Pənah Hüseyn Qarabağ mitinqindən yazdı: “Biz Qarabağı azad etsək, Qarabağ bizi azad edəcəkdir!”

Qarabağ Komitəsi sentyabrın 29-da “Məhsul” stadionunda “Qarabağ mitinqi” keçirəcək. Mitinqin keçirilməsi ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. AXC-Müsavat hökumətinin Baş naziri Pənah Hüseyn özünün facebook səhifəsində bu məsələ haqqında statuslar yazıb. Xural.com Pənah Hüseynin statuslarını təqdim edir:

Mənə 29 sentyabr mitinqi barədə müxtəlif suallar ünvanlayırlar. Nə üçün mitinq və nə üçün Qarabağ mitinqi? Və nə üçün indi?

1. Toplumun, cəmiyyətin, xalqın və ya onun bir hissəsinin bu və digər sosial, siyasi, milli problem haqqında öz fikrini, mövqeyini, iradəsini ifadə etməyinin ən effektiv vasitələrindən biri və bir sıra situasiyalarda birincisi mitinqdir.

Bu gün Qarabağ məsələsində Azərbaycan xalqının, Azərbaycan insanının fikrini, mövqeyini ifadə etməyə, bu məsələdə iradəsini ortaya qoyub düşmənə, dünyaya, cəmiyyətəvə və iqtidara nümayiş etdirməyə həyati ehtiyac yaranmışdır. Çünki beynəlxalq aləmdə, regionda, bütün beynəlxalq münasibətlər sistemində təmamilə yeni, fərqli situasiya yaranmışdır. Ənənəvi beynəlxalq münasibətlər sistemi, beynəlxalq hüquq, mövcud dünya düzəni dərin böhran keçirir. Klassik demokratiyanın böhranı (Tramp fenomeni), Qərb-Qərb münasibətlərində böhran (Avropa Birliyi-ABŞ ziddiyyətləri, Avropa+ABŞ-Türkiyə ziddiyyətləri, Rusiya-Türkiyə-İran yaxınlaşması, Rusiya qarşıdurmasının isti müharibə həddinə yaxınlaşması, dünya ticarət (gömrük) müharibəsi, “Paşinyan inqilabı”, Rusiya və s. qısa bir dönəmdə də olsa ənənəvi, uzunmüddətli qanunların, qanunauyğunluqların, məntiqin aradan qalxmasını və bu zaman-məkan kəsiyində fərqli qanunların, məntiqin işləməsini şərtləndirir. Bir sıra sualların cavabları dəyişir. Və məsələn, belə bir iqtidarın olduğu şəraitdə Qarabağ uğrunda müharibə mümkündürmü və lazımdırmı kimi sualların cavabları da əhəmiyyətli şəkildə dəyişir. Mən hesab edirəm ki, 1993-cü ildən sonra Qarabağın azad edilməsi üçün ən əlverişli situasiya yaranmışdır. Eyni zamanda Qarabağın hüquqi cəhətdən itirilməsi baxımından da ən təhlükəli vəziyyət meydana gəlmişdir. Beynəlxalq münasibətlərdə yaranmış xaos situasiyasında Qarabağ məsələsində prosesin hansı istiqamətə getməsi subyektiv amildən həlledici şəkildə asılı olacaqdır. Dövlət+iqtidar (hətta bu iqtidar milli və demokratik olsa da) bu məsələdə subyektiv amil olaraq kifayət deyildir. Xalq amili ortada olmalıdır ki, 29 sentyabr mitinqinin əsas məqsədu də budur. Azərbaycanın mövcud iqtidarı bunu başa düşmür və ya xalq amilinin ortaya gəlməsindən hakimiyyətinin taleyi üçün qorxub həyəcanlanır. Odur ki, milli-vətənpərvər qüvvələrin Qarabağın azadlığı uğrunda ümummillİ, ümumxalq hərəkatı başlatmasına zəruri ehtiyac yaranmışdır.

 

Mitinqin I zəruri səbəbi

Beləliklə, Qarabağın azadlığı məsələsinin milli ideya kimi ictimai-siyasi həyatımızın və fəaliyyətimizin prioritet hədəfi kimi gündəmə gətirilməsini zəruri edən birinci səbəb beynəlxalq münasibətlər sistemində yaranmış ən yeni situasiyadır. Beynəlxalq münasibətlərdəki xaos situasiyasının nə qədər davam edəcəyi, yeni stabil dünya düzəninin bərqərar olmasının (həmin düzəndə ənənəvi münasibətlərin bir çoxu bərpa olunacaq) nə qədər çəkəcəyi məlum deyil. Böyük ehtimalla bu 3-5 il davam edə bilər. Lakin bu dönəmdə biz çox şey qazana və çox şeyi itirə bilərik. Qazanacağımız, yoxsa itirəcəyimiz isə özümüzdən asılıdır?!

 

Mitinqin II zəruri səbəbi

2. Azərbaycanda sosial, siyasi və əsas insan haq və azadlıqları uğrunda son 25 illik mübarizə tarixi inandırıcı şəkildə göstərdi ki, Qarabağın azadlığı Azərbaycanda demokratiyanın, insan azadlıqlarının, demokratiyanın bərqərar olmasından, həqiqi azad və ədalətli seçkilərlə yaranan iqtidarın olmasından hansı dərəcədə və səviyyədə asılıdırsa, Azərbaycanda demokratiyanın, azadlığın taleyi eyni dərəcədə və səviyyədə Qarabağın azad edilməsindən asılıdır.

