Pənah Hüseyndən Qarabağ mitinqi üçün emosional çağırış: “Qarabağın sənə ehtiyacı var, dostum, qardaşım, bacım, həmvətən!”

Pənah Hüseyn

Sabiq Baş nazir

 

Əziz dostlar!

Qarabağ Komitəsi 15 dekabr 2018-ci il tarixində Bakı şəhərində, “Məhsul” stadionunda, saat 15.00-17.00 radələrində “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları, 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib. Mitinqə hazırlıq başlanıb. Mitinqdə nə qədər adamın iştirak edəcəyi həlledici məsələ deyil, lakin çox mühüm məsələdir. Biz əlbəttə, dayaq dəstələrimiz, dəstək qruplarımız, təəssübkeşlərimiz vasitəsilə mitinqin təbliğatını aparırıq və aparacağıq. Lakin açığı, ictimai dəstək, ictimai təbliğat, ictimai təşviqat olmazsa çoxminli mitinq təşkil etmək çətindir. Nəzərə almaq lazımdır ki, bu mitinq vətəndaş, millət, xalq olaraq şərəfimiz olan Qarabağ naminə, işğal olunmuş Vətən torpalarımız naminə keçirilən mitinqdir, 2-ci Qarabağ Mitinqidir. Bizə dostlar da, düşmənlər də baxır. Gərək nail olaq ki, 15 dekabrda 29 sentyabrdan daha çox olaq. “Bakıda Mitinq keçirməklə Qarabağı azad etmək olarmı” suallarını səsləndirənlər var. Əlbəttə, yalnız Bakıda “Məhsul” stadionunda mitinqlə Qarabağ azad olunmaz. Eyni zamanda Xalqın səsi eşidilməsə, Xalq səsini ucaltmasa, Xalq tələb etməsə, Xalqın iradəsi ortada olmazsa da Qarabağ azad olmayacaq. Düşmən və onun havadarları torpaqlarımızın işğalını legitimləşdirmək xəyallarından, planlarından əl çəkməyəcək. Biz 29 sentyabrda Qarabağ məsələsinin uzun illərdən sonra yenidən Azərbaycan cəmiyyətinin 1 nömrəli məsələsi kimi ictimai gündəmə gətirilməsinə nail olduq, bacardıq. İndi iqtidar da, müxalifət də, siyasətə bitərəf insanlarımız da, daxildə də , xaricdə də ən çox Qarabağdan danışır, internet məkanında bizimkilərin ən çox müzakirə etdiyi Qarabağ məsələsidir. Bu, qələbədir! Böyük qələbəni gətirəcək kiçik qələbəmizdir. Bunu 29 sentyabrda Siz etdiniz! Ona görə “”Məhsul” stadionuna mitinqə getdik, nə faydası oldu” deyə düşünməyin, “Bakıda mitinq etməklə Qarabağı azad etmək olarmı” sualını verməyin. Bu gün Vətən uğrunda mübarizə xətti həm də buradan keçir. Sən burada cəbhəyə gedirsən, əsgərimizin yanında olursan, səngərdə dayanırsan. Sən mitinqdə “Biz ölərik, Qarabağı vermərik!” deyə hayqırarkən inan ki, səsini Xankəndində də, Yerevanda da, Moskvada da, Vaşinqtonda da, Parisdə də eşidirlər! Nə qədər ki, bu səs var, biz yaşayırıq, mübarizə aparırıq. 15 dekabrda Sən də mitinqə gəl, səsini uçalt, Sən də səsini səsimizə qat! Bir olaq! Güclü olaq! Bizim sənə ehtiyacımız var, Vətənin sənə ehtiyacı var, Qarabağın sənə ehtiyacı var, dostum, qardaşım, bacım, həmvətən!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button