Pənah Hüseyn-Hacı Əbdül debatı: “Əbülfəz Elçibəy mənə dedi ki…”

Pənah Hüseyn-Hacı Əbdül debatı…

 


Hacı Əbdülün “Qaynar Qazan”a verdiyi sonuncu müsahibə ölkədə və ölkədən kənarda böyük diskussiyalara səbəb oldu. Günlərlə, həftələrlə, hətta aylarla müzakirə olundu. Hacı Əbdülün dedikləri Azərbaycan siyasi gündəmində şok təsiri yaratdı, halbuki illər əvvəldən bu haqda dəfələrlə danışmışdı Hacı. Maraqlıdır ki, prosesi başqa istiqamətə aparanlar da oldu. Hacı Əbdülün dedikləri ortada ikən, niyə ondan müsahibə götürüldüyü haqda da danışanlar oldu və çox təəssüf ki, bu adamlar Hacı Əbdülü bir tərəfə buraxıb, müsahibə götürənin də üzərinə gəlməyə çalışdılar. Bu müsahibə nələr ortaya qoymadı ki.

Müsahibənin dərcindən sonra başlanan müzakirələrdə sabiq Baş nazir Pənah Hüseyn də iştirak etdi. Məhz bu səbəblə də Hacı Əbdül Pənah Hüseyni debata çağırdı və bu təklif Pənah Hüseyn tərəfindən qəbul edildi. Hacı Əbdüllə Pənah Hüseynin debatı çox maraqlı və qalmaqallı alındı. Tərəflər hətta bir ara bir-birinə doğru hədə-qorxular da gəldilər. Biz bəzi məqamları redaktə etməyə məcbur olduq hətta, çünki qızışan emosiyaların gətirdiyi o səsləri efirə buraxmağın düzgün olmadığını hesab etdik.

Debat başdan-başa gərginlik, faktların uçuşması, emosiyaların qızışmasından ibarətdir. İki qarşı düşərgənin çox şey bilən adamları olunca təbii ki, belə olur, amma hətta Pənah Hüseyn belə bu debatdan şoka düşdü – debatdan sonra olsa da. Hadisələr o qədər inkişaf etdi ki, tərəflər – həm Pənah Hüseyn, həm də Hacı Əbdül hər şeyi bir tərəfə buraxıb and içməyi qərarlaşdırdılar. Buna səbəb isə Hacı Əbdülün dediyi “Əbülfəz Elçibəy mənə Pənah Hüseynin şahidliyi ilə dedi ki, Xocalı faciəsində …bir az Tamerlan Qarayevin, bir az da Tahir Əliyevin günahı var” sözləri oldu. Pənah Hüseyn əsla və əsla bu cür bir söhbətə şahidlik etmədiyini, Hacı Əbdül isə sözlərində israr etdiyini söylədi. İş çıxılmaz hal aldı və Pənah Hüseyn Qurani Kərimə and içməyi və Allahın yalançını cəzalandırmasının bu yolla doğru olacağını təklif etdi. Hacı Əbdül də razılaşdı.

Beləcə, çox maraqlı və tarixi bir debat alındı. Bu debatı yayınlayarkən, məxsusən, adı çəkilən hər kəsin söz haqqı olduğunu bir daha vurğulayıram və kimin sözü olarsa, heç düşünmədən sözlərini rahatca söyləyə biləcəklərini bəyan edirəm.

Onu da vurğulayım ki, debata baxan tamaşaçılar bilsinlər ki, Hacı Əbdül və Pənah Hüseyn bir neçə gün bundan əvvəl mənim şahidliyimlə Hacı Əbdülün evində Qurani Kərimə əl basdılar və and içdilər. Hər kəs öz fikrində qaldı. Sonra da görüşüb-öpüşüb ayrıldılar. Bax belə…

Buyurun, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüllə sabiq Baş nazir Pənah Hüseynin debatını dinləyin və özünüz qərar verin…

Əvəz Zeynallı

“Azadlıq salnaməsi”

 

“Azadlıq salnaməsi”ndən fotoların yaddaşında qalanlar:

 

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button