Pənah Hüseyn haqqını ödəməyən hökumətə səsləndi: “Bizə isə Allahın verdiyi ağıl yetər”

Elçibəy hökumətinin Baş naziri Pənah Hüseyn gündəmdə özünün ağırlığını saxlayan bir mövzu haqqında yazıb. Avropa Məhkəməsinin cərimələrinin ödənməsindən bəhs edən bu yazı bir çox məqamlar baxımından yenə də həssaslığını qoruyur. Belə ki, Azərbaycan hökumətu hamının kompensasiyasını versə də, Pənah Hüseynin kompensasiyasını yenə verməyib. Xural.com Pənah Hüseynin statusunu olduğu kimi dərc edir:

 

“13 noyabrda, saat 17.04-də “Xural”da belə bir yazı getmişdi: “PREZİDENT ADMİNİSTRASİYASINDA 1000 AVROLUQ RÜŞVƏT İDDİASI!”

Günümüzdə Avropa Məhkəməsinin qərarları nəticəsində cərimə almalı olan 79 nəfər var. Bunlardan təxminən 70 nəfərinin cəriməsi ödənilməyə başlanılıb. Maraqlıdır ki, bəzi adamlara ümumiyyətlə, cərimə ödənilmir. Qorxunc iddialar var. Məsələn, deyirlər ki, cəriməni alanların əksəriyyətindən 1000 avro rüşvət tələb edirlər və yalnız rüşvət formasında alınan 1000 avroluq “hörmət”dən sonra cərimələri ödəyirlər. Bunun üçün ölkənin bəzi tanınmış şəxsləri hətta administrasiyanın rəhbərinə belə müraciət ediblər. Çıt yox. Bütün cəriməni alanlardan və almayanlardan məsələyə münasibət bildirməyi xahiş edirəm. Doğrudanmı, Avropa Məhkəməsinin cərimələrinin üzərində korrupsiya məzhəkəsi qurulub? “Xural” araşdırmalara başlayır. Duyduq duymadıq deməyin…
“Xural”ın bu yazısına mən həmin gün bir statusla münasibət bildirmişdim.
“Adları mənimlə Avropa Məhkəməsinin eyni qərarında olan şəxslərin bir hissəsi orada nəzərdə tutulan cərimənin hamısını və ya çoxunu alıb qurtarsalar da (axırıncı hissələr son həftədə iki dəfəyə verilib) mən və bir neçə nəfər yalnız bir dəfə, bir il iki ay əvvəl 1500 yevro almışıq. Nə üçün bir hissəyə ödənişlərin edilib, digər hissəyə verilməməsi istiqamətində araşdırma Əvəz Zeynallının statusundakı hala işarə edir. Belə ki, siyasi motiv, yaxud siyasi sifariş olsa, yəqin heç bir şəxsə ödəniş edilməzdi. Əlavə edim ki, bu bir ildən artıq müddətdə dəfələrlə Prezident Administrasiyasına yazılı və ya telefonla müraciət etmişik. O cümlədən, axırıncıdan əvvəlki ödəmələr haqqında (iki həftə əvvəl) məlumat alındıqdan sonra hansı kriteriyaya görə bizə ödəniş edilməməsi, yazılı müraciətlərimizə cavab verilməməsi ilə maraqlanmışıq (şəxsən). Deyilib ki, Prezident Administrasiyası ümumiyyətlə müraciətlərə çavab vermir, yəni Azərbaycan Respublikası müraciətlər və şikayətlər haqqında qanununun müvafiq müddəaları Prezident Administrasiyasına münasibətdə işləmir. Bir neçə nəfərə, o cümlədən mənə nə üçün ödəniş edilməməsinə isə şifahi cavab verməkdən imtina ediblər. İndi məlum olur ki, cərimələr tam şəkildə Beynəlxalq Banka ödənilib. Bəziləri çoxdan bir dəfəyə və ya iki dəfəyə bütün məbləği alıb. Süründürməçilik, hissə-hissə ödəmə, bəzilərinə isə ümumiyyətlə heç bir ödəmə edilməməsi ona görədir ki, “başa düşməyənlər” “anlasınlar” ki, nə etmək lazımdır. Cəriməni ala bilməyənlərdən mənə deyiblər ki, səni nümunə göstərirlər ki, görürsünüz, Pənah Hüseyn ala bilmir siz nə edə bilərsiniz? Və adamlar vadar edilir ki, “ağıllansınlar”.
Daha sonra ölkənin tanınmış Hüquq müdafiə təşkilatlarının təşkil etdiyi və canlı interner efirində gedən tədbirdə də bu məsələ barədə çıxış etmişdim. Srağagün (12 dekabrda -P.H.) məlum oldu ki, mənimlə bütün parametrlər üzrə eyni şərtlərdə olan bütün şikayətçilərə, hətta mənim haqqımdakı qərardan sonrakı qərarlar üzrə də ödənişlər tam verilib. Ancaq mənə ödənişin bağlanması üçün yenə pul “çatmayıb.”
Yuxarıdakı statusumdan axırıncı cümləni təkrar etməmək olmur. “Və adamlar vadar edilir ki, “ağıllansınlar”.
BİZƏ İSƏ ALLAHIN VERDİYİ AĞIL YETƏR!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button