Pənah Hüseyndən tarixə şahidlik edəcək yazı: “ELÇİBƏYİN LƏL-CƏVAHİRATI”

Pənah Hüseyn

Sabiq Baş Nazir

Bir çoxları kimi mənim üçün də şəxslərə, siyasətçilərə, partiyalara, hökumətlərə mövqeyimi müəyyənləşdirən dəyərlərdən biri həmin adamın, siyasətçinin, partiyanın Əbülfəz Elçibəyə münasibətidir. Əlbəttə, hər kəsin bu və ya başqa şəxs, ictimai xadim, o cümlədən, Əbülfəz Elçibəy barədə müstəqil dəyərləndirmələr etmək, mülahizələr irəli sürmək, şərhlər vermək, tənqidi fikirlər söyləmək, fərqli mövqəyə malik olmaq azadlığı və bunu ifadə etmək hüququ vardır. Lakin bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan cəmiyyətində və türk dünyasında biriləri üçün Elçibəy inancdır, qırmızı xəttdir.
Prezident İlham Əliyev bu ay ərzində bu xətti iki dəfə keçdi. Birinci dəfə Sumqayıtda noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdəki çıxışında: “…Baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb-bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, – bağışlayın sözümə görə, – belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi” deməklə.

Mövcud iqtidar dairələrinin, o cümlədən onun hazırkı başçısının “AXC-Müsavat hakimiyyəti” adlandırdıqları Elçibəy hakimiyyətinə hücumları həmişə olmuşdur, lakin bu, prezident İlham Əliyevin birbaşa Əbülfəz Elçibəyi hədəfə alan ilk çıxışı idi.