Biz Qarabağı azad etsək, Qarabağ bizi azad edəcəkdir. Bu, taftalogiya və ya söz oyunu deyildir. Bu, düzgün və effektiv strategiyanın işlənib hazırlanması üçün çıxış nöqtəsidir. Mən həmişə Qarabağ məsələsindən siyasi məqsədlər üçün istifadənin, spekulyasiyanın, sui-istifadənin əleyhinə olmuşam və bu gün də əleyhinəyəm. Lakin məgər aydın deyilmi ki, Qarabağ məsələsi həm də siyasi məsələdir. Son 30 ildə həm Azərbaycan və həm də Ermənistanda siyasi proseslərin, hakimiyyət savaşlarının oxu Qarabağ məsələsi deyilmi? (o cümlədən, “Paşinyan inqilabı” aprel döyüşlərinin nəticəsidir – P.H.) Qarabağ uğrunda mübarizə həm də siyasi mübarizədər. Demokratiya, insan haqları, siyasi məhbusların azadlığı uğrunda, korrupsiyaya, ailə-klan idarəçilik üsul-idarəsinə qarşı mübarizədir! Və “Əvvəl Azadlıq, sonra Qarabağ”, “Əvvəl iqtidar, sonra Qarabağ” şüarları kökündən yanlışdır. Bu hədəflərin birinci, ikinci kimi sıralanması, xüsusən bir-birinə qarşı qoyulması təmamilə səhvdir! Hətta antimillidir. Və heç bir antimilli hədəf azadlığa xidmət edə bilməz. Azərbaycan iqtidarı bunu Azərbaycan müxalifətinin bəzi qüvvələrindən daha aydın başa düşür, hiss edir və bunda maraqlıdır və ciddi-cəhdlə Qarabağ hədəfi ətrafında xalqın təşkilatlanmasına mane olur. Lakin ola bilərmi ki, Qarabağ məsələsinin aktuallaşması iqtidarı yuxarıdan bir sıra islahatlara, məsələn siyasi məhbus probleminin həlli, növbədənkənar parlament seçkilərinin keçirilməsi kimi addımlara getməyə vadar edə bilər? Ən azı cavablar üzərində düşünməyə dəyər…

3. Ən çox verilən suallardan digərləri odur ki, mitinqə icazə verilməsə nə edəcəksiniz? Və hazırda bu mitinqin keçirilməsi iqtidara xidmət edə bilərmi?

Mitinqə müraciət bir gün əvvəl verilib və bu gün icazə verilməsə nə ediləcək sualı üzərində baş sındırmaq yox, mitinqə hazırlaşmaq lazımdır. Mitinq qanunvericiliyə tam müvafiq şəkildə qərara alınıb, şüarlar qanunda nəzərdə tutulan hallara zidd deyil. Yəni mitinqə icazə verilməməsi üçün heç bir əsas yoxdur. İcazə verilməsə yarana biləcək gərginliklər və onun nəticələri üçün məsuliyyət hakimiyyətin üstündə qalacaq.
İcazə verilməsə təşkilatçılar toplanıb vəziyyəti dəyərləndirəcək və müvafiq qərar qəbul ediləcək. Mən hesab edirəm ki, sosial şəbəkələr üzərindən geniş Xalq Məsləhətləşməsi də keçirmək olar. Sualın ikinci hissəsinə gəldikdə… Hazırda bizə daxil olan informasiyalar əsasında Mitinq Komitəsinin analitik qrupunda aparılan bir müzakirəni ictimailəşdirməyi faydalı sayıram. Məlumata görə, hakimiyyətdaxili qruplaşmalardan biri bu mitinqə icazə verilməməsi, eyni zamanda icazəsiz aksiyanın keçirilməsində maraqlıdır. Hazırda iqtidardaxili qruplaşmalar arasında ciddi ziddiyyətlərin olması gizli deyildir və onlardan birinin digərini sıxışdırması barədə danışılır. Mövqeləri zəifləmiş qrupun texnoloqlarının vəziyyətdən çıxış yolu kimi müxalifətin icazəsiz aksiyalarına ehtiyacları olması, siyasi gərginliyin yüksəldilməsini istəməsi ehtimal edilir. Onlar bu yolla həm iqtidardaxili ziddiyyətləri “ümumi düşmən,” ümumi təhlükə “qarşısında zəiflətmək, “birləşməyə” ehtiyac yaratmaq və hətta xaos yaradıb mövqelərini qaytarmaq kursu götürüb – belə də təhlillər var. Açıqcası, bəzi təhlilçilər mitinq ideyasının özünün hansısa dairələrdən gəlməsini də irəli sürürlər. Beləliklə, biz iqtidardaxili qrupların mübarizəsində vasitə ola bilərikmi? Az da olsa belə ehtimal yox deyil. Deməli, məsələn, icazəsiz aksiya məsələsi müzakirə edilərkən ciddi şəkildə ölçüb-biçmək lazım gələcəkdir. Şəxsən mən özüm istənilən halda mitinqin keçirilməsinin tərəfdarıyam. Heç şübhəsiz, təhlil, düşüncə, planlaşdırma,, ssenari, lazım gəldikdə populyar olmayan qərar qəbul edə bilmək iradəsi vacibdir. Lakin “axırını düşünəndən qəhrəman olmaz” deyiblər?!
Bütövlükdə hakimiyyət “permanent gərginlik” taktikasından çıxış edərək müəyyən dövr üçün repressiyalara əsas əldə etmək məqsədi ilə provokasiyaya gedə bilərmi? Müəyyən xatalı addımlara (məsələn, xarici siyasi kursun kəskin dəyişməsinə) etirazların qarşısınıı almaq üçün. Gedə bilər. Ancaq indiki şəraitdə bunun hakimiyyət üçün daha təhlükəli nəticələr də verə biləciyi nəzərə alınmalıdır.

Beləliklə, HAMI MİTİNQƏ!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button