Pənah Hüseyn yazdı, Əvəz Zeynallı cavab verdi: “İlham Əliyev “Qaynar Qazan”a gələcəkmi”?

Bir müddət öncə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı prezident İlham Əliyevi “Qaynar Qazan”a müsahibəyə dəvət etmiş, bu haqda bir neçə gün aralıqla iki dəfə status yazmışdı. Aradan keçən müddət ərzində prezident İlham Əliyevdən və adminstrasiyasından heç bir xəbər gəlmədi. Bu gün Əbülfəz Elçibəy hökumətinin Baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn özünün facebook səhifəsində bu haqda Əvəz Zeynallıya bir sual ünvanlayıb. Sualda deyilir: “ƏVƏZ ZEYNALLIYA SUAL: Prezident İlham Əliyevi “Qaynar qazan”a dəvət etmişdiniz. Hansısa səviyyədə reaksiya oldu?”

Pənah Hüseynin sualına Əvəz Zeynallı cavab yazıb və xural.com bu cavabı olduğu kimi təqdim edir:

“Hörmətli Panah Huseyn, prezident İlham Əliyevə iki dəfə facebook vasitəsilə müsahibə üçün müraciət etmişəm. Hələ heç bir cavab yoxdur. Düşünürəm ki, prezidentin son açılımları real və gerçəkdirsə, o, həqiqətən ölkənin ağır problemlərini düzəltməyi qarşısına məqsəd qoyubsa və ciddi-ciddi ölkədə baş verənlərdən xəbərdar olmaq istəyirsə, o zaman ciddi, müstəqil və asılı olmayan mediaya müsahibə verməlidir. Müəllifi olduğum “Qaynar Qazan” şərt deyil, müstəqil media şərtdir. Əks təqdirdə, İlham Əliyevin etdiyi açılımlar imitasiya xarakteri daşıyacaq və bu da problemlərin həllində prezidentə yardımçı olmayacaq. Mən İlham Əliyevin siyahıtutanlarının ədalətli olduqlarına inanmıram. Ona görə də prezident məcbur olub xalq artisti Rasim Balayevə özü zəng etdi və etiraf etdi ki, onu yanlışlıqla siyahıya salmayıblar. Mətbuat sahəsində isə cənab İlham Əliyevə 15 ildir yanlış informasiya və siyahılar verirlər. Mən bu ehtimalı da ortadan qaldırdım və 24 saat açıq olan əl telefonumu yazdım – 050.320.49.27. Bundan sonrası cənab İlham Əliyevin özünə qalıb. Müstəqil media ilə danışmaq istəsə, mən məmnuniyyətlə hazıram. Zaman-zaman Türkiyənin prezidentləri Turqut Özal və Süleyman Dəmirəllə görüşmüşəm. Süleyman Dəmirəllə Azərbaycan mətbuatı üçün möhtəşəm müsahibə götürmüşəm. Şimali Kipr Türk Cümhuriyyətinin əfsanəvi prezidenti Rauf Rail Denktaşla Kipr Respublikasında görüşüb qonağı olmuşam və Azərbaycan mətbuatı üçün möhtəşəm bir müsahibə götürmüşəm. Azərbaycan prezidentləri Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə və Heydər Əliyevlə ciddi görüşlərim və müsahibələrim olub. Heydər Əliyevlə Ankarada tələbə olanda uzun bir görüşümüz olub və o görüş haqqında irihəcmli yazılar yazmışam. Özümü Əbülfəz Elçibəyin tələbəsi hesab edirəm və Azərbaycanın 2-ci prezidenti ilə çoxlu müsahibələrim olub. Prezident olanda Elçibəylə görüşlərim olub. Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovla da həm prezident olanda Ankarada, həm də indi görüşlərim olub. Və Ayaz Mütəllibov Azərbaycanın 1-ci prezidenti kimi, həyatının ən uzun videomüsahibəsini “Qaynar Qazan”a verib. Yəni demək istədiyim odur ki, mənim prezidentlərlə müsahibələrim nə ilk deyil, nə də son olacaq. Bu baxımdan, İlham Əliyev “Qaynar Qazan”a gələ bilər və gələrsə itirməz… Ayrıca, Panah Huseyn, Sizə təşəkkür edirəm, bu məsələni ictimailəşdirdiyiniz və üzərində dayandığınız üçün. Azərbaycan siyasiləri öz nəzarətlərində olmayan müstəqil mediaya dəstək olmaqda çox xəsisdirlər. Geniş ürəyinizə görə, Sizə minnətdaram…”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button