İlham Əliyevin birdən-birə Elçibəyə belə tərzdə hücum etməsinin yaratdığı təəccüb ötüb keçməmiş, 5 gün sonra, noyabrın 26-da, Bakıda Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində o, yenidən Elçibəyə hücum edərək tarixə ölkəsindən Rus İmperiyasının qoşunlarını bütünlüklə çıxaran ilk Prezident kimi düşən, Rusiya Prezidenti B.Yeltsinə Rusiya bizim sərhədlərdə hərbi qüvvəsinin olmasını istəyirsə, bizim hərbi qüvvələr də Rusiya-Finlandiya sərhəddində dursun deyən, dəhşətli basqılara, təhlükələrə rəğmən MDB-yə daxil olmaqdan imtina edərək, SSRİ-nin bərpasının qarşısını alan və bütün postsovet məkanının qədərini dəyişdərən, elə bu iqtidar təbliğatçılarının sevə-sevə, ittiham kimi səsləndirdikləri kimi, “İrana, Çinə türk bayrağını sancacam” deyib meydan oxuyan, Bakını totalitar dövlətlərin təqib olunan demokratlarının sığnacağına çevirən, dünyanı idarə edən qüdrətli neft şirkətlərinə “Xəzər nefti Azərbaycan insanına məxsusdur” deyib, neft müqavilələri şərtlərini Azərbaycan xalqının maraqlarına uyğun şərtlərlə diqtə edən, hətta bu məsələdə canından çox, Azərbaycan qədər istədiyi Türkiyəyə belə güzəştə getməyən Elçibəy haqqında – “AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi” – kimi fikirlər səsləndirdi.
Yuxarıda adı çəkilən çıxışında 1993-cü il 4 iyun hərbi qiyamından sonra yaranmış siyasi böhran vəziyyətində ölkəsini yox, paytaxtı, iqamətgahı tərk edən, doğma kəndinə gedərək orada prezidentlik müddəti başa çatana qədər legitim hakimiyyət bayrağını qaldırıb saxlayan, bununla da Azərbaycanın 80-90-cı illər milli azadlıq və demokratik inqilabın ideallarından, 92-ci ilin 4 iyun prezident seçkilərində xalqın səs verdiyi müstəqillik, demokratiya kursundan tam çıxarılmasına yol verməyən, belə cəhdlərin qarşısında ən ciddi maneə, qarant kimi çıxış edən Elçibəyi “Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir” deməklə fərari, satqın, xəyanətkar sırasına qoydu. [Bu fikrin məntiqindən belə görünür ki, bütün rəhbərlər deyərkən, İlham Əliyev M.Ə.Rəsulzadəni, Ayaz Mütəllibovu və Ə.Elçibəyi nəzərdə tutur.(?) Çünki əgər Moskvaya qaçan iki nəfərdən biri olaraq Ə.Vəzirov nəzərdə tutulsaydı,o halda “Heydər Əliyevə qədərki bütün rəhbərlər” ifadəsi Heydər Əliyevə qədər Azərbaycana rəhbərlik etmiş N.Nərimanov, S.M.Kirov, M.C.Bağırov, İ.D.Mustaveyev, V.Axundov və K.Bağırova, habelə Fətəli Xan Xoyski və Əlimərdan Bəy Topçubaşova və digərlərinə də aid edilmiş olur ki, burda da uyğunsuzluq yaranır. Məsələn, axırıncı ikisi Moskvaya getməmişlər. Ümumiyyətlə, Heydər Əliyevə qədərki bütün rəhbərlərə fərari, satqın, xəyanətkarlardır demək, dövlət tərbiyə və etikasından kənar bir məsələdir. Lakin bu başqa bir mövzudur.- P.H.].
Yenə həmin çıxışında İlham Əliyev daha irəli gedərək prezident kimi Elçibəyə tənqidi yanaşan, dövlət idarəçiliyi praktikasını qəbul etməyənlərin, hətta düşmənlərinin belə təmiz adam kimi dəyərləndirdiyi, təmizliyini şübhə altına almadığı, Azərbaycanı cəmi yeddi yüz min dollarlıq valyuta ehtiyatı ilə təhvil alıb, xəzinəni yüz milyonlarla dollar valyuta, tonlarla ölçülən qızıl ehtiyatı ilə qoyub, bir Prezident Bayrağını götürüb Kələkiyə gedən Elçibəyi, “Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cəvahirat fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cəvahirat fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb” deyərək xalq, dövlət malını talamaqda ittiham etdi. Bütün digər fikir və mülahizələri, dəyərləndirmələri, söyləmləri “həqiqətə uyğun deyildir”, “qərəzlidir”, “yalandır”, “böhtandır”, “şər-şəbədədir”, “qaralama, ləkələmə, cəfəngiyyatdır”, “kirli, çirkli siyasi savaş taktikasıdır” deyib keçmək olar, hərçənd ki, bunların hər biri məntiq, dəlil, sübut, faktla təkzib edilə bilər, edilməlidir, edilir və ediləcəkdir. Lakin Elçibəyi dövlətin xəzinəsini, xalq malını talamaqda ittiham etmək bütün hədləri keçməkdir, günaha batmaqdır və mən qəti əminəm ki, ilahi ədalət İlham Əliyevə Elçibəy haqqında həqiqətə uyğun olmayan, dediyi digər şeyləri bəlkə də bağışladı, lakin bunu bağışlamayacaqdır…
…Bu gün Elçibəy cismən həyatda yoxdur. Elçibəyin özünün böyük mənada müdafiəyə də ehtiyacı yoxdur. Mənim müdafiəmə heç ehtiyacı yoxdur.
Ustad Bəxtiyar Vahabzadə kimin haqqında yazıb və bundan sonra yazacaq ki:

Bizimlə bərabər bir Böyük yaşar,
Nöqsan axtarırıq ancaq biz onda.
Elə ki, itirdik haqq aşıb daşar,
Dönər böyüklüyə nöqsan bir anda.

O, öz ürəyini millətə verdi,
Köksündə bu xalqın qəlbi döyündü,
Onun millət dərdi məmləkət dərdi
Göyərib cismində xərçəngə döndü.

Endi mələk kimi göylərdən yerə,
Dünyadan şərəflə köçdü Elçibəy.
O qəbrə köçmədi, sığmazdı qəbrə,
Millətin ömrünə köçdü Elçibəy!

 

Dahi Ramiz Rövşən kimin haqqında yazıb və bundan sonra yazacaq ki:

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: “Sağ olun, qan qardaşlarım,
Məni təzə daşa kim qonaq eylər?!”

Hər daş özü boyda köz olub yanar,
Cana damğa kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan-başa çilçıraq eylər.

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Bilirsən Tanrı da öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.

