mətndəki ofis və pasport sözlərinin elə-belə, sözgəlişi işlətmədiyi qənaətindəyəm…
…Mən müqavilə adamıyam. Razılaşmışansa ki detallar açıqlanmayacaq, əməl etmək lazımdır. Ancaq bəzən ictimai mənafe naminə nələrisə istisnalara salmaq lazım gəlir…
…Söhbətdə demişəm ki, “istəyirsiniz ki, proses getsin, Əli Kərimli və AXCP ilə problemi həll etmək lazımdır, Əli Kərimli ilə görüşün və həll edin”.
…Əli Kərimli və AXCP ilə problem əlbəttə ki, yalnız Əli Kərimlinin pasportu və AXCP-nin ofisi məsələlərindən ibarət deyildir, (məsələn, iqtidarın psevdoAXCP projesi də var) lakin o cümlədən də ibarətdir. Əli Kərimli demirsə (və ya açıq demirsə) də bu məsələlər umumilli problemlərin müzakirəsinin başlanması üçün əlverişli mühitin yaradılmasının şərtlərindəndir və bu mənada ümummilli problemlərin içinə (mötərizədə də olsa) girir. Və əslində hörmətli Əli Kərimlinin açıqlamasının açmasının (məqsəd, niyyət, şərt və s.) da – o təcrübəli bir siyasətçi kimi fərqində olmaya bilməz, bundan ibarətdir.
…Mətndəki təhlil, tələb və təkliflərə gəldikdə isə onları bölüşürəm, müdafiə edirəm və əlbəttə ki, haqqında danışılan görüşlərin hər halda bir çoxunda, o cümlədən mənim, bu məsələlər (Qarabağ, siyasi məhbus, köklü, o cümlədən, konstitusion islahatlarla demokratik dəyişikliklər, 9 fevral seçkilərinin qəbul edilməzliyi, seçki islahatı və yeni seçkilərin zəruriliyi və s.) bu və ya başqa forma, dərəcə və səviyyədə müzakirə predmeti olub və mövqelər ortaya qoyulub. (Bu görüşdəki digər tərəfi təmsil edən və görüşün təşəbbüsçüsü olan şəxsin vəzifə statusu, yenə onun görüşü iqtidar-müxalifət görüşü, dialoq və s. kimi deyil, tanışlıq, hazırlıq kimi tanımlaması və s. nəzərə alınmaqla).
…Açığı, şəxsən mən hesab edirəm ki, siyasi partiyaların mövcudluğu, fəaliyyəti ilə bağlı problemləri korporativ problemlər kimi qələmə verərək ümummilli problemlərlə qarşı-qarşıya qoymaq diskursu mahiyyətdə demaqogiya və pafosdan başqa bir şey deyildir və bunu Azərbaycan siyasətində ən dərin şəkildə başa düşən siyasətçilərdən biri də Əli Kərimlidir deyə düşünürəm…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button