Pənah Hüseyn: “Azərbaycan Respublikasının ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadə olub”

Pənah Hüseyn

Elçibəy hökumətinin Baş naziri, Azərbaycan Xalq Partiyasının sədri

 

Mənim iki gün əvvəlki statusumda gedən “Azərbaycan Respublikası dövlətinin ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadə” ifadəsi ilə opponentlik edilir. 1918-ci ilin 28 mayında qəbul edilmiş AZƏRBAYCAN İSTİQLAl BƏYANNAMƏSİNİN 6-cı bəndinə görə “Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur”. Şurai Millinin ilk sədri də M.Ə.Rəsulzadədir. Yenə İstiqlal Bəyənnaməsinin 2-ci bəndinə görə “Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.” Yəni AXC parlament respublikasıdır. Həm İstiqlal Bəyannnaməsinin 6-cı bəndində sıralamada birinci təsbit olunduğuna, (“Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti”), həm də parlamentar respublikalarda ümumi dövlət hüququ qaydalarına görə parlamentin başçısı dövlət başçısı sayıldığına görə M.Ə.Rəsulzadə Azərbaycan Respublikası dövlətinin ilk dövlət başçısıdır. Bu, “M.Ə.Rəsulzadə AXC-də rəsmi dövlət vəzifəsi tutmayıb” yanlışına və bu yanlışı yayıb yaşadanlara bir cavab və bu bayram günündə əziz xalqımıza hədiyyəmdir.


İSTİQLAL BƏYANNAMƏSİ


“Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.
5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
6.Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button