Sən dözərsən ağrısına,
Daş dözməz, daş haray eylər.
O daşlardan tanrı sənə,
Bir ev tikib saray eylər.

 

Ya türk ruhunun şamanı böyük Rüstəm Behrudi kimin haqqında deyib, ya deyəcək ki:

Bu qəribə adamdı

Oxşarı yox heç kimə;
əli, saçı, gözləri,
dil açıb danışanda
dilində çiçək açan
dəli-dəli sözləri-
nə qəribə adamdı.

Nə qəribə adamdı
deyirəm, yer fırlanır.
Pıçıldayır astadan:
yurd yerində binəmiz
yox olub çadır-çadır.
Yəqin mənim göz yaşım
axıb yeri fırladır.

Nə qəribə adamdı
deyirəm, külək əsir,
yaxın dur bu ocağa,
gəl qoruyaq bu odu.
Pıçıldayır astadan:
bu əsən külək deyil,
yurd boyunca dolaşan
Xətainin ruhudu.

Bu adam nə qəribə,
nə qəribə adamdı.
Nə qəribə adamdı;
dərdinə bax, ay Allah,
niyə, niyə babası
Astiyaq min il əvvəl
vaxtında öldürməyib
xəyanətkar Harpağı?
Dərdinə bax, ay Allah,
hansı uzaq dağdasa
susuzluqdan saralıb
cır armudun yarpağı…
Nə qəribə adamdı
dərdinə bax, ay Allah!

Nə qəribə adamdı,
dedim, – sənin bəd günün,
dedi, – o gün ki, özüm,
özümə tələ quran
– gülsüz qoyan gülüstan,
Sivas, Şuşa, Çaldıran;-
birmi, üçmü, ya beşmi?
Dedim: – qardaş, neyləyək,
bizimki bunsuz keçmir.
Dedim: – sənin oxşarın:
– bir ləçəkdim nə vaxtsa
solmayan bir çiçəkdə.
Dedim: – ən gözəl günün?
Dedi ki, gələcəkdə.

Bu adam nə qəribə,
nə qəribə adamdı.
Dedim: – arzun, istəyin?!
Bir ah çəkdi dərindən:
– təzə-təzə doğulan
qurd ağızlı körpələr
görən nə vaxt bu yurdu
tanrı kimi görk elər?!
Bu adam nə qəribə,
nə qəribə adamdı!

Nə qəribə adamdı-
bu adamın sevinci,
bu adamın dərdi də
tamam özgə biçimdə.
Bu qəribə adamdı
mənə elə gəlir ki,
bu adam ölən günü
özü qazıb qəbrini
basdıracaq özünü
ürəyinin içində

 

…Hansı yalan, böhtan, qaralamalar, şər-şəbədələr Elçibəyə yapışıb ki, İlham Əliyevin dilindən söylənənlər də yapışsın! Elçibəyin müdafiəyə ehtiyacı yoxdur. Ancaq bizim, Azərbaycan insanının, içində olduğumuz problemləri həll edə bilmək üçün, bu problemlərdən çıxa bilmək üçün, bəlalardan qurtulmaq üçün, çaşmamaq üçün, sapmamaq üçün, İlham Əliyevin bunları gənclik bilməlidir dediyi üçün – faktlar, məsələlər, şeylər, nəsnələr haqqında həqiqətləri bilməyə həyati ehtiyacımız vardır. Gənclik “bunları” yox, həqiqətləri bilməlidir! Bu həqiqətləri ortaya qoymaq, insanlarımıza, gəncliyimizə çatdırmaq isə bizim borcumuzdur.

 

LƏL-CƏVAHİRAT FONDU VƏ ONUN TALEYİ HAQQINDA:

