Pənah Hüseyn həbsinin 15 illiyindən yazdı: “Məğlubiyyətimiz faktdır!”

Pənah Hüseyn

Sabiq Baş nazir

 

Bu gün 2003-cü il 16 oktyabr hadisələrinə görə həbsimdən 15 il keçdiyi gündür. Təəssüf ki, 15 illik həmin hadisələrin tanınmış iştirakçılarının KİV-lərdə skandalları ilə qeyd olunur. Mənə də KİV-lər hadisə haqqında yox, bu skandallar barədə fikirimi oyrənmək üçün müraciət edirlər. Məlumatım yoxdur deyə imtina edirəm. Bir qədər düşündükdən sonra qərara gəldim ki, “Yeni Müsavat” qəzetinin 2004-cü ilin 13, 14, 15 yanvar tarixli saylarında çap olunmuş müsahibəmdən bir bölümü dərc edim. O vaxt biz 1 saylı Bayıl istintaq təcridxanasında “həbsxananın içində həbsxana olan 5-ci – “ölüm” korpusunda həbsdə idik (əvvəllər bu korpusda ölüm cəzasına məhkum olunanlar saxlanıldığına görə belə adlanırdı). Müsahibənin I hissəsi qəzetin 13 yanvar 2004-cü il tarixli N9 (2284) sayında, “Bandotdeldə dəhşətlər yaşadıq” başlığı, “Mənə də televiziyaya çıxmaq təklif olundu” yarımbaşlığı ilə çıxıb. II hissə qəzetin 14 yanvar 2004-cü il tarixli N10 (2285) sayında “16 oktyabr hadisələri ciddi tarixi-siyasi əhəmiyyətə malikdir” başlığı və “Bu, çağdaş Azərbaycan siyasətinin son 10 illiyinin yekunu və növbəti dövrün başlanğıc nöqtəsidir” yarımbaşlığı, III hissəsi qəzetin 15 yanvar 2004-cü il tarixli N11 (2286) sayında “Biz gələcəyik və hər şey düzələcək” başlığı və “Bu mərhələ gözlənildiyindən də az çəkəcək” yarımbaşlığı ilə çap olunub. Aşağıda verilən bölüm müsahibəyə əlavə olaraq yazılı şəkildə göndərilib və P.S. başlığı ilə dərc edilib.

 

P.S.
…Müsahibədə toxunulan hadisələr hazırda aktual olduğundan bunlar barədə müzakirələr getdiyinə görə bəzi məsələlər barədə fikirlərimi qısa ifadə formasında bildirmək istəyirəm. Bu fikirlər yalnız özümüzünkülərə ünvanlanıb. İstər iqtidaryönlü, istər müxalifətyönlü opponentlərin bunlardan əlehyimizə istifadə edəcəyini yaxşı başa düşürəm. Ancaq buna dözülməsi lazım gələn təbii – məcburi fəsad kimi baxıram.

  1. Ən mühümü odur ki, yaranmış vəziyyətlə bağlı bəzi şeylərin adını dəqiq demək lazımdır. Bunlardan birincisi 15- 16 oktyabrda baş verənlərin adıdır. ONUN ADI MƏĞLUBİYYƏTDİR. “Həm qalib gəlmişik, həm məğlub olmuşuq” kimi mülahizələr baş vermiş proseslərin dəyərləndirilməsi üçün yararlı görünsə də, normal təhlilə və bundan sonrakı strategiyanın müəyyənləşməsinə imkan vermir, müzakirələri təmamilə səmərəsiz, mənasız və bəzən absurd məsələlərə cəlb edir. Demokratiyanın, demokratik düşərgənin oktyabr məğlubiyyəti, əlbəttə, ağır məğlubiyyətdir. Öz miqyasına və nəticələrinə görə o, 93-cü ilin iyun məğlubiyyətinə bərabərdir, onun təkrarıdır, bəzi cəhətlərinə görə kopyasıdır. Lakin (sadəcə) məğlubiyyətdir. Nə dünyanın axırıdır, nə də demokratiyanın və demokratik düşərgənin. Məğlubiyyət ətrafında diskussiya açmağa ehtiyac yoxdur. O, faktdır. Faktı qeydə alırlar. Məğlubiyyətin səbəbləri və təqsirkarları məsələləri, əlbəttə, ciddi məsələlərdir. Lakin əsas məsələ deyil. (Beləliklə, 15-16 oktyabrda Azərbaycanda demokratiya, demokratik düşərgə və həmin anda onun lideri məğlubiyyətə uğrayıb).
  2. Adını demək lazım gələn ikinci məsələ Azərbaycanda hazırda mövcud olan siyasi üsul-idarədir. Əvvəl diktatura (yarıdiktatura), avtoritarizm (yarıavtoritarizm), son dövrlərdə neomonarxiya anlayışlarını tətbiq edirdik. Açıq-aydın görünür ki, bunların heç biri bu tipli üsul-idarələrin xarakteristikası üçün tam yaramır. Dəqiq olan odur ki, keçmiş sovet respublikalarının bəzilərində Qərbin demokratik institutlarının təsiri və bəzi dəyərlərinin transplantasiyası ilə yeni tipli siyasi orqanizmlər əmələ gəlib. Bunlar nə isə yeni siyasi vücudlardır. Bunları, məsələn, “psevdodemokratik mutant”cəmiyyətlər adlandırmaq olar. Ümumiyyətlə, “psevdodemokratiya”nı bir kateqoriya halına gətirmək lazımdır. Hazırda Azərbaycan psevdodemokratiyanın təntənəsi dövrünü yaşayır. Mühüm olan odur ki, bu, nə isə aralıq mərhələdir, keçid orqanizmdir və sonda mahiyyət demokratik cildi atmalıdır, forma mahiyyəti dəyişməlidir. Axırıncı real həyatda siyasi inqilab şəklində mövcud ola bilər.
    Son 10 ilin təcrübəsi göstərir ki, psevdodemokratiyanın təkamül edərək demokratiyaya çevrilməsi mümkün deyil və Azərbaycan da bu sırada istisna olmayacaq. Odur ki, demokratik düşərgə demokratik inqilab xəttini fəaliyyətinin strateji modeloi elan etməlidir və ona hazırlaşmalıdır. Demokratik inqilabın məzmunu indiyə qədər uğrunda mübarizə aparılan hədəflərin (azad, ədalətli seçkilər, demokratik seçki islahatı, ictimai etimada malik seçki komissiyaları, qeyri-legitim iqtidarın istefası və s.) eynidir. Fəaliyyət metodu da dinc, konstitusion mübarizə formalarıdır. Nəzəri baxımdan, bu inqilabın iqtidar daxilindəki təbəddülatlar formasında baş verməsi mümkündür, lakin Azərbaycanda real deyil. Beləliklə:
  3. Seçki saxtakarlığına qarşı 15-16 oktyabr etiraz aksiyaları Azərbaycanda (yeni) demokratik inqilabın başlanğıcı idi. Bu, həmin hadisələrin məğlubiyyətlə bitmiş bütün 10 il əvvəlki fəaliyyətin yekun aktı olması faktını istisna etmir. (Beləliklə: Hazırda Azərbaycan psevdodemokratiyanın təntənəsini yaşayır. Psevdodemokratik cəmiyyətlərdən demokratik cəmiyyətlərə keçid siyasi inqilablar vasitəsilə baş verir və Azərbaycanda da belə olacaq. 15-16 oktyabr etiraz aksiyaları həmin inqilabların başlanğıcıdır.)
  4. Azərbaycan strategiyasını koordinat oxları qərbdə Batum, şərqdə Krasnovodsk, şimalda Dərbənd və cənubda Hind okeanı (Fars körfəzi) suları ilə hüdudlanır.Və Azərbaycan siyasəti də bu miqyasda planlaşdırılmalıdır. Bu bəzilərinin qərəzkarlıqla və istehza ilə qələmə verdiyi, bəzilərinin də cahillik üzündən təsvir (və təsəvvür) etdiyi kimi hansısa torpaqların işğalı, dövlət sərhədlərinin labüdən götürülməsi (dəyişdirilməsi), yaxud xalqların istilası (əsarətə alınması) deyil. Bu, Azərbaycandan qərbdə, şərqdə, şimalda və cənubda bu ərazilərin, bu ərazilərdəki, dövlətlərin, xalqların dost, müttəfiq, konfederativ münasibətli dövlətlərə və xalqlara çevrilməsidir. Çünki bu ərazi vahid geosiyasi məkandır və əsrlərdən bəri öz bütövlüyünü, tamlığını bərpa etmək üçün çarpışır. Azərbaycan məsələsinin mahiyyəti də budur. Tarixin indiki mərhələsində bu tamlığın məhvərini Azərbaycanın tamlığı, vahidliyi təşkil edir. Şimali Azərbaycanı məhv etməyə proqramlanmış ərazi-klan xərçənginin məhvi də buradan keçir. Bu miqyas, bu missiya özünün təbii-məntiqi ideologiyasını, məfkurəsini diktə edir və digərlərini rədd edir. Və qəti əmin olmaq lazımdır ki, onun indiki rejimin rəsmi ideologiyası ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Azərbaycan inqilabı demokratik inqilab, milli inqilab olacaq.
  5. Ümumi sözlərdən. Mülahizələrdən işə keçib, konkret “nə etmək lazımdır və necə etmək lazımdır, nədən başlamaq lazımdır və kimlərlə başlamaq lazımdır” suallarına cavab tapmaq lazımdır. Mən təkliflərimi vermişəm, bildiyimi demişəm və nəsə ediləcəyinə ümid edirəm. İLAN QABIĞINI ATIR, AĞACLAR YARPAĞINI TÖKÜR, YER ÖRTÜYÜNÜ DƏYİŞİR. NƏ İLAN ÖLÜR, NƏ AĞAC QURUYUR, NƏ YER DAĞILIR. TANRININKI TANRIYA, ŞEYTANINKI ŞEYTANA DÖNÜR. BİZ DƏ ELƏ… 13-14 yanvar 2004. Bayil məhbəsi. (Yeni Musavat.15 yanvar 2004, N11(2286) səh.5)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button