Azərbaycan Respublikasının müstəqilliyinin mühüm sahəsi və qarantı kimi Azərbaycan Respublikasının öz qızıl ehtiyatını və almaz fondunu yaratmaq məqsədilə “AR Milli Ləl-Cəvahirat fondu”nun yaradılması və reallaşdırılması Elçibəy hakimiyyətinin Qarabağın 40 faizinin düşməndən azad edilməsi, rus qoşunlarının Azərbaycandan çıxarılması, milli valyutanın postsovet dövründə ilk olaraq dövriyyəyə buraxılması, ali məktəblərə qəbulda test imtahan üsulunun tətbiqi kimi uğurları sırasına daxildir. Bu, o qədər aydın məsələdir ki, İlham Əliyev BDU-dakı çıxışında “AXC dövründə Ləl-Cəvahirat fondu talanmışdır” deyəndən sonra siyasi opponentlərimizdən biri, “bu cür sizin cavablarınız olan, sizin reytinqinizə işləyən məsələləri Prezidentə təxribat məqsədi ilə ötütürlər ki, onu nüfuzdan salsınlar” dedi. Sübut kimi 2000-2003- cü illərdə söküldüyü milyonlarla Bakı sakinininə məlum olan tramvay xətlərinin guya 1992-1993-cü illərdə Pənah Hüseyn tərəfindən sökülüb mis kimi İrana satılması barədə prezidentin nitqində yer alan absurd gətirilir. Həqiqətən Milli Ləl-Cəvahirat Fondu prezidentin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanı ilə yaradılmış, Fondda 11 ay ərzində qiyməti indiki qiymətlərlə yüzmilyonlarla dollar dəyərində bir neçə ton qızıl, digər qiymətli metal, məmulat, almaz və digər qiymətli daş-qaş və bunlardan ibarət antikvariat toplanmış, 04 iyun 1993-cü il hadisələri nəticəsində hakimiyyət dəyişdikdən sonra Fondun bütün əmlakı və orda toplanmış ehtiyatlar axırıncı qramına və ədədinə qədər Prezident Elçibəyin Fonda təyin etdiyi sədr İsfəndiyar İskəndərov tərəfindən təhvil-təslim edilmiş, yoxlama-təftiş zamanı hər hansı çatışmamazlıq və mənimsəmə, itmə halları aşkarlanmamış, Fondla, onun fəaliyyəti ilə bağlı nə fakt, nə konkret şəxslərin ittihamlandırılması qaydasında məsuliyyət irəli sürülməmişdir. 1993-cü ildən sonra da Ləl-Cəvahirat fonduna qızıl və s. qiymətli metal,daş-qaşın toplanmasının davam etməsi barədə KİV-də müntəzəm məlumatlar getmişdir. Lakin bu günə qədər məlum olmayan səbəblər üzündən 1998-ci ilin 20 avqustunda Ləl-Cəvahirat Fondunun ləğvi haqqında Prezident Heydər Əliyevin 759 N-li fərmanı çıxmışdır. Aşağıda həmin fərman verilir.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Ölkə iqtisadiyyatının idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu ləğv edilsin.
2. Fondun tərkibində olan Dövlət Əyyar Palatası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Milli Ləl-Cəvahirat Fondunun balansında olan əmlakın səmərəli istifadə olunması istiqamətlərini müəyyənləşdirsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondunun yaradılması haqqında» 1992-ci il 16 iyul tarixli 50 nömrəli və «Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu haqqında əsasnamənin təsdiq edilməsi barədə» 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli fərmanları qüvvədən düşmüş hesab edilsin.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 20 avqust 1998-ci il
№ 759

 

Fərmanın mətnindən göründüyü kimi Nazirlər Kabinetinə Prezidentlə razılaşdırmaqla Milli Ləl-Cəvahirat Fondunun balansında olan əmlakın səmərəli istifadə olunması məqsədlərinin müəyyənləşdirilməsi tapşırılmışdır. 1998-ci ildə o vaxt iqtisadi məsələlər üzrə dövlət müşaviri vəzifəsində işləyən V.Axundov müxbirlərin Fondda toplanmış əmlak və Elçibəy dövründə stabilləşdirmə fondundakı150 milyon ABŞ dolları həcmində vəsaitin taleyi barədə verilən suala cavabı belə olmuşdu ki, pul xərclənmək üçün toplanır. Buna baxmayaraq, hesab edilirdi ki, Ləl-Cəvahirat Fondu ləğv olunsa da, orda toplanmış sərvət Milli Bankın, yaxud Maliyyə Nazirliyinin balansında, saxlanclarda qorunur. Lakin 2010-cu il sentyabrın 29-da maliyyə naziri S.Şərifovun Milli Məclisin plenar iclasında Azərbaycanın cəmi, özü də yerli qızıl mədənlərində hasil edilmiş 99,5 kq-dan ibarət qızıl ehtiyatı olması barədə məlumatı sensasiya oldu. Belə çıxırdı ki, 1992-1993-cü illərdə Milli Ləl-Cəvahirat Fondunda toplanmış yüz milyonlarla dollar dəyəri olan 2 ton qızıl, daş-qaş, məmulat, antikvariat yoxa çıxıb. Mən Milli Məclisin 30 sentyabr tarixli plenar iclasında “Müsavat deputat qrupu” adından Nazirlər Kabinetinə rəsmi sorğu verdim. Bütövlükdə o dövrdəki iqtidara və müvafiq dövlət qurumlarına hər hansı ittihamın irəli sürülmədiyi həmin sorğu Milli Məclisin YAP çoxluğu və rəhbərlik tərəfindən izah olunmayan aqressiv reaksiyasına səbəb oldu. Aşağıda Milli Məclisin həmin iclasının rəsmi protokolundan bu məsələyə dair çıxarışları verirəm.

 

ÜÇÜNCÜ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN XVI SESSİYASI İCLASININ PROTOKOLU № 147

Milli Məclisin iclas salonu.
30 sentyabr 2010-cu il. Saat 12.
Milli Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir

P.Hüseyn. …Müsavat deputat qrupunun bu iclasda bəyan olunması qərara alınmış sorğusu vardır. Dünən hörmətli Maliyyə naziri elan etdi ki, Azərbaycanda dövlət qızıl ehtiyatları yaradılır və hazırda 99 kiloqram qızıl toplanmışdır. Nəzərinizə çatdırıram ki, 1992-ci ilin iyul ayının 16-da dövlət qızıl ehtiyatlarının yaradılmasını nəzərdə tutan Ləl-Cəvahirat Fondu haqqında Prezident fərmanı verilmişdir. 1993-cü ildə, bizim hakimiyyət dövründə orada bundan onlarca artıq miqdarda, – mən dəqiq rəqəmi dövlət sirri olduğu üçün səsləndirmirəm, – qızıl, antikvariat, daş-qaş toplanmışdı. Ona görə də biz dövlətə məxsus olan bu ehtiyatın taleyinin necə olduğunun, bunun hara getdiyinin, kim tərəfindən sərf edildiyinin xalqa elan olunmasını xahiş edirik.

Ə.Əhmədov. …Burada bayaq bir fikir səsləndirildi, mən ona münasibətimi bildirmək istəyirəm. Yəqin ki, burada oturanların hər biri və Azərbaycan xalqı da çox gözəl xatırlayır ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın rəsmi nümayəndələri dəfələrlə əvvəlki hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin xəzinəsinin tamamilə boş qaldığını qeyd etmişdilər. O zaman əvvəlki hakimiyyəti təmsil edənlər bu sözləri eşidəndə nədənsə səslərini çıxarmırdılar. Üstündən on yeddi il keçəndən sonra yoxlama tələb edirlər. Mən də bunun…

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Pənah Hüseyn, köhnə ampluandasan. Sən danışanda sənə mane olmadılar. Yerindən danışırsan, replika atırsan. Belə olmaz da… Siyavuş Novruzov.

S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də bütün təbriklərə qoşuluram və Əli müəllimin nöqtə qoyduğu yerdən davam etmək istəyirəm. Tamamilə doğru deyir. 1993-cü ildə Azərbaycanın büdcəsinə, Ləl-Cəvahirat Fonduna, zavodlarına, fabriklərinə süpürgə çəkdiniz. Nə vardısa, hamısı yükləndi, İrana satıldı, dağıdıldı, talan olundu. Bəli, gözəl bir komissiya yaradaq, araşdırsın ki, o Ləl-Cəvahirat Fondunu kim aparıb, kim oğurlayıb. Mən hesab edirəm ki, burada oturanlardan bir neçəsi bununla bağlı cinayət məsuliyyətinə cəlb oluna bilər. Baş Nazir olaraq bu işə kim rəhbərlik edirdi və sair və ilaxir. Ortada çox detallar var, cinayət məsuliyyətinin müddəti qurtarmayıb. Hesab edirdiniz ki, on yeddi ildən sonra hər şey bağlanıb? Yox, ondan sonra da cinayət məsuliyyətinə cəlb edilmək olar. Bu gün Azərbaycan dövlət büdcəsinin vəziyyəti, büdcədən camaat, insanlar üçün istifadə olunması, sosial obyektlərin tikintisi və sair göz qabağındadır. Bu cür quruculuq, abadlıq işlərinin içərisində belə bir məsələnin ortaya atılması və danışılması, hesab edirəm ki, tamamilə yerində olmayan bir məsələdir.

…Sədrlik edən. (Ziyafət Əsgərov-P. H.) Deyirsiniz ki, Ləl-Cəvahirat Fondunda filan qədər qızıl qoymuşdum. Baş Nazir, dövlət katibi işləmisiniz. Gətirin, qoyun ortaya, deyin ki, Ziyafət Əsgərov, bu qədər qızıl vardı, hanı? Görürsünüz, ümumi danışırsınız. Ümumi danışmayın. Ümumi, lağlağı söhbəti özünüz eləyirsiniz, sonra başqalarını səviyyəsizlikdə günahlandırırsınız. Mən sənədlərlə başlasam ki, o ləl-cəvahirat hara gedib, deyəcəksiniz ki, seşkiqabağı Ziyafət müəllim Pənah Hüseynə qarşı “qara piar” aparır. Hər halda bu komissiyanın yaradılması yaxşı təklifdir, çox yaxşı ideyadır. Mən təklif edirəm ki, o komissiya yaradılsın. O komissiya yaransa, Sizin vəziyyətiniz yaxşı olmayacaq, çünki bu işin başında şəxsən Siz, Pənah Hüseyn durmusunuz. Ona görə də danışanda konkret faktlarla danışın.

P.Hüseyn. …Burada doğru olmayan, haqsız, gülünc, mənasız ittihamlara gərək yoxdur. Heç olmasa, burada bizi hörmətli Siyavuş müəllim ittiham eləsin.
Mən tonlarla deyirəm, o vaxtın qiyməti ilə on milyonlarla, indinin qiyməti ilə isə yüz milyonlarla dollar həcmində vəsait vardı orada. Mən tanıyıram, bəzi deputatlar arvadının nişan üzüyünü aparıb ora veriblər. Ora nişan üzükləri, boyundan çıxarılan boyunbağılar təqdim olunub. Balakəndən bir Azərbaycan vətəndaşı ora 65 kiloqram yüksək əyarlı qızıl təqdim eləmişdi. Təkcə bir boyunbağının qiyməti bir neçə milyon dollar idi, xüsusi sifarişlə hazırlanmışdı. Hanı onlar? Biz niyə bunu tələb eləmirik? Mən bunu niyə görə tələb elədim? Dünən Maliyyə nazirinin ağzından eşitdim və ona görə bu gün bu fikri səsləndirdim. Hesab edirəm ki, bu, mütləq bilinməlidir…

Bizim təkidli tələblərimizə baxmayaraq, 1998-ci ildə ləğv edilmiş Milli Ləl-Cəvahirat Fondunun əmlakı barədə sorğuya cavab verilmədi və bu gün də cavab yoxdur.
Beləliklə, Ləl-Cəvahirat Fondunun taleyi məlum olsa da (1998-ci ildə ləğv edilib) orada 1992-1993-cü və sonrakı illərdə toplanmış xəzinənin, Elçibəy Ləl-Cəvahiratının taleyi qaranlıq olaraq qalır. Əvvəl-axır əlbəttə ki, bu məsələyə də aydınlıq gətirələcəkdir. Lakin aydın olan vardır! Elçibəydən bizə miras qalan həqiqi Ləl-Cəvahirat onun İstiqlal, Hürriyət, Bütövlük strategiyasıdır. Elçibəydən bizə miras qalan qiymətsiz xəzinə onun milli-ideoloji sistemi, ideya-nəzəri təlimi Elçibəyçilikdir – Rəsulzadə-Elçibəy yoludur. Bu strategiya Azərbaycanı azad edəcək, bu yol Azərbaycanı müasir siyasi mədəniyyətlər səviyyəsinə çıxaracaqdır!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button